Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

2020-12-14 00:00:00
3796 baxış

Digər xəbərlər

Sülhə maneə əsassız iddialardır

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Məhz bu səbəblərdən antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdu. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibədə bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir. Paşinyan Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Rəsmi Bakını gələcəkdə təhdid yarada biləcək amillər narahat edir. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Qısa xatırlatma edim ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur. Yola saldığımız həftə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha vurğuladı ki, yalnız əsassız iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Rəsmi İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır.  Ermənistan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə,  Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, iqtisadiyyatının inkişafı üçün regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.  Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Antimilli şura satqın missiyasını müharibə dövründə də icra edib

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır". Milli.Az

Hamısını oxu
Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə görüşüb

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.      

Hamısını oxu
Prezidentin köməkçisi cəbhəboyu zonada olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Hamısını oxu