Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ZƏFƏR PARADI SAYƏSİNDƏ VƏTƏNİMİZLƏ YENİ QÜRUR HİSSİ DUYURUQ

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3 mindən çox hərbçinin və 150-yə yaxın hərbi texnikanın, o cümlədən ən müasir raket qurğuları və hava hücumundan müdafiə (HHM) sistemlərinin iştirakı ilə keçirilən Zəfər paradında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) sədri general-polkovnik Tofiq Ağahüseynov ilə müsahibə xüsusən önəmli oldu – hiss olunurdu ki, qocaman veteran doğma vətən uğrunda aparılan döyüşlərdə, bu Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər olmasından dolayı böyük qürur və sevinc hissi keçirir. Biz də öz növbəmizdə 23 medal və 8 orden, o cümlədən 3 “Qırmızı ulduz” ordeni, Çexoslovakiyanın “Qırmızı ulduz” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentin Diplomu ilə təltif olunmuş bu əfsanəvi generala ilk sual ilə müraciət edərək, İkinci Qarabağ müharibəsində əldə olunan zəfər fonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sisteminin oynadığı rolu Azərbaycan Respublikasının yenicə formalaşdığı müəyyən tarixi zaman kəsiyində Zaqafqaziya Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə rəhbərlik etmiş komandir kimi şərh etməyi xahiş etdik.   - Hava hücumundan etibarlı müdafiə sisteminin yaradılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin rəhbərliyinə tapşırılan birinci dərəcəli məsələ olmuşdur və bu fakt hərbi mütəxəssislərə çoxdan bəlli idi. Ölkənin lideri tərəfindən silahlı qüvvələrin inkişafı üçün düzgün seçilmiş strategiyanın müvəffəqiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə təsdiqləndi. Bu gün ölkənin hava hücumundan müdafiə sistemi həm dinc həyatda, həm də döyüş əməliyyatları zamanı ən ciddi tapşırıqları yerinə yetirməyə qadir olan ən müasir texnologiyaya malikdir ki, bu da son müharibə zamanı Qarabağda aparılan hərbi əməliyyatlar fonunda aydın görünürdü.   Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı raketlərini zərərsizləşdirən Azərbaycanın hava hücumundan müdafiə sistemi faktiki olaraq regional miqyaslı fəlakətin qarşısını aldı. Azərbaycan Respublikası Energetika Nazirliyinin 11 oktyabr tarixli rəsmi bəyanatında deyildiyi kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin Ermənistan tərəfinin atdığı raketləri zərərsizləşdirməsi sayəsində regional fəlakətin qarşısı alındı. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES, eləcə də Mingəçevir Su Elektrik Stansiyası (SES) normal rejimdə fəaliyyətini davam etdirir”.   Öz növbəmdə, mən də ölkəmizin hava məkanını ən yüksək səviyyədə qorumağa qadir olan hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmuş müdrik liderimiz, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və rəğbətimi bildirirəm.   Mən həmçinin qardaş Türkiyə xalqına və Azərbaycana səfərləri zamanı görüşmək şərəfinə nail olduğum Türkiyə Cümhuriyyətinin lideri cənab Rəcəb Tayyib Ərdoğana şəxsən minnətdaram. Azərbaycan ərazilərinin bütövlüyü uğrunda apardığımız ədalətli mübarizədə Türkiyə Cümhuriyyəti ilk gündən həqiqi dost və qardaş kimi davranaraq həm cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına dəstək olmuşdur və bunu unutmaq olmaz. - Tofiq müəllim, Bakıda keçirilən Zəfər paradına hazırlıq günlərində ölkənin hər yerində qeyri-adi atmosfer hökm sürürdü və öz ordusu ilə qurur hissi keçirən bütün Azərbaycan xalqı Qarabağı erməni qəsbkarlarının işğalından azad etmək üçün vətənpərvərlik ruhu nümayiş etdirərək, vahid bir toplum kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında toplaşıb bu parada hazırlaşırdı. Parad iştirakçılarının qarşısında çıxış edən Prezident İlham Əliyevin də dediyi kimi, 10 dekabr bütün Azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi.     - Bəli, başqa cür ola da bilməzdi, çünki bu, vətənimizin azadlığı uğrunda apardığımız müharibədə əldə olunan zəfərin paradıdır! Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı qələbəyə müstəsna töhfə vermiş müdafiə nazirliyinin xüsusi təyinatlı qüvvələrinin çıxışı ilə başladı. Daha sonra Azadlıq meydanından mətin addımlarla dəniz piyadaları, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri, habelə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri, eləcə də bütün korpusların zabit və kursantları, o cümlədən xüsusi təhsil müəssisələrinin təmsilçiləri keçdilər. Düşünürəm ki, bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada canlı yayım zamanı izləyən insanlar üçün bir ömür boyu unudulmayan qürur və sevinc anları olacaq. Mən Azərbaycan ordusunun əsgərləri ilə fəxr edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olanların doğma və yaxınlarına isə dərin hüznlə başsağlığı verirəm. Zənnimcə, onlar da bu müharibənin müzəffərləri sırasındadırlar.     Mən hələ Stalinin sağ olduğu dövrdə, F. Dzerjinski adına akademiyanın tələbəsi olarkən, 1952-ci ildə Qırmızı meydanda keçirilmiş paradda marşçı kimi iştirak etmişəm. Növbəti iştirakım isə faşist Almaniyası üzərində qələbənin 50-ci ildönümünə həsr olunmuş parada təsadüf edir və öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bunlar xüsusən gənclər üçün unudulmaz anlardır.   Mən bu fikirlə də razıyam ki, paradlar gənclərin tərbiyəsində vacib və əhəmiyyətli rol oynayır. Paradlarda iştirak etmək vətənpərvərlik ruhunu artırır və parad sayəsində insan öz ölkəsi, vətəni ilə yeni qürur hissi duyur. Bu isə Azərbaycanın gənc nəslinə hər zaman olduğundan daha çox vacibdir.     - Geridə qoyduğumuz onilliklərin sırasında ən çətin illərdən biri sayılan və artıq yekunlaşmaq üzrə olan 2020-ci il ilk növbədə tariximizin yaddaşında Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qələbəsi ilə qalacaq. Siz hərbi əməliyyatların sona çatdığı elan olunan günü necə qarşıladınız? Həm gün nə düşündüyünüzü bizimlə bölüşə bilərsinizmi? Öz döyüş və ümumilikdə hərbi bioqrafiyanızdan nəyi xatırladınız?   - Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Ermənistanda dərin kök salmış faşizm üzərində qələbədir. Bütün Azərbaycan xalqı bu saatı gözləyirdi və mən fəxr edirəm ki, hörmətli Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bu problemi 44 gün ərzində həll edərək, müzəffər ordu kimi tarixə düşdü. Ordumuzun 44 gün ərzində əldə etdiyi qələbə hər bir dövlət üçün örnəkdir. Bu, yeni silah növlərindən istifadə etməklə aparılan ilk müharibədir və şübhəsiz ki, hərbi elm tarixinə düşəcək.   Mən Ali Baş Komandanımız Prezident İlham Əliyevlə fəxr edirəm, çünki o, bütün döyüş əməliyyatları əsnasında savadlı və müstəqil dövlət siyasəti yürütməyə qadir olan lider olduğunu hamıya nümayiş etdirdi. Onun demək olar ki, hər gün televiziya vasitəsi ilə çıxış etməsi bu müharibədə vahid cəbhə kimi birləşən Azərbaycan xalqını işğalçılara qarşı mübarizəyə daha da ruhlandırırdı.   Əlbəttə, 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olduğum gənclik illəri də yadıma düşdü. Həmin dövrdə Azərbaycan faşist Almaniyası üzərində qələbəyə bir çox cəhətdən həlledici və layiqli töhfə vermişdi və həmin zəfərə aparan yolda yaşanan çətinlik və itkilərin xatirəsi aradan 75 il keçsə də unudulmur.   - Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Azərbaycan ordusunun rəhbərliyi tərəfindən seçilmiş döyüş taktikası barədə təcrübəli hərbçi kimi nə deyə bilərsiniz?    - Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin epiloquna çevrildi. Əvvəlcədən vurğulamaq istəyirəm ki, bu, Ali Baş Komandan tərəfindən düzgün planlaşdırılmış xüsusi əməliyyat idi və döyüşlərin aparıldığı ən çətin dağlıq ərazisində əsgərlərimizin bu planı uğurla həyata keçirməsinə məhz bu əməliyyatın düzgün planlaşdırılması kömək etdi. Şuşanın azad edilməsi tarixə yalnız təlim keçmiş və yaxşı silahlanmış bir ordunun həyata keçirə biləcəyi parlaq əməliyyatlardan biri kimi düşəcək. Bu əməliyyatı həyata keçirmək o qədər çətin bir tapşırıq idi ki, indi bir çox ölkənin hərbi komandanlığı Azərbaycan silahlı qüvvələrinin bu xüsusi əməliyyatını yüksək səviyyəli hərbi əməliyyatların nümunəsi kimi araşdırır.   - Artıq uzun müddətdir ki, Azərbaycan “COVID-19” pandemiyası səbəbindən sərt karantin rejimində yaşayır və indi gündəmə hərbi əməliyyatla da əlavə olundu. Sözsüz ki, bütün bunlar bir çox dövlət qurumunun işinə təsir edib. Bəs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu ili necə keçirdi?   - Karantin rejimi və komendant saatının tətbiq edilməsi kimi çətin şəraitdə çalışmağımıza baxmayaraq, təşkilatımız bu ilin əvvəlində İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü münasibəti ilə bir sıra tədbirlər keçirib. Bildiyiniz kimi, bu yubiley həm Rusiya Federasiyasında, həm də MDB ölkələri və Avropada xüsusi təntənə ilə qeyd olundu. Hətta bu ilin sentyabr ayında mən Rusiyanın “Qələbə varisləri” Veteranlar Cəmiyyətinin keçirdiyi “Ümumi zəfərimiz” adlı beynəlxalq video-konfransda da iştirak etdim. Video-konfransda çıxım edərkən, mən İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq və bu qələbənin əldə olunmasında Sovet İttifaqının rolunu azaltmaq cəhdlərinə qarşı çıxan Azərbaycan veteranlarının mövqeyini bölüşdüm, həmin müharibədə Azərbaycanın verdiyi töhfəni xüsusi olaraq qeyd etdim. Mən həmçinin bildirdim ki, Ermənistanın timsalında faşizmi  qəhrəmanlıq kimi qələmə vermək yolverilməz haldir.  Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli “Həzi Aslanovun 110 illik yubileyinin qeyd edilməsi haqqında” Fərmanının icrası ilə bağlı Tədbirlər planı çərçivəsində təşkilatımız yubiley proqramı çərçivəsində keçirilən bütün vətənpərvərlik tədbirlərində gənclər, müharibə veteranları və müdafiə nazirliyinin əməkdaşları, gənclər və idman nazirliyinin nümayəndələri, Bakı qarnizonunun hərbi hissələri, xüsusi təhsil müəssisələri, veteranlar təşkilatları, qəhrəmanın adını daşıyan qurumlar və Həzi Aslanovun ailə  üzvləri ilə birlikdə iştirak etdi. Qeyd etmək istərdim ki, biz veteranlara, o cümlədən respublikamızın bölgələrində yaşayan veteranlara ərzaq yardımını ehtiva edən dəstək aksiyası keçirdik. Həmçinin, döyüş əməliyyatlarının başlanğıcından bəri təşkilatımızın bütün üzvləri mənim təşəbbüsümü dəstəkləyərək öz maaşlarından müəyyən məbləği Azərbaycan Ordusuna Yardım Fonduna köçürdülər. Bu il koronavirus pandemiyası və müharibə şəraitində keçdiyi üçün veteranlarla işləyən və bilavasitə veteranların da çalışdığı təşkilatımızın fəaliyyəti xüsusi səylərin və əlavə tədbirlərin görülməsini tələb edirdi və ümumilikdə, kollektivimiz öz vəzifəsinin öhdəsindən gələ bilmişdir. Yəqin ki, bəzi elektron mənbələrin səhifələrində təşkilatımızla bağlı neqativ məlumatları əks etdirən məqalələrin dərc olunmasın da aydınlıq gətirməliyik.   Çox güman ki, bu, təşkilatda maliyyə işlərinin (əvvəllər aparılmayan) auditinə başlanılmasının nəticəsidir. Təəssüf ki, bu məqsədlə dəvət olunmuş audit şirkəti həm bu yaxınlarda, həm də əvvəllər bir sıra maliyyə pozuntusuna yol verildiyini aşkar edib. Sözsüz ki, təqdimolunma tərzi və faktlar baxımından bu məlumat bir çox suallar doğurur. Ola bilsin ki, bəziləri bu auditin aparılmasından qətiyyən razı deyil, çünki, işdən öz arzusu ilə azad olunmaq barədə ərizə yazaraq təşkilatdan təcili surətdə ayrılmaq istəyənlər oldu. Bəzilərini isə biz özümüz komissiyanın qərarı əsasında əmrlə təşkilatdan kənarlaşdırdıq. Bir sözlə, bildiyiniz kimi, belə hallarda böhtan atmağa hazır olan “narazı” insanlar tez tapılır. Lakin bu anonim müqavimətə baxmayaraq, başlanılan audit yoxlaması məntiqi nəticə ilə başa çatdırılacaq. Bu audit qanuni əsaslarla aparılır və əgər pozuntular müəyyən olunarsa, təqsiri olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Ümid edirəm ki, yuxarıda qeyd olunan məlumatın cəmiyyətimizdə bu kimi böhtanlarla seçilməyi sevən elektron mənbələrin səhifələrində görünməsinin səbəblərini müəyyən qədər aydınlaşdıra bildim. Ola bilsin ki, bu böhtan xarakterli məlumatların dərc edilməsinin səbəbini qanun çərçivəsində və vəkillərin köməyi ilə araşdırmaq üçün məhkəmə instansiyalarına müraciət etməli olacağıq.   - Söhbətimiz üçün vaxt ayırdığınıza görə sizə minnətdaram. Sizə bu ili uğurla başa vurmağı və təşkilat qarşısında qoyulan bütün tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlməyi diləyirik.   Müsahibəni apardı: Larisa Cavanşir 

2020-12-14 00:00:00
3756 baxış

Digər xəbərlər

lham Əliyev Azərbaycan xalqına müraciət edib.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciətin tam mətnini təqdim edir: “Əziz həmvətənlər.   Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin! Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir. Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır. Bu günlər ərzində - 27-si sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulubdur. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib və əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli, böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq. İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini xalqımın diqqətinə çatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan texnikası: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər və bu suallara biz cavab tapmalıyıq və tapacağıq. Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır! Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir. Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib. Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin! Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən, srağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlar keçirilibdir, strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun. Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq. “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən “Qarabağ Ermənistandır”. Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, “Qarabağ Ermənistandır”. Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən. Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir. Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”    

Hamısını oxu
Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın inzibati binasında "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və bir qrup 44 günlük Vətən müharibəsi qazisi ilə görüşüb.  Görüşdə 44 günlük Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Təşkilat sədri bildirib ki, məhz bu zəfər dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ciddi şəkildə artmasına, siyasi mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Təşkilat sədri 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyin zəruriliyinə toxunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli, bu qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində aktiv iştirak etməlidirlər. Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri də çıxış edərək onları düşündürən məsələlərə toxunub, hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər. Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Hamısını oxu