Digər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək. ““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub. Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.
Hamısını oxu
Azər Badamov: “Ermənilər buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar” Bu gün Beynəlxalq itkinlər günüdür. Məlumat üçün qeyd edək ki, Ermənistanın hərbi cinayətləri səbəbi ilə Birinci Qarabağ müharibəsi dönəmində 3890 nəfər soydaşımız itkin düşüb ki, bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayıb: “30 avqust Beynəlxalq itkilər günüdür. Bu günü 21 dekabr 2021-cı ildə BMT-nin Baş Məclisində təsis olunmuşdur. İtkilərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. I Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür və onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Təbii ki, bu, erməni cinayətlərinin davamıdır. I Qarabağ müharibəsi dövründə təpədən dırnağa qədər silahlanmış ermənilər Azərbaycanın yaşayış məntəqələrinə hücumlar etmiş, əli silahsız dinc insanları işgəncələrlə qətlə yetirmiş və əsir götürülərək girovluqda saxlamaqdadır. Əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz saxlamaqla qul kimi işlətmişdir. Təbii ki, bu, heç bir beynəlxalq konvensiyaya və hüquq normalarına uyğun gəlmir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri bu soyqırımlar bəşər tarixinin böyük faciəsi idi. Buna görə də ermənilər beynəlxalq məhkəmlərdə cavab verməli olacaqlar. Ermənilərdən fərqli olaraq, biz isə müharibəni mülki insanlara qarşı aparmadıq. Müharibəni müharibənin qanunlarına uyğun apardıq və bu gün də məhv etdiyimiz erməni leşlərinin ərazilərimizdə axtarılaraq geri aparılmasına şərait yaradırıq. Ermənilər isə bunun əksi olaraq törətdikləri cinayətləri ilə öyünüb fəxr edirdilər. Rəşadətli ordumuz bu günahsız qanların qisasını döyüş meydanında aldı. Amma hüquq müstəvisində cinayətkarlar cəzalanmalıdırlar. Necə ki, iki erməni cəlladını biz mühakimə elədik və cəzalandırdıq. Gələcəkdə azərbaycanlılara qarşı cinayətlərdə əli olmuş bütün ermənilərin araşdırılıb müəyyən olunaraq cəzalandırılması beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaqdır. Heç bir cinayəti cəzasız saxlamayacağıq. Sadəcə, hər şeyin öz vaxtı var və biz o zamanın yetişməsini gözləyirik”. Seymur ƏLİYEV
Hamısını oxu
Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır, etiramla anır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi... Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur. Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
16 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Petr Vaqnerlə görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. General-polkovnik Tofiq Ağahüseynov özünün də İkinci dünya müharibəsi veteranı olduğunu, hərbi xidməti dövründə 7 il Çexiyada işlədiyini bildirmiş və bu ölkə ilə, çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür. Görüş iştirakçılarını milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki iştirakından danışmış, diviziyanın zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir. Daha sonra Çexiya səfirinə hazırda həmin döyüşlərin iştirakçısı olmuş 8 nəfər azərbaycanlının həyatda olması, onların digər müharibə veteranları ilə bərabər hərtərəfli qayğı və diqqətlə əhatə edildikləri çatdırılmışdır. Səfir Petr Vaqner Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə ətraflı məlumatlata görə öz minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq, həmin qanlı döyüşlərin sağ qalan iştirakçıları ilə görüşə imkan yaradılmasını xahiş etmişdir. Bundan məmnun qalacaqlarını bildirən səfir həmçinin hər iki ölkənin veteran təşkilatları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.
Hamısını oxu