Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib. Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq. Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi. Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Milli.Az 
 
 

2020-12-28 00:00:00
3384 baxış

Digər xəbərlər

Sülh əleyhinə addımlar davam edir

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında görüş

27 aprel 2017-cı ildə RVT-nin inzibati binasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci Dünya Müharibəsi veteranları ilə görüşü keçirilmişdir. Görüşdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri və Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş, həmçinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Yaxın vaxtlarda tərəqqipərvər bəşəriyyət İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü qeyd edəcək. Belə bir ərəfədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci dünya müharibəsi veteranı ilə görüşə gəlməsi bizim üçün çox xoşdur. Respublika Veteranlar Təşkilatı yarandığı gündən öz işini Azərbaycanın dövlət orqanları, ictimai təşkilatları ilə sıx əlaqədə qurmuşdur. Bu baxımdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bizim əlaqələrimizin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyətin xüsusən 2 istiqaməti hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Bunlardan birincisi müharibə veteranları, əsasən İkinci Dünya Müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət istiqamətidir. İkincisi isə gənclərin, xüsusilə çağrış yaşında olan gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətidir. Sevindirici haldır ki, hər iki istiqamətdə müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim bizim fəaliyyətmizə dəstək olmuşdur. Bugünki görüşün baş tutması da qeyd olunanlara əyani sübutdur. Ancaq təbii ki, bu sahələrdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər, birgə keçirəcəyimiz tədbirlər çoxdur. İnanırıq ki, növbəti illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatı bu istiqamətlərdə qarşılıqlı fəaliyyət imkanlarından daha səmərəli istifadə edəcəklər. Bu böyük işdə hamınıza uğurlar arzulayıyıram. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü münasibətilə ilə veteranları təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzuladı. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu bir vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu gün Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünki görüşün başlıca məqsədinin də məhz bu olduğunu bildirdi. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov İkinci dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhvələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışdı. Sonda İkinci dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğuladı. İkinci dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya görə və general-leytenant cənab Arzu Rəhimovun onlarla görüşə gəldiyi üçün veteranlar adından təşəkkrlərini çatdırdı. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov vaxt tapıb veteranlarla görüşə gəldiyinə və onlara verilən bayram hədiyyələrinə görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimova bir daha veteranların və öz adımdan minnətdarlığını bildirdi.  

Hamısını oxu
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

24 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində növbəti tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmassıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışmışdır. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu gün 20 faizdən artıq ərazisi Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etmişdir. Tədbirdə həmçinin layihə çərçivəsidə hazırlanıb çap olunmuş, beş nəfər Qarabağ və Aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən “Torpağı Vətən edənlər” kitabçasının təqdimatı olmuşdur. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev (kitabça mətninin müəllifi),Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, fiologiya elmlər doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyboğlu, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd etmişlər. Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanılmış, veteranlar gənclərlə xatirə şəkli çəkdirmişlər.  

Hamısını oxu
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir

2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi və ordumuzu qorusun! Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri  

Hamısını oxu