Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
- Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilibdir. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilib. Yəni, yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib. Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək. İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi. Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq. Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub. Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır. O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı. Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik. İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi – ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu. Onsuz da biz bütün torpaqları azad edəcəkdik. Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir. Müharibədən sonrakı dövrə gəldikdə indi hər kəs görür ki, Azərbaycanda inkişaf gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik. Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb. Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər. Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır. Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı. Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam. XXX Şəhid Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva dedi: - Hörmətli cənab Prezidentimiz, mən Birinci Qarabağ müharibəsinin şəhid Milli Qəhrəmanı İlqar İsmayılovun 90 yaşlı anasıyam. Mən bütün şəhidləri öz övladım hesab edirəm. Ona görə də bütün şəhidlərin valideynləri adından, öz adımdan Sizə minnətdarlıq bildirmək istəyirəm ki, Siz Qarabağın azadlıq sevincini bizə yaşatdınız. Otuz il gözləsək də, o həsrətdən bizi qurtardınız. Bu, böyük fəxrdir. Şəhid ailələri də, şəhid valideynləri də bunun üçün Sizə minnətdardır. Şəhidlərin də ruhu şad oldu, torpaqda rahat uyudular. Onu da qeyd edim ki, Siz Şuşanın azad olunmasını elan edərkən, “Şuşa sən azadsan!” deyərkən elə bir azərbaycanlı tanımıram ki, onun gözündə sevinc yaşı olmasın. Bu, bizim fəxrimiz oldu. Qeyd etmək istəyirəm ki, Qubadlının iki polisi - İlqar İsmayılov, Əli Məmmədov bir çox kəndləri azad edə-edə Laçın dağlarının ən yüksək zirvəsi olan Qızartı yüksəkliyinə çıxıb Laçın dəhlizini bağlamaq tapşırığı almışdılar. O yüksəkliyə çıxanda onlar məşhur idmançı polislər idi. Çox ağır döyüşlə rastlaşıblar. Ermənilər əvvəlcədən oranı zəbt ediblərmiş. Onlar mühasirəyə düşüblər. Erməni başbilənləri onlara güllə atmayıb. “Onlar bizə diri lazımdır” deyəndə komandir olan İlqar deyib ki, uşaqlar soyuqqanlı olun. Bir atəşlə hamımız onları yerə sərməliyik. Sağ qalanların dediyinə görə, qumbara atmaqla, tüfənglə, avtomatla, bir çox silah-sursatla 48 erməninin meyitləri yerə sərilib. Axırda İlqar deyib ki, biz bunlara təslim olmamalıyıq. Bıçaqları çıxarın əlbəyaxa döyüşə keçək. Orada əlbəyaxa döyüş gedib, bu cəsur oğullar şəhid olublar. İndi Şuşa, Laçın azad olunandan sonra o dağlara baxıb deyirəm, orada bitən qırmızı lalələr, sizə qurban olum. Sizin rənginiz ona görə qırmızıdır ki, o igidlərin qanından su içmisiniz. İndi Prezidentimizin sayəsində, şəhidlərin qanı bahasına torpaqlarımız azaddır, Şuşa da, Laçın da bizimdir. Bizim şəhidlərin ruhu bir də ona görə şaddır ki, cənab Prezident, Siz şəhid ailələrinə böyük qayğı ilə yanaşırsınız, onların hər bir ehtiyacını çox həvəslə ödəyirsiniz. Bu gün bizi buraya dəvət edib ehtiyacı olan şəhid ailələrinə ev bağışlamaqla yenidən öz qayğınızı göstərirsiniz. Xalqımız bunu duyur, hiss edir ki, biz Prezidentimizin himayəsindəyik. Mən həmişə demişəm, heç kəs qorxmasın ki, gedib şəhid olaram, ailəm baxımsız qalar. Bizim Prezidentimiz hər bir şəhid ailəsinin qayğısına qalır. Sizə bütün şəhid ailələri adından, öz adımdan təşəkkür və minnətdarlıq edirəm ki, Siz bizi bu cür qayğı ilə əhatə edirsiniz. Allah Sizi qorusun, dövlətimizi, xalqımızı qorusun. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Sizinlə fəxr edirik. Allah Sizi həmişə qorusun. Sağ olun. XXX İkinci qrup Qarabağ müharibəsi əlili Rahim Babayev dedi: - Cənab Prezident, müzəffər xalqın Müzəffər Ali Baş Komandanı, Sizə Qarabağ qaziləri adından, şəhid ailələri adından böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Ona görə ki, Siz nəinki bizim Azərbaycan xalqına, bütün türk dünyasına bir hədiyyə etdiniz - Qarabağ hədiyyəsi! Vaxt uzandıqca son zamanlar insanlarda ümidsizlik yaranmışdı. Amma Siz bütün bu ümidsizliyə son qoydunuz. Dünyanın bir çox ölkələrində müharibələr olur, amma 44 günlük müharibə olmur. 44 gün ərzində belə bir nəticə heç bir yerdə, heç bir ölkədə olmayıb, amma bunu Siz etdiniz. Təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası Sizinlə fəxr edir. Siz bütün dünyaya türkün gücünü və Sizin dediyiniz o “dəmir yumruğu” göstərdiniz və sübut etdiniz. Biz qazi olaraq, əsgər olaraq yenə də Sizin bütün əmr və sərəncamlarınızı yerinə yetirməyə hazırıq. Hörmətli Prezident, biz qazi olaraq həyatda hər zaman Sizin qayğınızı hiss edirik. Bizim təqaüdlərimiz, pensiyalarımız məhz Sizin sərəncamlarınız əsasında mütəmadi surətdə ilbəil, aybaay artırılır. Məhz bu ilin əvvəlində də sərəncamınızla Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin pensiya və təqaüdləri artırıldı. Bir neçə il bundan əvvəl biz Qarabağ qazilərinə avtomobil hədiyyə etmisiniz. Mənə də o avtomobildən hədiyyə olunub. Hazırda o avtomobili idarə edirəm. Bu gün isə məni evlə təmin edirsiniz. Cənab Prezident, Siz nəinki bu xalqa, bütün türk dünyasına lazım olan insansınız. Allah Sizi qorusun. Var olun, sağ olun. Vətən sağ olsun! Prezident İlham Əliyev: Çox sağ olun. XXX Sonda xatirə şəkli çəkdirildi.

2021-02-26 00:00:00
3904 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib

Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Cənab Prezident, Siz artıq qələbəni dadmısınız? – Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik. – Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz? – Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri – üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik. – Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir? – Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. – Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu, doğrudur? – Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir. – 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq? – Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər. – Üç atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır? – Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi. - Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur. - Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq. - İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz? Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm. 

Hamısını oxu
Qarabağ iqtisadi rayonundakı separatçıların ərazilərimizi kütləvi şəkildə minalaması narahatlıq doğurur

Bakı, 11 sentyabr, AZƏRTAC Ermənistanın mina terroru bütün şiddəti ilə davam edir və Qarabağ iqtisadi rayonunda baş verənlər bu həqiqətin ən böyük isbatıdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, Qarabağ iqtisadi rayonundakı separatçıların ərazilərimizdə kütləvi şəkildə minalama işi aparması narahatlıq doğurmaqdadır: “Ermənistan Vətən müharibəsinin başa çatmasından sonra da mina terrorunu davam etdirməkdə, ərazilərimizin minalanması prosesini həyata keçirməkdədir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatdan da məlum oldu ki, Qarabağdakı erməni separatçıları, habelə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri ərazilərimizdə minalanma işi aparmaqdadır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı da ermənilərin mina terrorundan əl çəkmədiyini göstərir. Bir tərəfdən sülh haqqında fikirlər səsləndirən İrəvanın, digər tərəfdən mina terroruna əl atması onu deməyə əsas verir ki, Ermənistanın sülh müqaviləsi haqqında verdiyi bütün bəyanatlar imitasiyadan başqa bir şey deyil. Azərbaycan tərəfi uzun illərdir ki, dünyanın diqqətini Ermənistanın mina terroruna cəlb etməyə çalışır, bu istiqamətdə aktiv fəaliyyət ortaya qoyur. Ancaq təəssüflər olsun ki, bu günə qədər heç bir beynəlxalq təşkilat mina terroruna görə təcavüzkar ölkəni qınayan ciddi bəyanatla çıxış etməyib. Beynəlxalq birlik, aparıcı dövlətlər tərəfindən mina terrorunu əngəlləmək üçün heç bir əməli addım atılmayıb. Halbuki Ermənistanın mina terroruna qarşı beynəlxalq birliyin vahid və qəti mövqe ortaya qoyması labüddür. Yalnız bu halda terrora qarşı mübarizədə ciddi uğur əldə etmək, Ermənistanı həmin cinayətdən çəkindirmək mümkündür”.

Hamısını oxu
Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
“Mehriban xanımın Türkiyədəki faciəyə həssas mövqeyi xalqımızın mənəvi dəyərlərinin göstəricisidir”

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərərçəkənlərə göstərdiyi yardımlar, zəlzələ qurbanları ilə bağlı etdiyi paylaşımlarla hər dəfə olduğu kimi bu dəfə də xalqımızın humanizm simvolu, onun səsi, harayı oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini qeyd edib ki, zəlzələnin ilk anından etibarən həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin yanında olub, qardaş ölkəyə çoxsaylı humanitar yardımların göndərilməsini təmin edib: “Türkiyədə zəlzələ baş verən zaman qardaş ölkənin harayına ilk olaraq yetişən dövlət Azərbaycan oldu. Həm Prezidentimiz, həm də Birinci vitse-prezidentimiz Türkiyədəki zəlzələni ilk andan etibarən diqqət mərkəzində saxladı, zəlzələdən zərərçəkənlərə zəruri köməyin göstərilməsini təmin etdi. Fevralın 6-dan etibarən göstərilən yardımlar bu gün də davam etməkdədir. Heydər Əliyev Fondu tərəfindən zəlzələdən zərərçəkənlərə tibbi ləvazimatlar, isti geyimlər, oksigen maskaları və digər zəruri yardımlar göndərilib ki, bu da zərərçəkənlərin sağlamlığının qorunması, yeni itkilərin qarşısının alınması baxımından həyati əhəmiyyətə malikdir. Mehriban xanım bütün bu müddət ərzində qardaş Türkiyə ilə mənəvi baxımdan da ciddi həmrəylik sərgilədi. Türkiyənin tək olmadığını, Azərbaycan xalqının hər bir fərdi ilə Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Eyni zamanda, məlum paylaşımında Türkiyə dövlətinə, Türk xalqına, onun gücünə və böyüklüyünə olan inamını da ifadə etdi. Qeyd etdi ki, türk xalqı öz iradəsi və mətinliyi sayəsində bu sınaqdan da çıxacaq”. Polkovnik bildirib ki, yanvarın 6-dan bu günədək ölkəmizdəki bütün iri şirkətlər də Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə müxtəlif kampaniyalar təşkil edib, ciddi addımlar atıblar: “Qürurvericidir ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın sərgilədiyi mövqeyə uyğun olaraq ölkəmizdəki demək olar ki, bütün iri şirkətlər, təşkilat və müəssisələr də qardaş Türkiyəyə yardım kampaniyasında yaxından iştirak etdi. Türk xalqının yanında olduqlarını əməli surətdə qardaş ölkədəki qardaş-bacılarımızın diqqətinə çatdırdı. Bu cür şirkətlərdən biri də “PAŞA Holding” oldu. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək olmaq məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə etdi. “PAŞA Holding” zəlzələ ilə bağlı verdiyi açıqlamada türk xalqı ilə mənəvi baxımdan da həmrəylik sərgilədi, xoş məramını ortaya qoydu”. Cəlil Xəlilov vurğulayıb ki, Mehriban xanım Əliyevanın zəlzələdən zərərçəkənlərə göstərdiyi dəstək, həm də xalqımızın, Azərbaycan insanının qardaş Türkiyəyə sevgisinin, humanist dəyərlərə bağlılığını əks etdirir: “Mehriban xanım Əliyevanın Türkiyədəki faciə ilə bağlı ortaya qoyduğu həssas və humanist mövqe, həm də bütün Azərbaycan xalqının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım zəlzələdən zərərçəkənlərə göstərdiyi humanist mövqe, sevgi və qayğı ilə göstərdi ki, xalqımız türk xalqının yanındadır və sona qədər də yanında olacaq. Hörmətli Mehriban xanımın zəlzələdən zərərçəkənlərlə bağlı sərgilədiyi mövqe xalqımızın həm də ümumbəşəri dəyərlərə, insani prinsiplərə nə qədər dərindən bağlı olduğunu göstərdi. Bu baxımdan, Mehriban xanım hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının səsi, onun görən gözü, eşidən qulağı, sevgi dolu qəlbi oldu”. Təşkilatın sədr müavini deyib ki, Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək verən hər bir fərdin fəaliyyəti də Mehriban xanım tərəfindən yüksək qiymətləndirilməkdədir: “Azərbaycan xalqı hər bir fərdi ilə qardaş Türkiyənin yanındadır və zəlzələdən zərərçəkənlərə xilasedicilərlə, həkim heyəti ilə, malı və canı ilə yardım göstərməkdədir. Bütün bu insanların fəaliyyəti Mehriban xanım tərəfindən təqdir edilməkdə, yüksək qiymətləndirilməkdədir. Bu faktın özü xalqımızın Prezidentindən, Birinci vitse-prezidentindən tutmuş sıradan insanına qədər eyni mənəvi dəyərləri bölüşdüyünü, hər kəsin qəlbinin qardaş Türkiyə sevgisi ilə eyni hərarətlə döyündüyünü göstərir. Mən zəlzələdə həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqı Türkiyənin yanındadır və hər zaman da yanında olacaq”.  

Hamısını oxu