Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

2021-05-15 00:00:00
3691 baxış

Digər xəbərlər

“Dövlət başçısının Vladimir Timoşenkoya göstərdiyi etimad, həm də veteranlarımıza və Təşkilatımıza verilən qiymətdir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Vasilyeviç Timoşenkonu “Şöhrət” ordeni ilə təltif edib.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu münasibətlə Vladimir Timaşenkonu təbrik edib, həmçinin, dövlət başçısına veteranlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib:   “Öncə Təşkilatımızın Rəyasət Heyətinin üzvü Vladimir Timaşenkonu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.   Vladimir Timaşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha dövlət başçımızın veteranlara, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərə qarşı necə böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. Buna görə bütün veteranlar, o cümlədən Təşkilatımız adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk.   Prezidentimizin Vadimir Timoşenkoya verdiyi bu qiyməti ümumilikdə veteranlara, habelə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına verilən qiymət hesab edirəm. Əminliklə bildirirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fatma Səttarovanın rəhbərliyi altında dövlət maraqlarımızın müdafiə edilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin güclənməsi, onların milli maraqların müdafiəsinə köklənməsi, Ali Baş Komandanın ətrafında birləşməsi istiqamətindəki fəaliyyətini əzmlə davam etdirəcək, hər zaman dövlət başçısının etimadına layiq olmağa çalışacaqdır”.

Hamısını oxu
Veteranlar general Mustafa Nəsirovun məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları sözügedən qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında anadan olmasının 100 illiyi münasibəti ilə mərhum general Mustafa Nəsirovun məzarını ziyarət edib, onun məzarı üzərinə gül dəstələri və əkil qoyub.   Mərasim zamanı çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanacağını, onun xidmətlərinin əsla unudulmayacağını bildirib.   Daha sonra Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri general Mustafa Nəsirovun 100 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirə qatılıb.   Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Firuz Şirinzadə Mustafa Nəsirovun xidmət yolu haqqında geniş məlumat verib, onun sərhədçi peşəsinə gətirdiyi yeniliklərdən bəhs edib.   Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Mustafa Nəsirov məktəbinin hər bir sərhədçiyə örnək olduğunu, hər bir sərhədçinin bu məktəbdən faydalanmasının zəruriliyini vurğulayıb.   Tədbirdə çıxış edən İnayət Xəlilov, digər zabit və kursantlar da Mustafa Nəsirovdan ehtiramla söz açıb, onu sadəcə peşəkar hərbçi kimi deyil, həm də ictimai xadim, alicənab insan kimi dəyərləndirib.    

Hamısını oxu
Şəhid polkovnikin oğlu: Hərbi təlimlərdə iştirak etməyə hazıram

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi təlimlər çox gözəl bir addımdır.   AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.   Onun sözlərinə görə, bu təlimlərdə iştirak etmək hər bir vətəndaşın borcudur:   "Bu, planlı bir təlimdir. Ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunur və hərbiyə aid bilikləri təkmilləşdirilir. Bu da öz növbəsində çox gözəl bir addımdır və əlbəttə, çağırılsaq, hər bir Azərbaycan gənci kimi, vətənpərvər vətəndaş kimi borcumuzdur ki, belə bir təlimlərdə iştirak edək.   Hər zaman hazırıq və hər zaman hazıram. Sadəcə olaraq əmr gözləyirik və səbr edirik”.

Hamısını oxu
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib.Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər. "Xəmsə" şadlıq sarayında təşkil olunan tədbirdə Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli çıxış edərək jurnalistləri təbrik edib və sahibkarlara göstərdiyi dəstəyə görə media mənsublarına öz təşəkkürünü bildirib:"Bir müddət əvvəl dünya bazarında soya, günəbaxan və digər yem məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin qiymətinin artmasına səbəb olmuşdu. Toyuq yemi üçün idxal olunan xammal məhsullarından ƏDV-nin ləğv olunması işimizi xeyli asanlaşdırdı. Bundan sonra iri ticarət müəssisələri ilə quş əti istehsalçıları arasında yaranan anlaşılmazlıq da aradan qalxdı. Medianın bu məsələləri işıqlandırması da bu problemlərin həllini sürətləndirdi". Daha sonra tədbirdə sahibkarlarla işləyən dövlət qurumlarının rəsmilərinə də söz verildi. Onlar nümunəvi sahibkarlıq fəaliyyətinə görə tədbir təşkilatçılarına təşəkkür etdilər. Tədbirdə jurnalistlər də çıxış ediblər, onlar göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıblar.  

Hamısını oxu