Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi regionun taleyini həll etdi

Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi bütün regionun gələcək taleyini həll etdi. Müharibə Silahlı Qüvvələrimizin qüdrəti ilə yanaşı, həm də xalqımızın sarsılmaz mübarizə əzmini ortaya qoydu. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir dönəmin başlanması deməkdir: “Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti, sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir”. Cəlil Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığı ilə yanaşı, xalqın mübarizə əzmini də nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Amma həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edərək fərarilik edib. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Cəlil Xəlilov 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb: “Hərbçilərimiz əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alqışlanacaq”.

2021-06-26 00:00:00
3570 baxış

Digər xəbərlər

DTX erməni terroru ilə bağlı açıqlama yaydı

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş yazısında qeyd olunub. "Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb. Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir".

Hamısını oxu
Gənclər və idman naziri ADBTİA-nın yeni tədris korpusu ilə tanış olub

Veteran.gov.az xəbər evrir ki, sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib.   Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.   Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib.   44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.   Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib.   Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib.   Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib.  

Hamısını oxu
Topçu Qulam

Alman  faşizmi  üzərində  qələbənin  80  illiyi... Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı.  Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik. İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə  əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların  şərəfinə rayonumuzun mərkəzində  “Xatirə bulağı” kompleksi də ucaldılmışdır. İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov  kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik. Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o,  kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir. Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.”  Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə  müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı.  Biz o döyüşçünü  klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi. Qəhrəman döyüşçünün  barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...” Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub. İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub. Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır...          Ədalət Salman, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü        

Hamısını oxu
Xalqın və Dövlətin Qüdrəti: Heydər Əliyevin İrsinin Dərin İzləri

Tarix səhnəsinə çıxan hər bir dahi şəxsiyyət, xalqının yaddaşında işıq saçan bir ulduza çevrilir. Elə ulduzlar var ki, onların nuru əsrlər keçsə də, yolumuzu aydınlatmağa davam edir. Azərbaycan tarixinin belə parlaq ulduzlarından biri də Ümummilli Lider Heydər Əliyevdir. O, təkcə müəyyən bir tarixi dövrün deyil, bütöv bir millətin və insanlığın yaddaşına həkk olunmuş böyük bir şəxsiyyətdir. Azərbaycan xalqı tarix boyu Cavanşir, Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəmanları ilə fəxr etmişdir. Onlar qəhrəmanlıqları, dövlətçilik ənənələrini qoruyub yaşatmaları ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Lakin XX əsr Azərbaycan xalqına elə bir lider bəxş etdi ki, o, yalnız müstəqil bir dövlət qurmaqla kifayətlənmədi, eyni zamanda milli ruhun və azadlıq ideyasının memarına çevrildi. Bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev zəmanəsini qabaqlayan, hadisələrin mahiyyətini dərindən dərk edən və zamanın çətin sınaqlarında sınmayan bir lider idi. O, yalnız Azərbaycanın deyil, beynəlxalq siyasi arenada da söz sahibi olan nadir simalardan biri idi. Onun böyüklüyü təkcə siyasi fəaliyyətində deyil, həm də xalqının ruhunu duymaq, ağrısını hiss etmək və arzularını gerçəkləşdirmək bacarığında özünü göstərirdi. Çünki o, xalqın içindən çıxmış və həmişə xalq üçün çalışan bir lider idi. Bəzən tarix bir millətə əsrlər boyu gözlədiyi lideri bəxş edir. Heydər Əliyev də məhz belə bir lider idi. O, böyük bir imperiyanın ən yüksək pillələrinə qalxmağı bacaran, lakin xalqından və vətənindən heç vaxt uzaqlaşmayan fədakar bir vətəndaş idi. Onun liderlik bacarığı, iti zəkası və unikal siyasi düşüncəsi dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunmuşdur. Heydər Əliyevin hər addımı, hər çıxışı düşünülmüş və zamanın tələblərini qabaqlayan qərarlarla müşayiət olunurdu. O, Azərbaycanın siyasətini formalaşdırdı, ona yeni məzmun verdi və dövlətin təməllərini möhkəmləndirdi. Müstəqil dövlət qurmaq, onu gücləndirmək və dünyaya tanıtmaq nadir liderlərə nəsib olan uğurdur. Heydər Əliyev bu uğura imza atanlardan biri oldu. Bu gün biz Heydər Əliyevin 102-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Onun qurduğu və müəyyənləşdirdiyi siyasi kurs əsasında daha böyük zəfərlərə imza atırıq. Lider odur ki, xalqını çətin anlarda xilas etsin. Heydər Əliyev də belə bir məqamda, dövlətçiliyimizin ciddi təhlükə altında olduğu bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıtdı. İlk növbədə daxili sabitliyi bərqərar etdi. Sabitlik olmadan inkişaf ola bilməzdi. Sabitliyin təminindən sonra dövlət idarəçiliyi sistemi quruldu, ordu formalaşdırıldı, beynəlxalq əlaqələr möhkəmləndirildi. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev az bir müddətdə ölkədə sabitlik yaratmış, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlara başlamış, iqtisadiyyatın dirçəlməsi və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası, transmilli enerji layihələrinin gerçəkləşdirilməsi, Qərbə inteqrasiya xəttinin müəyyən edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi onun uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi layihələr Heydər Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində reallaşmışdır. Heydər Əliyevin siyasi irsi yalnız idarəetmə institutları ilə məhdudlaşmırdı. Onun fəaliyyətində insan amili, vətəndaş cəmiyyəti, milli mənəvi dəyərlərin qorunması və inkişafı xüsusi yer tutmuşdur. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik modeli bu gün müasir Azərbaycanın uğurla inkişaf edən yolunun əsası kimi çıxış edir. Dövlətin əsas dayaqlarından biri olan ordu quruculuğu sahəsində Heydər Əliyevin xidmətləri həm tariximizdə, həm də xalqımızın yaddaşında xüsusi yer tutmuşdur. Onun "Güclü ordu – güclü dövlət" prinsipi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması və inkişafı hələ o dövrdə ölkənin gələcək zəfəri üçün təməl olmuşdur. 1994-cü ildə Bişkek protokolunun imzalanması Azərbaycan üçün müvəqqəti bir atəşkəsdən çox strateji bir addım idi. Heydər Əliyevin diplomatik cəsarəti ilə atılan bu addım həm dövrün gərgin şəraitində Azərbaycan üçün vaxt qazandırdı, həm də mübarizənin gələcəkdəki zəfərə doğru yönəlməsini təmin etdi. Bu, sadəcə siyasi deyil, həm də psixoloji baxımdan mühüm bir dönəmdi, çünki xalqın ümidini və inamını artırdı. Heydər Əliyevin "Biz mütləq Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya, Zəngilana, Qubadlıya qayıdacağıq" deməsi sadə bir arzu deyil, həm də Azərbaycanın gələcək zəfəri üçün atılmış mühüm bir strateji addımın mesajı idi. O, bu sözləri söyləyərkən sadəcə bir lider olaraq xalqını ruhlandırmaqla kifayətlənməyib, bu məqsədə çatmaq üçün konkret addımlar atmış və ölkəni həmin hədəfə doğru hazırlamışdı. Bu həm daxili, həm də beynəlxalq səviyyədə uzunmüddətli strateji planların bir hissəsi idi. Heydər Əliyevin təməlini qoyduğu bu planlar Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirildi. 2020-ci ildə Qarabağda əldə edilən qələbə Heydər Əliyevin strateji planlarının və inamının reallaşmasının təntənəsi idi. Bu qələbə yalnız torpaqların geri qaytarılması demək deyil, həm də bu hadisə Azərbaycanın milli qürurunun, əzminin və dövlətin gücünün simvolu oldu. Bu Ulu Öndərin Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin davam etdirərək inkişaf etdirdiyi uzunmüddətli dövlətçilik irsinin nəticəsi idi. Heydər Əliyevin uzaqgörənliyi, onun dövlətə, xalqına və torpaqlarına olan sarsılmaz sevgisi, həm də bu Zəfərin mümkün olmasında ən böyük amil oldu. Bu bir xalqın mübarizəsinin və liderin inamının tarixə düşən hekayəsidir. Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə uğurlu inkişaf davam etdirilir. Ali Baş Komandan İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə güclü lider kimi tanınır. O, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunu uğurla davam etdirərək Azərbaycanın milli maraqlarını qorumaq və müdafiə etmək istiqamətində mühüm və tarixi addımlar atmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxili inkişaf, həm də xarici siyasət sahəsində əhəmiyyətli uğurlara imza atmışdır. Onun Ali Baş Komandan olaraq rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri ölkənin güclü müdafiə potensialını təmin etmiş, hərbi və siyasi planlar düzgün və strateji baxımdan uğurla həyata keçirilmişdir. Xüsusilə 2020-ci il İkinci Qarabağ Müharibəsi onun liderlik bacarığının və Azərbaycanın ordu quruculuğundakı uğurlarının ən böyük təntənəsi oldu. Bu Zəfər həmçinin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirdi və ölkənin beynəlxalq siyasətini təzələyərək onu yeni bir mərhələyə daşıdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi inkişaf sürətlənmiş, sosial xidmətlər genişlənmiş, təhsil və səhiyyə sahələrində islahatlar həyata keçirilmişdir. Dövlət başçısı xalqının mənafeyini hər zaman özünün ən önəmli prioriteti olaraq müəyyən etmişdir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmağa başlamışdır. O, ölkənin strateji maraqlarını qorumaq məqsədilə uğurlu diplomatik addımlar atmış, həmçinin Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün güclü beynəlxalq əməkdaşlıq və ittifaqlar qurmuşdur. Xüsusilə enerji siyasətində əldə olunan uğurlar neft və qaz sahəsində həyata keçirilən iri həcmli investisiya layihələri Prezident İlham Əliyevin iqtisadi inkişaf istiqamətindəki strateji baxışının bariz nümunəsidir. Onun liderliyi altında Azərbaycan regionun ən güclü dövlətlərindən biri olmuşdur. Bu gün Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycan inkişaf edir, sabitlik və təhlükəsizlik möhkəmlənir və ölkəmiz dünya birliyində güclü və nüfuzlu dövlət kimi tanınır. Heydər Əliyev yalnız tarixdə deyil, xalqın qəlbində də əbədi yaşayacaqdır. Onun ideyaları, siyasi uzaqgörənliyi və dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün əsl örnəkdir və milli dövlətçilik ənənələrinin bünövrəsinə çevrilmişdir. Bu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan daha parlaq gələcəyə doğru inamla irəliləyir.                             Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu