Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfər tarixi”nin tədrisi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaq”

Nəsib Məhəməliyev: “Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi önəmi gələcək nəsillərə ötürülməlidir”

 

Cari tədris ilindən etibarən orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq.

 

Bununla bağlı veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

“Bu ildən etibarən orta məktəblərdə Zəfər tarixinin öyrənilməsinə başlanması olduqca doğru və zəruri addımdır.

 

Hər bir xalqın kimliyini təsdiq edən əsas amillərdən biri də, onun keçdiyi tarixi yoldur. Azərbaycan xalqı qədim dövürlərə söykənmiş zəngin tarixi keçmişə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə isə, bu tarixin ən şərəfli səhifələrindəndir. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilimiş Zəfər tarixi dərindən öyrənilməlidir. Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi əhəmiyyəti gələcək nəsillərə ötürülməlidir.

 

Hesab edirəm ki, burada sistemli yanaşma olmalıdır. Nəzərə almaq lazımdır ki, bilavasitə Silahlı Qüvvələrin döyüş meydanında apardığı əməliyyatlarla yanaşı, diplomatiya, informasiya və başqa sahələrdə də geniş miqyaslı müharibə aparılmışdır. Uzun illər ərzində ən müasir standartlara uyğun Silahlı Qüvvələr formalaşdırılmış, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən hüquqi normativ sənədlər alınmışdır. Regionda maraqları olan beynəlxalq güclərin, erməni diasporasının və lobbist qrupların neytrallaşdırılmasına nail olunmuşdur. Misli görünməmiş milli birlik təmin olunmuş, xalq ölkə daxilində və xaricində dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşərək, bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir. Təbii, iqtisadi faktorlar da qeyd olunmalıdlr. Əgər dövlətin iqtisadi imkanları olmasaydı, belə bir güclü ordunun qurulmasından danışmaq mümkün olmazdı.

 

Tarixi qələbəmizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından hökumət tərəfindən əhəmiyyətli layihələr icra olunur. Hərbi Qənimətlər Parkının, Zəfər muzeyinin, Vətən müharibəsi  memorial kompleksinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar, peşəkar hərbçilərdən, siyasətçilərdən, pedaqoqlardan, sosioloqlardan ibarət mütəxəssislərin iştirakı ilə sistemləşdirilməli, dərslik şəklində nəşr olunmalıdır. Zəfər tarixi yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır.

 

Seymur ƏLİYEV

2021-08-25 11:56:00
1679 baxış

Digər xəbərlər

İham Əliyev elan etdi: Nürnberq əfv etmədi, Bakı da etməyəcək! – TƏHLİL!

Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində  “France 24” telekanalına müsahibəsində 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində ələ keçirilən və Bakıda məhkəmə qarşısına çıxarılan erməni separatçıları ilə bağlı çoxsaylı sualları cavablandırıb. Öncə erməni separatçılarını məsum, günahsız adamlar kimi təqdim etməyə çalışan fransız jurnalistə onların törətdiyi ağır cinayətlər haqqında məlumat verən İlham Əliyev, sözügedən şəxslərin heç də əbəs yerə həbs edilmədiyini xatırladıb. Bunun ardınca separatçıların əfv edilməsinin mümkünlüyü ilə bağlı telekanal əməkdaşının israrlı suallarına qətiyyətlə “yox” deyən dövlət başçısı, hər hansı bağışlanılmanın mümkün olmadığını bildirib. Prezident İlham Əliyev bir kəs daha bütün dünyanın gözü önündə bəyan edib ki, erməni faşizmi alman faşizmindən daha qəddar, amansız və anti-insani mahiyyətə malikdir. Nürnberq məhkəməsinin qərarı ilə alman faşistlərinin ölüm hökmünə məhkum edildiyinə diqqət çəkən dövlət başçısı, o zaman da faşistlərin haqlı olaraq əfv edilmədiyini qeyd edib. Prezident İlham Əliyev sözlərindən məlum olub ki, Nürünberq kimi Bakı da faşistləri əfv etmək niyyətində deyil və belə bir əfv sadəcə mümkünsüzdür. Xatırladaq ki, bir neçəsi ömürlük həbs cəzası alan erməni separatçılarının xalqımıza qarşı ağır cinayətlər törətməsi ilə bağlı yüzlərlə şahid ifadəsi, sübut və fakt mövcuddur. Bundan başqa, separatçılar törətdikləri cinayəti qismən və ya tamamilə etiraf edib ki, bu da onlara qarşı irəli sürülən iddiaların, həmçinin onlara verilən cəzaların tamamilə əsaslı olduğunu göstərir. İlham Əliyevin “France 24” telekanalına separatçılarla bağlı verdiyi açıqlamadan çıxarılması gərəkən başqa nəticə də var. Dövlət başçısı separatçıların heç bir halda azad edilməyəcəyini bildirməklə bütün dünyaya, xüsusilə də ermənipərəst güclərə aydın bir mesaj verdi: Azərbaycan bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də ona edilən heç bir təzyiqə boyun əyməyəcək, verdiyi qərarın arxasında duracaq! İlham Əliyevin verdiyi bu mesaj göstərir ki, 44 günlük Vətən müharibəsində hərb meydanında yüksələn “Dəmir yumruq”, bu gün diplomatiya meydanında anti-Azərbaycan qüvvələri ilə mübarizədə də eyni əzəmətlə ucalmaqda, milli maraqlarımızı qətiyyətlə müdafiə etməkdədir. Heç nədən qorxmadan, heç kimdən çəkinmədən... Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətləri əsrlərin sınağından çıxmış dostluq,qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur.Bu münasibətlər tarixdən gələn ortaq mədəni dəyərlərə,dini yaxınlığa, etnik və coğrafi bağlılığa əsaslanmaqla yanaşı, müasir dövrdə hər iki ölkənin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər bu münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan-İran münasibətləri qarşılıqlı etimada və bir-birinin suverenliyi, ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.Bu səfər çərçivəsində imzalanmış sənədlər, aparılan danışıqlar və geniş fikir mübadiləsi göstərdi ki, hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək əzmindədir.Əldə olunmuş razılaşmalar təkcə ikitərəfli formatda deyil, həm də regional və çoxtərəfli əməkdaşlıq müstəvisində böyük əhəmiyyət kəsb edir.Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı və onun region ölkələri üçün iqtisadi səmərəsinin artırılması məqsədilə Azərbaycan tərəfindən reallaşdırılan infrastruktur layihələri bu əməkdaşlığın strateji dəyərini daha da artırır. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan artan yük həcmini qarşılamaq məqsədilə nəqliyyat və logistika imkanlarını genişləndirməkdədir. Humanitar, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də səfərin əsas gündəm mövzularından biri olmuşdur.Qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkili ilə bağlı qəbul edilmiş qərar xalqlarımız arasında mədəni dialoqun davamlılığını təmin edəcəkdir.  Prezident Pezeşkianın sözlərinə görə, ortaq dini, etnik və tarixi dəyərlər Azərbaycan-İran münasibətlərinin təməlini təşkil edir və bu birliyi heç bir xarici güc poza bilməz. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.İran Prezidenti də çıxışında “Özümüzü Azərbaycanda yad ölkədə yox, sanki Təbrizdə, Ərdəbildə hiss edirik” deməklə bu mənəvi yaxınlığın nə qədər real və dərin olduğunu bir daha göstərdi. Səfər çərçivəsində həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir-birinə dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda iki ölkənin nümayəndələri ənənəvi olaraq bir-birini dəstəkləməkdədir.Prezident Pezeşkian bəyanatında Azərbaycanın regional və beynəlxalq siyasətdə göstərdiyi əzm və iradəni yüksək qiymətləndirmiş, gələcəkdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat və təhlükəsizlik sahələrində daha əhatəli strateji planların hazırlanacağını qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, gələcək nəsillər bu gün əsası qoyulan əməkdaşlıqdan qürur duyacaqdır. Azərbaycan və İranın strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı iqtisadi rifahın təmin edilməsi və mədəni yaxınlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tərəfdaşlıq bir daha göstərdi ki, bölgənin gələcəyi bölgə ölkələrinin öz əlindədir və dialoq, qarşılıqlı hörmət, birgə layihələr bu gələcəyin ən etibarlı təminatıdır. Azərbaycan-İran münasibətlərinin bu tarixi görüşlə yeni mərhələyə qədəm qoyması təkcə dövlətlərin deyil, xalqların da könül bağlarını biraz da möhkəmləndirdi. Bu, sadəcə diplomatik sənədlərin imzalanması deyil, qəlblərin yaxınlaşması, tarix boyu birgə addımlamış iki xalqın yenidən bir cərgədə dayanması anlamına gəlir. Təcrübəli dövlət adamlarının bu uzaqgörən siyasətinə veteranlarımız, ziyalılarımız da xüsusi dəyər verir. Ölkənin hər yerində bu səfər, səmimi çıxışlar və verilən mesajlar böyük rəğbətlə qarşılandı.  İran prezidenti Məsud Pezeşkianın görüş zamanı belə bir fikir səsləndirdi: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.” İran Prezidenti Məsud Pezeşkianın Qarabağ məsələsində verdiyi qəti və prinsipial mövqe sadəcə cari siyasi jest deyil, həm də strateji mahiyyət daşıyan, uzunmüddətli dövlət iradəsinin bəyanı kimi dəyərləndirilməlidir. 30 il işğal siyasəti yürütmüş Ermənistana müxtəlif mərhələlərdə birbaşa və ya dolayısı ilə dəstək verən qüvvələrin mövcud olduğu bir vaxtda bu cür açıq və qəti mövqe təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır. Prezident Məsud Pezeşkian bu bəyanatı ilə yalnız şəxsi və ya hökumətinin mövqeyini deyil, həm də İran dövlətçiliyinin gələcək xəttini müəyyənləşdirən bir siyasi yanaşmanı göstərdi. Onun sözləri gələcəkdə İranda hakimiyyətə gələcək istənilən rəhbər üçün sözün əsl mənasında “miras” rolunu oynayacaq. Belə ki, bu bəyanat İranın ərazi bütövlüyü prinsipinə söykənən, qonşuluq və regional sabitlik əsaslı siyasətinə sadiqliyinin bariz ifadəsidir. Bu həm də bölgədə çoxmillətli oyunçuların, böyük güclərin və ikili standartlar siyasəti yürüdən dairələrin nəzərinə çatdırılan ciddi mesajdır ki, “Azərbaycanın ərazi bütövlüyü danışılası və ya müzakirə predmeti deyil” mənasına gəlir. İranın bu cür açıq və qəti bəyanatı regionda sülh prosesinin davamlılığına, erməni revanşizminin qarşısının alınmasına və gələcəkdə sərhədlərin toxunulmazlığı prinsipinin möhkəmlənməsinə mühüm töhfədir. Veteranlar bu qardaşlıq mesajlarını sabitliyin və sülhün zəmanəti kimi qiymətləndirir. Onlar yaxşı bilirlər ki, əgər bölgədə sülh varsa, sərhədlərimiz möhkəmdirsə bu həm də siyasi uzaqgörənliyin nəticəsidir. Bu görüş bir daha sübut etdi ki, sərhədlər qovuşdurur nəinki ayırır. Qonşuluq, tarix, ortaq mədəniyyət və etimad zamanın sınaqlarından çıxaraq xalqları daha sıx bağlayır. Bu gün Azərbaycan və İran arasında qurulan strateji tərəfdaşlıq körpüsü, sadəcə iqtisadi və siyasi maraqlar üzərində deyil qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında ucalmaqdadır. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın bu siyasi iradəsi gələcək nəsillərə miras qalacaq dostluq abidəsinin təməl daşıdır ki, o təməl daşı üzərində yeni uğurlar, ortaq layihələr və daha sabit, daha firavan bir region ucalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir. Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib. Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Hamısını oxu
Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir. Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol... 26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir. İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir. Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur. İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir. İlk zabit rütbəsi və komandir kimi uğurları... Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir. O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Polis zabiti Qarabağ müharibəsində... Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir. İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib. Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu