Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili və icra başçısı şəhdilərin xatirəsinə inşa olunan bulağın açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışında Şamaxı rayonundan millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.

 

Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.

 

Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub.

Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb.

Subay idi.

 

Yusif Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yusif Əliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.

 

Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər.

Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

2021-09-16 09:39:00
1431 baxış

Digər xəbərlər

Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam  ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir.  AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bu günlərdə Novruz Bayramı münasibəti ilə imzalanan əfv sərəncamı 431 nəfərə şamil  edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür. Təşkilatın sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bugünkü Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi. Respublika veteranları imzalanan əhf sərəncamını yüksək qiymətləndirir və inanır ki, əhv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər. Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Hamısını oxu
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub

Veteran.gov.az xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tərəfindən uzunmüddətli və səmərəli ictimai fəaliyyətinə görə  Fəxri Fərmanla təltif olunub. Xatırladaq ki, Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyev, eləcə də 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı kitabların müəllifidir. Zərifə Quliyeva bugünə qədər şəhid ailələri, qazilərlə bağlı yüzlərlə tədbir və layihə həyata keçirib ki, onların hər biri cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

“Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”. Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq Məmmədov deyib. O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: “Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan şəxslər ən sərt şəkildə qınanılmalıdır. Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var”. Tapdıq Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Aytən Məftun

Hamısını oxu