Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir

 

İkisahil.TV-nin bugünkü qonağı Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur

- Cəlil müəllim, döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz?

- Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün veteranlarımız dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Qətiyyətlə deyərdim ki, dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir.

- Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, təcavüzlə bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Təəssüf ki, ikili standartlar bu gün də davam edir…

- Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi, ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir.

- Bildiyimiz kimi, sülhməramlı qüvvələrin qarşısına qoyulan məqsəd münaqişə tərəfldərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirə bilirlərmi?

- 2020-ci ilin 10 noyabr Bəyanatında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb. Sülhməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi. Əksinə, Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır. Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.

- Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır?

- Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət, Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu erməni saytıdır. Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.

- Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə müharibədir. Ordumuz bu problemdən necə qorunur?

- Təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi hosbitallarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının vacib şərtlərindən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»

2021-09-16 09:45:00
1517 baxış

Digər xəbərlər

İstanbuldakı məşhur Topkapı Saray Muzeyi, yeni təcrübə - Dijital Deneyim Müzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşərək, ikitərəfli əməkdaşlığı müzakirə edib. Görüşdə İlhan Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib, 300.000-ə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 3 aprel 1924-cü ildə Cümhuriyyətin ilk muzeyi olduğunu qeyd edib. Topkapı Sarayının Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı İlhan Kocaman dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin önəmini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı Saray Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat Topkapı Saray Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu eksponatların Azərbaycanda da nümayiş etdirilməsi, Azərbaycan mədəniyyətinə dair sərgilərin isə Topkapı Sarayının qalereya və salonlarında sərgilənməsinə dair təkliflərlə çıxış edib. Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı Sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Sarayda Azərbaycan mədəniyyəti həftəliyinin keçirilməsi razılaşdırılmışdır. Bundan başqa, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan İstanbul Dijital Deneyim Müzesi - Rəqəmsal Təcrübə Muzeyi ilə tanış olub, muzey rəhbərliyi ilə Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə olunub. Ənənəvi muzey ziyarətindən fərqli, yeni yanaşma olan Virtual muzey - Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlərə qədər geniş çeşidli texnologiyalardan istifadə etməklə ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı təklif olunur. Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb. Muzeyin hər bir küncündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, nümayiş etdirilən interaktiv dizaynlar və proqram təminatı yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçıları və dizaynerləri tərəfindən diqqətlə hazırlanmışdır. 3D və 4D təcrübələri təqdim edən Rəqəmsal Təcrübə Muzeyi hər ziyarətdə yeni hekayə və macəra təqdim edir, hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir. Ziyarət zamanı İstanbul Rəqəmsal Təcrübə Muzeyində ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirilmiş, gələcəkdə Azərbaycan muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu
Dünyanın heç bir ölkəsində veteranlara bizdəki qədər diqqət və qayğı göstərilmir

“Milli maraqlarımız prezidentimiz ətrafında sıx birləşməyi, ona dəstək olmağı tələb edir”   Bir  müddət bundan  öncə ölkə başçısının müxtəlif təbəqə və kateqoriyalardan olan vətəndaşların müavinətlərini artırması, onların mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandı. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə ölkə başçısının məlum sərəncamlarını şərh etməklə yanaşı, digər məqamlara da aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, ölkə başçısı bəzi kateqoriyadan olan şəxslərin müavinətlərinin artırılması ilə bağlı sərəncam verib ki, bunlara müharibə əlil və veteranları da daxildir. Sizcə veteranların müavinətlərinin artırılması, onların sosial rifahının daha da yaxşılaşması ilə bağlı ölkə başçısının məlum qərarı bütövlükdə dövlətimizin sosialyönümlü siyasəti haqqında nə deyir?   -Qeyd etdiyiniz kimi, ölkə başçısı Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobil təminatının həyata keçirilməsi, sosial müdafiəsinin gücləndirilməsi, aldıqları müavinətlərin artırılması və s. kimi məsələlər öz əksini tapıb. Təbii ki, bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Hansı ki, həmin addımlar cəmiyyət tərəfindən, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən rəğbətlə qarşılanıb.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından Azərbaycan Respublikasınn ali baş komandanına, ölkə başçısına təşəkkür məktubu ünvanladıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Veteranların təminatına dövlət başlıca məsələ kimi yanaşır, onların sosial rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Xatırladım ki, bu günə qədər müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya və protest mərkəzləri və s. inşa edilib. Bu müəssisələr müasir avadanlqılarla təmin edilib. Veteran və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Ölkə başçısının verdiyi son sərəncamlar da müharibə veteranı və əlillərinə olan qayğının təzahürüdür.   -Bəzi müxalifət təmsilçiləri son aylar həyata keçirilən islahatları müxalif siyasi partiyaların həyata keçridiyi mitinqlərlə əlaqələndirir. Onlar iddia edir ki, guya bu mitinqlər vasitəsi ilə hökumətə “əzələ nümayişi” sərgilənib və buna görə də dövlət yeni islahatlar dalğasına start verib. Sizcə dövlət tərəfindən atılan fundamental addımları hansısa müxalifət qruplarının mitinqi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir?   -Müxalifətin dövlət tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşması üçün atılan addımları hanssıa mitinqlərlə əlaqələndirməsi gülüncdür. Ölkə başçısı vətəndaşların sosial vəziyyətinin yaxşılaşması istiqamətində hər il ardıcıl addımlar atır, mühüm layihələr həyata keçirir. Onlar bu cür fikirlər səsləndirməklə cəmiyyətdə özlərinə hörmət yaratmağa çalışırlar. Insanları inandırmağa çalışırlar ki, guya onlar təzyiq hesabına bu dəyişikliklərə rəvac veriblər. Halbuki, bu yeniliklərin müxalifətlə hər hansı əlaqəsi yoxdur. Dövlətimizin sosial yönümlü çoxsaylı layihələri mövcuddur və bu yeniliklər də həmin layihələrin davamıdır. Təəssüflər olsun ki, bu gün bəzi müxalif dairələr ictimai rəydə çaşqınlıq yaradan fikirlər səsləndirir, intriqa və qarşıdurmalar yaratmaq istəyirlər. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağın azadlığı kimi mühüm məsələ dayanır. Hesab edirəm ki, Qarabağ boyda problemi olan bir ölkədə kimlərinsə intriqa və qarşıdurma yaratmasına yol vermək olmaz. Biz bütün vaxtımızı və enerjimizi bu problemin həllinə səfərbər etməli, ölkə başçısının bu yöndəki səylərinə dəstək verməliyik. Milli maraqlarımız bizdən məhz bunu tələb edir.   -Cəlil müəllim, tez-tez xarici ölkələrə səfər edən bir şəxs kimi veteranlara göstərilən qayğı baxımından digər dövlətlərlə respublikamız arasında hansısa fərqlər görürsünüzmü? Azərbaycanda olduğu kimi başqa ölkələrdə də veteranlara bunca diqqət və qayğı göstərilirmi?   -Sizcə açığını deyim ki, xarici ölkələrdə bizdəki qədər sosial layihələr mövcud deyil. Azərbaycanda bu, çox yüksək səviyyədədir. Veteranların pensiyasına diqqət edin. Bizdə veteranlar dövlətdən çox yüksək məvacib alır. Veteran ailələrinə dövlət tərəfindən ciddi yardımlar edilir. Digər dövlətlərdə veteranlara qayğı elə də yüksək deyil. Qonşu ölkələrə səfər edəndə və ya onlaırn təmsilçiləri Azərbaycana gələndə, ölkəmizdə veteranların aldğı məvacibi eşidəndə, bizə açıq-aşkar qibtə və həsədlə yanaşırlar. Onlar açıq şəkildə deyirlər ki, kaş bizdə də belə bir prezident olardı və bizim sosial rifahımızın qeydinə bu səviyyədə qalardı. Respublika Veteranlar Təşkilatında olan hər bir əcnəbi ölkələrin təmsilçiləri ölkəmizdə veteranlara yaradılan bu şəraitə heyranlıqla tamaşa edir. Mən fürsətdən istifadə edərək ölkə başçısına veteranlara yaratdığı bu şəraitə görə bir daha öz minnətdarlığımı bildirirəm. Onlar burada müxtəlif tədbirlər keçirmək, öz asudə vaxtlarını səmərəli dəyərləndirmək imkanı əldə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Bu gün bizim təşkilatda çalışan hüquqşünaslar son dövürdə qanunda edilən dəyişiklikləri, yeni qəbul edilən qanunları veteranlara çatdırır, hüquqi məsləhətlər verir, onların hüquqi problemlərinin həllinə yardımçı olurlar. Bütün bunlar veteranlara olan dövlət qayğısının bariz nümunəsidir.   -Sizcə ölkə başçısının müharibə və əlillərə olan bu qayğısı gənc nəslin orduya olan marağının  artmasına da təsir göstərəcəkmi? Dövləti öz vətəndaşının, veteran və əlilinin arxasında görməsi gənclərin vətənə qəlbən xidmətini stimullaşdıran amil hesab edilə bilərmi?   -Təbii. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərimizdə təhsil alan kursantlar ölkə başçısının veteranlara göstərdiyi qayğını görür. Onlar görürlər ki, vətən üçün çalışan, vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən böyük qayğı var. Dövlət heç bir vətəndaşını diqqətsiz qoymur. Onun dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar isə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Ölkə başçısı, habelə I vitse-prezident Böyük Vətən Müharibəsi veteranları ilə mütəmadi şəkildə görüşürlər. Onlar müharibə veteranlarının arzu və istəklərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin anındaca həllini təmin edirlər. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər nə dövlət, nə də cəmiyyət tərəfindən diqqətdən kənarda qalmırlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının bu əməyini qiymətləndirməli, təqdir etməlidir. Ölkə başçısının əməyini görməmək, görülən işlərə qara yaxmaq olmaz. Biz görülən işləri qiymətləndirməli və öz işimiz, əməlimizlə ölkə başçısına dəstək verməli, onun ətrafında sıx birləşməklə yeni-yeni uğurların əldə edilməsinə öz töhfəmizi verməliyik. Ölkəmizin inkişafı, respublikamızın çiçəklənməsi, Qarabağımızın azadlığı baxımından da ən doğru yol məhz budur.   Seymur ƏLİYEV

Hamısını oxu
Ulu öndərin Anım Gününə həsr olunmuş tədbir keçirilib

Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu  Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində  Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi  Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Hamısını oxu
Azərbaycan və Türkiyənin bayraqları Ağrı dağının zirvəsində dalğalandırılıb

Ankara, 18 sentyabr, AZƏRTAC Türkiyəli alpinist Erkan Yücel Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Ağrı dağının zirvəsində dalğalandırıb. Alpinist Ağrı zirvəsinə aparan 5137 metr yolu 5 günə qət edib. Növbəti idman zəfəri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbirinə bölüşən alpinist Erkan Yücel deyib: “Bütün fürsətlərdə idman nailiyyətlərimi Azərbaycan-Türkiyə qardaşlığına ithaf etməyə çalışmışam. Ağrı dağının zirvəsini fəth etməkdə məqsədim bir tərəfdən Qarabağ münaqişəsində Azərbaycana mənəvi dəstəyimi göstərmək, digər tərəfdən isə Ermənistanın Türkiyəyə qarşı əsasız iddialarına qarşı mövqe nümayiş etdirmək olub”. Qeyd edək ki, alpinist Erkan Yücel AKUD İdman Cəmiyyətinin üzvüdür. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara

Hamısını oxu