Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlara təbriki

Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il – 2018-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2017-ci il biz veteranlar üçün yadda qalan oldu. Həyata keçirdiyimiz tədbirlər, konfranslar, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan 2018-ci il daha uğurlu olacaqdır. Azərbaycan bu gün müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bizim əsas vəzifəmiz müstəqiliyimzi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikanın hərtərəfli inkişafına tövhələr verməkdir. Bunun üçün biz veteranlar bütün potensiyalımızı səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Azərbaycan Respublikasını əmin əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə yeni-yeni uğurlar, ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.   Respublika      Veteranlar       Təşkilatının   sədri, general polkovnik                   Tofiq Ağahüseynov

2017-12-19 00:00:00
3616 baxış

Digər xəbərlər

Gözdən Əlillər Cəmiyyətinin sədri: Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb

Bakı, 7 fevral, AZƏRTAC Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər. Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən AZƏRTAC-a deyib. Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir. Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”. S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib. “Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.

Hamısını oxu
Binəqədi Rayon Veteranlar Təşkilatının hesabat tədbiri keçirilib, yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının hesabat tədbiri keçirilib.  Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu öndərin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısında bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib. Cəlil Xəlilov qeyd edib ki, bu gün veteranlar ölkəmizin ictimai həyatında yaxından iştirak etməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə ciddi töhfə verməkdədir. Tədbirdə hesabatla çıxış edən Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov görülən işlər haqqında məlumat verib. Polkovnik Cəlil Xəlilov çoxillik xidmətlərinə görə Teyyub Həsənovu Fəxri Fərmanla təltif edib. Daha sonra Binəqədi Rayon Veteranlar Təşkilatının yeni sədri ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov tədbir iştirakçılarına təqdim olunub. Polkovnik Cəlil Xəlilov Raul Səfərova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.  

Hamısını oxu
Vəli Axundov – Elmin və Vətənin Sədaqətli Övladı

Bakı səmasının maviliyindən şəhərə boylananda bəlkə də bir çoxu bu şəhərin yalnız neftlə dolu torpağını görür. Amma bu torpağın altı qədər üstü də qiymətlidir. Çünki bu torpaq təkcə maddi sərvət deyil, həm də müdriklik, elm və fədakarlıq yetirib. O müdriklərdən biri də Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, alim, dövlət və elm adamı Vəli Yusif oğlu Axundovdur. Onun həyatı XX əsr Azərbaycan tarixinin, xüsusilə də elmi və siyasi proseslərin güzgüsüdür. Onun həyatı, təcrübəsi və yaradıcılığı yalnız bir insanın uğurları ilə məhdudlaşmır; əksinə, xalqın, millətin və bütöv bir cəmiyyətin inkişafına xidmət edən bir örnəkdir. O, tibb elminin incəliklərinə hakim olduğu qədər ədəbiyyatın, musiqinin və mədəniyyətin dərin qatlarına da nüfuz etmiş bir alim və ictimai xadimdir. Bu gün biz Böyük Vətən Müharibəsində əldə edilmiş şanlı Qələbənin 80 illiyini ehtiramla qeyd edərkən yalnız silahla döyüşən qəhrəmanları deyil, həm də canla-başla hərbi xəstəxanalarda həyat qurtaran, səngərdə insan ömrünü qoruyan, döyüş meydanında böyük insanlıq nümunəsi göstərən şəxsiyyətləri də xatırlayırıq. Onlardan biri də akademik Vəli Axundovdur. O, 1916-cı ilin mayında Bakı şəhərinin Saray kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı və gəncliyi çətinliklər içində keçmiş, lakin bu çətinliklər onun əzmini qırmamış, əksinə daha da möhkəmləndirmişdir. Orta təhsilini başa vurduqdan sonra sənət məktəbində, ardınca isə Bakı Sənaye Texnikumunun kimya şöbəsində təhsil almışdır. Lakin o, bununla kifayətlənməmiş, 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və həkimlik peşəsinə yiyələnmişdir. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. Vəli Axundovun həyatı gəncliyindən vətənlə çarpazlaşdı. 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirakçılarından birinə çevrilmişdir. Böyük həkimlik istedadına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. Onun rəhbərliyi altında minlərlə yaralı döyüşçü sağaldıldı, yenidən cəbhəyə qaytarıldı, ya da evinə dönə bildi. Müharibənin qan və tər içində keçən illərində o, həm həkim, həm psixoloq, həm də döyüşçü idi. Yaralı bir əsgərin gözlərinə baxıb “Sən sağalacaqsan” deyə bilmək, yalnız peşəkarlıq yox, sarsılmaz inam və vətən sevgisi tələb edirdi. Bu inamın adı o illərdə çox vaxt “Doktor Axundov” idi. Cəbhədə qazandığı təcrübə və etimad onun sonrakı elmi və dövlətçilik fəaliyyətinə bünövrə oldu. Səngərdə döyüşkənlik, laboratoriyada elmi dəqiqlik, rəhbərlikdə isə insanlıq və ədalət onun həyat devizinə çevrildi. Müharibə onun iradəsini bərkidib, ruhunu möhkəmləndirmişdi. O, öz xalqına səhiyyə sistemində, elmi institutlarda, rəhbər vəzifələrdə bu ruhla xidmət etdi. Lakin onun gerçək savaşı müharibədən sonra başladı. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış tibb tarixi kafedrasında assistent işləmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra isə direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır. Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində onun metodikası SSRİ-nin bir çox bölgələrində tətbiq olunmağa başlamışdır. Vəli Axundovun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilirdi. Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: “Su sağlamlığın aynasıdır.” Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlara başladı. Sututarlarının sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri bütün bunlar onun rəhbərliyi altında araşdırılır, elmi həllər tapılırdı. Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktoru elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru kimi çalışmışdır. Onun xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. Belə ki, yaşı yetmişə yaxın olsa da, ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən Axundov təkcə kabinet alimi deyildi. O, 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958–1959-cu illərdə isə Nazirlər Sovetinin sədri olmuşdur. 1959–1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmiş, ölkənin iqtisadi və elmi inkişafı üçün müəyyən addımlar atmışdır. Onun rəhbərliyi dövründə neft sənayesi və kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, sosial və elmi infrastruktur genişlənmişdir. Vəli Axundovun həyatı sadə kənd uşağından xalqına xidmət edən böyük şəxsiyyətə gedən yoldur. O, həm elm, həm də siyasət sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan xalqına uzun illər vicdanla xidmət etmişdir. 1986-cı ilin avqustunda dünyasını dəyişən Vəli Axundov Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elmi və siyasi tarixində dərin iz buraxmış şəxsiyyətlər sırasında hörmətlə anılır. Hazırda 300-dən çox elmi əsəri, 6 monoqrafiyası və onlarla kitabçası gənc tədqiqatçılar tərəfindən araşdırılır. Onun elmi məktəbindən çıxan doktorlar və alimlər bu gün də onun adını fəxrlə daşıyırlar. Vəli Axundovun həyatı yalnız elmlə yox, həm də əqidə ilə yazılmış bir dastandır. SSRİ-nin yüksək ordenləri, medalları və fəxri fərmanları onun fədakarlığının nümunəsidir. Amma onun ən böyük təltifi xalq yaddaşında əbədi qalmasıdır - bir alim, bir vətənpərvər, bir insan kimi. Bu gün biz Qələbənin 80 illiyini qeyd edərkən həm döyüş meydanında, həm də elmin səngərində vuruşan Vəli Axundovun adını sadəcə yad etmirik, ona haqqını qaytarırıq. Çünki bu bayramın qeyd olunmasında onun da haqqı vardır. Vəli Axundovun ömrü tamamlandı, amma o ömürdə yazılmış izlər silinmədi. O izlər laboratoriya masasındakı saralmış bir qeyd dəftərində, bir əsgərin sağalmış yarasında, bir kəndin təmizlənmiş suyunda, bir tibb tələbəsinin əzbərlədiyi monoqrafiyada yaşayır. Çünki elmin sükutuna bəzən bir insanın ömrü işıq saçır. Vəli Axundov o işıqlardan biri idi. Və bu işıq yalnız bir ömrün deyil, bir xalqın sağlam gələcəyinin işığıdır. Bu işıq illər keçsə də sönməyəcək. Bu ad hər zaman aydınlıq gətirəcək. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu