Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ata, ağlama, evə qayıdırıq! – Şuşa səfəri, I yazı

 

Sentyabrın 11-də Şuşaya səfər edəcəyimizi eşidəndə ilk ağlıma gələn atam oldu. Ona görə yox ki, o, Şuşada doğulan, ömrünün böyük hissəsini Şuşada keçirən, bütün qəlbi, ruhu ilə bu şəhərə bağlı olan və Şuşa həsrəti ilə dünyasını dəyişən sadə şuşalılardan biri kimi bu şəhəri dəlicəsinə sevirdi. Ona görə ki, mən Şuşanı məhz onun sayəsində sevmişdim. Atamın Şuşa haqqında danışdıqları məni bu şəhərə onun gözləri, onun könlü ilə baxmağa sövq etmiş, onun Şuşa sevgisi anbaan, günbəgün, ilbəil qeyri-ixtiyari şüuruma, ruhuma axmışdı. Lakin əminliklə deyə bilərəm ki, Şuşanı yurd yeri, and yeri kimi əsl dəyərini mənə anlatan atamın sevgi dolu sözləri deyil, onun göz yaşları oldu. Heç vaxt ağlamayan, ən dar məqamda da həyata nikibinliklə baxan atamın göz yaşları...

 

Boğazda qalan loxma...

 

Şuşanı ailə olaraq 1992-ci ilin 8 mart tarixində tərk etmişdik. O vaxt bizi Sumqayıta – dayımgilə yola salan atam şəhərin bombalanması dayanandan, ordumuz erməniləri məğlub edəndən sonra bizi geri qaytaracağını bildirmişdi. Təbii, o vaxt Şuşanın ermənilər tərəfindən işğal olunacağı, itiriləcəyi heç kimin ağlına gəlmirdi. Şuşa sakinləri bu ehtimalı özləri üçün təhqir hesab edir, bu barədə ara-sıra səslənən fikirlərə ən cəfəng, absurd iddia kimi yanaşırdılar. Lakin taleyin ümidinə buraxılan köməksiz şəhərin 1992-ci ilin 8 may tarixində işğalı acı bir gerçəyə çevrildi. Həmin gün şəhərin müdafiəsində iştirak edən onlarla insan qəhrəmancasına şəhid olsa da bu, şəhərin erməni faşistləri tərəfindən işğalına mane ola bilmədi.

 

Şuşanın işğalı xəbərini eşidəndə ailəmizin ilk ağlına gələn atamın taleyi oldu. Artıq bir gün keçsə də atamdan heç bir xəbər yox idi. Bəziləri onun öldüyünü, digərləri isə əsir götürüldüyünü  iddia edirdi. Ailəmizn mayın 9-u gecəsini də bu cür ağrılı və qorxunc düşüncələr, göz yaşları içində keçirdi.

 

10 may 1992-ci il... Günortadan xeyli ötüb... Dayımgilin həyət qapısı açılır və üst-başı toz-torpaq içərisində olan atam həyətə daxil olur. Şəhərin işğal edilməsi bizi nə qədər sarsıtsa da, atamın sağ qalmasına bir o qədər çox sevinirik. Cəmi bir neçə dəqiqədən sonra ev əhli əl-üzünü yuyub əyin-başını qaydaya salan atama eyni anda onlarla sual ünvanlanmaya başlayır. Ancaq heç kim əsas məsələ haqqında - Şuşanın həqiqətən də işğal edilib-edilmədiyi barəsində soruşmağa cürət eləmir. Sanki hamı bu suala qorxduqları cavabı alacaqlarından ehtiyat edir.

 

“İkinci dərəcəli” suallara ötəri cavab verən atamın davranışında diqqəti çəkən əsas məqam onun baxışlarını günahkar kimi bizdən gizləməsi, Şuşa itkisi fonunda zahiri soyuqqanlığını, saxta təmkinini qorumağa çalışmasıdır. Lakin görünür o bunu o qədər də yaxşı bacarmırdı. Bəlkə elə buna görə də onun daxili narahatlığını hiss edən qohumlardan kimsə ortamı yumşaltmaq, bu gərginliyə adi ovqat qatmaq üçün atamın iki gündür ac-susuz yollarda olduğunu xatırlatdı və üzünü ətrafdakılardan kiməsə tutub yemək gətirmələrini tapşırdı.

 

...Daha bir neçə dəqiqə keçir. Qohumların təkidi ilə atam ilk loxmanı ağsına qoyub udmağa çalışır. Lakin “nə isə” buna imkan vermir. Və birdən hər kəs tükürpədən hönkürtüdən dəhşətə gəlir. Və hər kəsin eşitməkdən qorxduğu baş verir. Atam üzümü anama tutaraq sel kimi axan göz yaşları içində sadəcə, “Daha Şuşa yoxdur” deyə bilir.

 

Mən yalnız həmin an necə böyük, dəhşətli hadisənin baş verdiyini dərk etdim. Məhz o zaman anladım ki, Şuşanını itirilməsi sadəcə evimizin, şəhərimizin itirilməsi demək deyil. Bu, mənim uşaq ağlımın dərk edə bilmədiyi daha böyük, daha mühüm nələrinsə itirlməsi deməkdir. Bu itkiyə elə şeylər daxildir ki, onun ağrısı bütün həyatı əzab-əziyyət içində keçən, od-alovda möhkəmlənən insanı belə başqaları önündə ağlamağa məcbur edir, onu göz önündəcə boğurdu. Məhz bu mənzərə Şuşanı – onun əsl dəyərini mənə yenidən kəşf etdirdi.

 

Ruhun ölümü və ya sağ qalmaq günahdır!

 

Sonralar həmin günü xatırladıqca daha bir həqiqəti başa düşdüm. Anladım ki, evini, şəhərini, torpağını itirən, bu səbəblə də başqa evə, başqa məkana sığınan insan fiziki baxımdan sağ olsa da, mənəvi baxımdan ölür. Bu ölüm birdən-biri deyil, tədricən baş verir və uzunmüddətli olur. Hansı ki, həmin gündən etibarən atam da beləcə ölməyə başlamışdı. Və ən pisi isə o idi ki, heç kim onun gözü önündə baş verən bu prosesə əngəl ola, bu ölümü dayandıra bilmirdi.

 

Atam Şuşasız yaşamağı bacarmırdı və ölənə qədər də bacarmadı. O, Şuşasız yaşamağı günah hesab edirdi. Ona görə vətənsiz yaşamağın, sağ qalmağın heç bir mənası yoxdur. Buna görə də, atam Şuşanın işğalından sonra nəfəs alsa da, yaşamırdı.

 

İndi, atamın ölümündən və Şuşanın işğaldan azad olunmasından sonra bütün bunları yada salanda düşünürəm ki, bəlkə də atam haqlı idi. Bəlkə də vətəni müqəddəs və vazkeçilməz edən onsuz sağ qalmaq günah olmasıdır. Bəlkə də vətən elə bu olan şeydir ki, ondan ayrı keçən günlər ömürdən sayılmır. Bəlkə də vətənsizlik elə ruhun ölümü deməkdir. Hansı ki, ruhun yoxluğu fonunda bədənin var olması heç bir önəm daşımır...

 

...Odur ki, həm 2020-ci ilin 8 noyabrında Şuşa erməni işğalından azad ediləndə, həm də 11 sentyabrda Şuşaya üz tutarkən üzümü yaddaşımda 1992-ci ildəki hönkürtüsü ilə qalan atama tutub bu sözləri demək gəldi içimdən: “Ata, ağlama, evə qayıdırıq!”

 

Əsgər ruhlarının keşik çəkdiyi müqəddəs yol...

 

11 sentyabr səhər saat 06:20. İçində mənim də olduğum avtobus “Azneft” dairəsindən hərəkətə başlayır. Saatlar ötdükcə rayonlar bir-bir geridə qalır. Magistral yolda sürətlə şütüyən avtobus bizi Füzuliyə yaxınlaşdırır. Avtobusumuz Füzulidən Şuşaya Zəfər yolu ilə hərəkət edəcək. 2020-ci ilin payızında hərbçilərimizin mərmi yağışı altında piyada hərəkət etdiyi, dağlar və meşələr içərisində addım-addım qət etdikləri müqəddəs yolla...

 

...Çox keçmir ki, avtobusumuz Zəfər yolu ilə şütüməyə başlayır. Meşələrlə əhatə olunan dağların qoynunda ilan kimi qıvrılaraq uzanan yollar yadıma Şuşa-Laçın yolunu, həmin yolun “Yeddi dolama” adlanan hissəsini xatırladır. Lakin Zəfər yolundakı dolamalar mənə “Yeddi dolama”dan daha uzun gəlir. Yolun kənarlarından dağların ətəyinə doğru açılan sıldırımlar da mənə daha dərin gəlir. Və avtobus bu yolla irəlilədikcə istər-istəməz 44 günlük Vətən müharibəsini, hərbçilərimizin bu müharibədəki qəhrəmanlığını xatırlayırsan. Gözlərinin önünə yüngül və ağır atıcı silahlarla silahlanan, günlərlə davam edən soyuq havalarda bitib-tükənməyən dağ yolları ilə Şuşaya doğru hərəkət edən əsgərlər gəlir. Dar gündə Vətənin səsinə səs verərək evdə yaşlı valdieynlərini, balaca körpələrini, xəstə yaxınlarını, yardıma möhtac doğmalarını qoyub gələn əsgərlər... Hansı ki, onların bəzisinə yenidən evinə dönmək, öz yaxınlarına yenidən sarılmaq nəsib olmayıb. O əsgərlər ki, onların bir qismi üçün bu yol şəhidliyə - əbədiyyətə uzanan yola çevrilib. O əsgərlər ki, onların bəzisinin yaxınları bu gün də onların ölümünə inanmır, inana bilmir və nə vaxtsa evlərinə qayıdacağına ümid edir.

 

Və bütün bunları düşündükcə adama elə gəlir ki, bu yola – Zəfər yoluna bu gün də şəhid hərbçilərin ruhları keşik çəkir. Bəlkə də şəhidlik onları bu müqəddəs yolların əbədi keşikçisinə çevirib. Bəlkə onlar bundan sonra da qan və alın təri ilə suladıqları bu yolu mühafizə etməkdə, bu yolları bundan sonra da qorumaqda davam edəcəklər... Ömrünün tamamını hərbə həsr edən əsgərlər kimi...

 

“Bəyaz qala”, yaxud isti ürəklərlə buz qayalara doğru...

 

Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan – az qala buludların qoynunda ağaran nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Bura Şuşadır. Üstündə qərar tutduğu ağ qayalar fonunda bəyaz qalaya bənzəyən doğma Şuşa... 29 il öncə xəyanət səbəbi ilə düşmənə yenik düşən, bir qərinəyə yaxın əsirlik həyatı yaşayan, torpağında babamın, nənəmin uyuduğu müqəddəs şəhər... 29 il ərzində yüzlərlə şuşalının həsrəti ilə öldüyü, onlarla döyüşçünün uğurunda şəhid olduğu doğma yurd yeri...

 

Avtobus Daşaltı kəndinin boyu yolla irəlilədikcə ötən ilin soyuq noyabr günləri yada düşür. Istər-istəməz döyüşçülərimizin bu yollarla piyada Şuşaya necə yaxınlaşdıqları, mərmi yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə dırmaşdıqları haqqında düşünürsən. Gözlərinin önünə soyuq barmaqları ilə buz tutan qayalıqlardan yapışıb yuxarı qalxan, hər an yıxılmaq, yaxud düşmən gülləsinə hədəf olmaq təhlükəsi ilə üzləşən əsgərlərimiz gəlir. Onların ağır əsgər çəkmələri, atıcı silahlar, hərbi ləvazimatlarla bu qayaları səssiz-səmirsiz necə dırmaşa bildiklərini təsəvvür etməyə çalışırsan. Və bu zaman xəyallarının sərhədlərinin daraldığını, təsəvvür gücünün yetərli olmadığını hiss edirsən. Hiss edirsən ki, bu qəhrəmanlığı təsəvvür etmək, onu düşüncə olaraq yaşamaq belə böyük güc, özünəinam və cəsarət tələb edir. Bəlkə bu qəhrəmanlığı təkrarsız və böyük edən onun xəyalının belə qeyri-adi, heyrətaimiz olmasıdır.

 

Daşaltı kəndindən Şuşanın ağaran qayalıqlarına baxdıqca bu qayaları güllə yağışı altında fəth edən, onun buz soyuqluğunu ruhundakı vətən sevgisi ilə isidən, qayların sərtliyinə dəmir iradələri ilə qalib gələn, bu mübarizənin gedişində özləri də yeriyən qayalara çevrilən insnalarla eyni səma altında yaşadığına, onlarla eyni qanı daşıdığına, eyni bayrağın keşiyində dayandğına görə böyük bir fərəh və qürur hiss edirsən. Və içində baş qaldıran dərin bir inam səni əmin edir ki, vətən oğullarının sərgilədiyini bütün bu igidliklər bu vətənin özü kimi əbədi və həmişəyaşardır. Nə zamansa bu vətənin başı üzərini qara buludlar alarsa, o zaman tarixə çevrilən bu qəhrəmanlıqlar vətənin gələcək oğullarının simasında yenidən təkrarlanacaq, dövlətimizin xalqımızın, bayrağımızın əbədi toxunulmazlığını təmin edəcəkdir...

 

Seymur ƏLİYEV

2021-10-07 11:01:00
1271 baxış

Digər xəbərlər

Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib

Konfransın sonunda Prezident İlham Əliyevə müraciət ünvanlanıb   Veteran.gov.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.   Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.   Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.   Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.   Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.   Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.   Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.   Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.   Daha sonra  Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Yeni dövlət proqramları: iqtisadiyyatın gələcək inkişafına doğru addım

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında proqramın hazırlanma tarixçəsindən danışıb — aprelin əvvəlində müvafiq Sərəncam imzalandığını və bir neçə ay ərzində hazırlıq işlərinin aparıldığını bildirib. Müşavirədən sonra prezident yeni Sərəncam imzalayaraq proqramı rəsmən təsdiq edib.2027-ci ildən icrasına başlanacaq proqram dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi kimi nəzərdə tutulub. Əsas hədəf sektorun gəlirinin iki dəfə artırılmasıdır, bunun üçün isə təxminən 5,3 milyard manat investisiya tələb olunur. Sosial baxımdan da əhəmiyyətlidir — proqram beş mindən çox daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, dağ-mədən sənayesi Davos Ümumdünya İqtisadi Forumunda xarici investisiyaların cəlbi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ölkənin əsas prioritet sahələrindən biri kimi dəyərləndirilib.Proqramın icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirəcək və ildə bir dəfə prezidentə hesabat veriləcək. Monitorinq və qiymətləndirmə funksiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.Prezident müşavirədə son dövrlər qəbul olunmuş digər dövlət proqramlarına da toxunub. Qəbul edilmiş proqramlar arasında əsas istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı (meliorasiya, Bakı-Abşeron yarımadasının su təminatı) sahələri qeyd olunub, baxmayaraq ki, real olaraq daha çox sayda proqram təsdiq edilib.Dövlət başçısının fikrincə, bu proqramlar böyük vəsait tələb etsə də, həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təminatını yaxşılaşdıracaq. Vaxt çərçivəsinə gəlincə, qəbul edilmiş proqramların əksəriyyəti qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra olunmalıdır. Su proqramı nisbətən daha uzun müddət tələb edir, dağ-mədən və metallurgiya proqramı isə cəmi dörd il ərzində icra edilməlidir.Prezident ölkə iqtisadiyyatının cari vəziyyətinə də münasibət bildirib: hazırkı artım templərinin çox da yüksək olmamasının səbəbini ilk növbədə neft hasilatının aşağı düşməsi ilə əlaqələndirib. Məhz bu fonda qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadi şaxələndirmə baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrindəki digər proqramlarla birlikdə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində vahid strategiyanın tərkib hissəsidir. Milyardlarla manat investisiya, minlərlə yeni iş yeri və dəqiq icra müddətləri ilə bu proqramlar həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına, həm də əhalinin sosial rifahının artırılmasına xidmət etməklə ölkə iqtisadiyyatının daha dayanıqlı əsaslar üzərində inkişafına töhfə verməyə hesablanıb. Bu proqramların paralel şəkildə icrası göstərir ki, dövlət neft gəlirlərindən asılılığı azaltmaq üçün ardıcıl və sistemli bir yanaşma nümayiş etdirir, hər bir sahəyə ayrılan vəsait isə təsadüfi deyil, konkret hədəflər və nəzarət mexanizmi ilə müşayiət olunur. Bununla yanaşı, dörd illik qısa icra müddəti dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyur və proqramların uğuru əsasən icra intizamından və vaxtında maliyyələşdirmədən asılı olacaq. Nəticə etibarilə, bu strateji sənədlər təkcə sənaye göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha çevik, şaxələndirilmiş və xarici təsirlərə davamlı bir modelə keçidinə xidmət edir. Zaur MuradovYeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri

Hamısını oxu
“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı qeyd etdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə, onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların baş verməsində maraqlıdırlar. Və nə qədər qəribə, məntiqə zidd olsa da, məhz bu ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər ki, bu da absurddur. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar onu deməyə əsas verir ki,  Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək. Ermənistan isə anlamalıdır ki, onu sıçrayışla silahlandıran, onu yeni təxribatlara həvəsləndirən bu dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Necə ki, Prezidentimizin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2020-ci ilin antiterror tədbirlərində şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan qəti qələbələr hesabına ədaləti bərpa etdi və sübut etdi ki, hər şey məhz onun istədiyi kimi olacaq. Bu səbəbdən də Ermənistan sözügedən dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.  

Hamısını oxu
Qazaxıstanda 27 Sentyabr - Anım Günü və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş təqdimat keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib.   Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər.   Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb.   Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib.   Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib. Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib.   “Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib.   Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub. Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb. Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.  

Hamısını oxu