Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

X X X

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dedi:

-Zati-aliləri, hörmətli nümayəndələr, xanımlar və cənablar. Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş bu Yüksək Səviyyəli Toplantıda sizi Qoşulmama Hərəkatının sədri, Azərbaycan və Serbiya tərəfindən təşkil olunan bu görüşün birgə ev sahibi qismində səmimi salamlayıram. Bu gün biz tarixi hadisəni qeyd edirik. Çünki 1961-ci ildə Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının ilk konfransı Belqradda keçirilmişdir. Müzakirələrə keçməmişdən əvvəl toplantının gündəliyi qəbul olunmalıdır. Toplantının şərti gündəliyi nümayəndələrə paylanmışdır. Əgər etiraz yoxdursa, gündəliyi qəbul etmək olar. Belə görünür ki, etiraz yoxdur. Odur ki, toplantının gündəliyi qəbul olunur.

X X X

Sonra dövlətimizin başçısı toplantıda videoformatda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Prezident Vuçiç.

Xanımlar və cənablar.

İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.

1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.

Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.

Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.

İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi.

Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.

BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.

Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham Əliyev: İndi isə toplantının iştirakçılarına müraciət etmək üçün sözü tədbirin birgə ev sahibi, mənim əziz dostum, Serbiya Respublikasının Prezidenti, Zati-aliləri cənab Aleksandr Vuçiçə verməkdən şərəf hissi duyuram. Buyurun, cənab Prezident.

Serbiya Prezidenti Aleksandr Vuçiç: Əziz dost, cənab Əliyev.

Çıxışınıza görə, bu möhtəşəm toplantının təşkilatçılığında iştirakınıza görə Sizə təşəkkür edirəm. Bu işə verdiyiniz töhfəyə görə Sizə minnətdaram.

Serbiya Prezidenti bu təşkilatın yaradılması ideyasının sülhə əsaslandığını bildirdi. O, siyasətdə, mədəniyyətdə və ya iqtisadiyyatda əməkdaşlığın inkişafı üçün sülhün təməl prinsipi rolunu oynadığını diqqətə çatdırdı.

Aleksandr Vuçiç bu tədbirə verdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: Təşəkkür edirəm, mənim əziz dostum İlham Əliyev. Bu gün burada bizimlə birlikdə olmadığınıza görə həqiqətən təəssüflənirəm. Azərbaycana ən xoş salamlarımı çatdırıram. Bir daha çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun, mənim əziz dostum cənab Prezident Vuçiç. Mən də Sizinlə birlikdə olmadığıma təəssüflənirəm. Lakin hesab edirəm ki, məsafə bizim dostluğumuz, bizim həmrəyliyimiz üçün maneə deyil. Belə bir toplantının təşkil edilməsi və bu tədbirin mükəmməl təşkilatçılığına görə, möhtəşəm bir təşəbbüsü irəli sürdüyünüz üçün Sizə şəxsən bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox parlaq çıxışınıza görə təşəkkür edirəm, liderliyiniz üçün təşəkkür edirəm. Tezliklə Sizi şəxsən görəcəyimə ümid edirəm.

İndi isə çıxış üçün Zati-aliləri, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti cənab Abdulla Şahidi dəvət edirəm. Buyurun.

Abdulla Şahid: Bismillahir Rəhmanir-Rəhim. Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Vuçiç, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Zati-aliləri, xanımlar və cənablar.

Qoşulmama Hərəkatının 60-cı ildönümünü qeyd etmək üçün sizinlə birgə olmaq mənim üçün həqiqətən də şərəfdir. Mən Serbiya və Azərbaycan hökumətlərini bu toplantıya birgə ev sahibliyi etdiyi üçün təqdir edirəm. Mən, həmçinin çox çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının liderliyini xüsusi olaraq vurğulayıram.

Abdulla Şahid Qoşulmama Hərəkatının dünyada sülhü, əməkdaşlığı və dostluğu təşviq etdiyini vurğuladı.

Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının əhəmiyyətindən danışan Abdulla Şahid dedi: Bu səylər 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən irəli sürülmüş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyası zamanı çox yaxşı nümayiş etdirilmişdi. Xüsusi sessiyada pandemiyaya qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinin görülməsi üçün güclü çağırış edildi və təcrübəni paylaşmaq üçün nadir bir imkan təmin olundu. Qoşulmama Hərəkatının COVID-19-a qarşı çoxtərəfli yanaşmaya dəstəyi BMT Baş Assambleyasının 76-cı sessiyası ilə bağlı mənim baxışımla üst-üstə düşür.

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid daha sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini vurğulayaraq dedi: İcazə verin, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hökumətini gənclərə xüsusi diqqət yetirdiyi, xüsusən də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini və Qoşulmama Hərəkatının Modul Simulyasiya Təlimini yaratdığı üçün alqışlayım. Baş Assambleyanın prezidenti olaraq gənclərin inkişafı və gender bərabərliyi məsələləri mənim üçün də prioritetdir.

Prezident İlham Əliyev: Çıxışına görə BMT Baş Assambleyasının prezidentinə təşəkkür edirəm.

İndi isə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri Antonio Quterreşin toplantı iştirakçılarına ünvanlanmış və əvvəlcədən yazılmış videomüraciətini təqdim etmək üçün sözü Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Zati-aliləri Miroslav Yençaya verməkdən şərəf hissi duyuram.

Miroslav Yença tədbirin mükəmməl təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi.

BMT-nin Baş katibi Antonio Quterreş isə videomüraciətində qeyd etdi ki, Qoşulmama Hərəkatı BMT-yə üzv ölkələrin üçdəikisini birləşdirir və təşkilat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Bütün ölkələrin əhalisinin təcili olaraq peyvəndlənməsinin əhəmiyyətini qeyd edən Baş katib xüsusilə “Böyük İyirmilik” ölkələrinin səyləri səfərbər edərək Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvəndləmə strategiyasını həyata keçirməli olduğunu vurğuladı.

Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Baş katibə təşəkkürümü bildirirəm.

Əziz həmkarlar, indi biz Qoşulmama Hərəkatının 60 il əvvəl Belqradda keçirilmiş birinci sammiti ilə bağlı serbiyalı dostlarımız tərəfindən hazırlanmış qısa filmə tamaşa edəcəyik.

X X X

Qoşulmama Hərəkatının ilk sammitindən bəhs edən qısa film nümayiş olundu.

X X X

Prezident İlham Əliyev: Əziz dostlar. Mən hamımızın adından Qoşulmama Hərəkatının banilərinin xatirəsinə dərin hörmətimizi ifadə etmək, baxışlarına, göstərdikləri həmrəyliyə və gördükləri işlərə görə onlara minnətdarlıq ifadə etmək istərdim. Onlar 60 ildir öz səmərəliliyini nümayiş etdirən və böyük gələcəyi olan bir təsisatın təməlini qoyublar.

Hörmətli həmkarlar. İndi biz yubiley toplantısının birinci plenar iclasına keçəcəyik. Qoşulmama Hərəkatının təsisçilərindən biri olan Qana Respublikasının Prezidenti Zati-aliləri Nana Addo Dankva Akufo-Addonun bu gün bizimlə birgə olması bizim üçün şərəfdir. Mən Zati-alilərini çıxışını təqdim etməyə dəvət edirəm.

Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının vacibliyini vurğulayan Qana Prezidenti ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətindən danışdı. Bundan əlavə, o, pandemiyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Qana Respublikasının Prezidentinə təşəkkür edirəm.

Bizim növbəti çıxışçımız keçmiş Yuqoslaviyanın varisi olan dövlətlərdən biri, Qoşulmama Hərəkatının daha bir təsisçisi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zati-aliləri cənab Milorad Dodikdir.

Milorad Dodik: Mən Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu tədbirin Belqradda keçirilməsi ilə bağlı nəcib qərara görə Serbiyanı və Azərbaycan Prezidenti Zati-aliləri cənab Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Cənab sədr, icazə verin, bu hərəkata hörmətimi ifadə edim.

Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilmiş son toplantısından ötən müddətdə dünyanın ən böyük böhranlardan biri - koronavirus pandemiyası ilə üz-üzə qaldığını deyən Milorad Dodik pandemiya zamanı yoxsul ölkələrin problemlərinin unudulduğunu bildirdi. O, hərbi münaqişələr, iqlim dəyişikliyi, miqrasiya böhranı, iqtisadi bərabərsizlik, terrorizm, ekstremizm kimi problemlərdən narahatlığını ifadə etdi.

Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvünə təşəkkürümü bildirirəm.

İndi isə çıxış etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Zati-aliləri Aymen Benabderrahmaneni dəvət edirəm.

Əlcəzairin Baş naziri Aymen Benabderrahmane tədbirin təşkilinə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi, Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkdi.

Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Əlcəzair Xalq Demokratik Respublikasının Baş nazirinə təşəkkürümü bildirirəm.

Xanımlar və cənablar. Mən xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının 2021-ci ilin iyulunda keçirilmiş nazirlər səviyyəsində son toplantısında üzv ölkələrin yekdil dəstəyi ilə Rusiya Federasiyasına Hərəkatda müşahidəçi statusu verilib. Hamımızın adından mən Rusiya Federasiyasını müşahidəçi statusu münasibətilə təbrik etmək istərdim. Bu gün Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov bizimlə birlikdədir. O, Qoşulmama Hərəkatında müşahidəçi ölkənin xarici işlər naziri kimi çıxış edəcək. Cənab nazir, söz sizindir.

Sergey Lavrov: Hörmətli Prezident Əliyev, Prezident Vuçiç, xanımlar və cənablar, həmkarlar və dostlar. İlk növbədə, mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim.

Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi.

Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.

Prezident İlham Əliyev: Mən çıxışına görə nazir Lavrova minnətdarlığımı bildirirəm.

Bu gün yubiley toplantısında nazir səviyyəsində təmsil olunan yeganə xüsusi qonaq ölkə olan Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da bizimlədir. Mən çıxış üçün sözü cənab Çavuşoğluna vermək istəyirəm. Buyurun.

Mövlud Çavuşoğlu: Təşəkkür edirəm, Prezident Əliyev, Prezident Vuçiç, prezidentlər, Zati-aliləri, dostlar.

İcazə verin, Prezidentim Ərdoğanın sizin hamınıza salamlarını çatdırım. Bu tarixi toplantıda sizin qarşınızda çıxış etmək məndə məmnunluq hissi doğurur. İcazə verin, dəvətə görə Azərbaycana və Serbiyaya minnətdarlığımı bildirim. Mən uğurlu sədrlik münasibətilə Azərbaycanı təbrik edirəm.

Türkiyənin xarici işlər naziri təşkilatın 60 il əvvəl qəbul olunmuş ilk bəyannaməsində qeyd olunan iqtisadi bərabərsizlik, BMT-də islahatlar və qlobal məsələlərə inklüziv yanaşma kimi məsələlərin hələ də aktual olaraq qaldığını vurğuladı.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, Zati-aliləri cənab Çavuşoğlu, bəyanatınıza görə təşəkkür edirəm.

Xanımlar və cənablar. Bununla da yubiley toplantısının plenar iclasının səhər hissəsi başa çatır. İclas tədbirin proqramına uyğun olaraq fasilədən sonra davam edəcək. Bununla da iclasa fasilə verildiyini elan edirəm.

2021-10-12 09:45:00
951 baxış

Digər xəbərlər

Cərimə rotasını “yenilməzlər rotası”na çevirən Sovet İttifaqı Qəhrəmanı: Ziya Bünyadov!

Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində,  ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.   Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".   Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.  Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.    Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada –  Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.   O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.   Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.   Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.   1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Hamısını oxu
“Zatulinin Azərbaycan və Türkiyəni hədəfə alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsidir”

“Rusiya  Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”. Bunu saytımıza açıqlamaısnda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir: “Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya  məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri  açıqlamalar da təsiqləyir. .  Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”.  Seymur ƏLİYEV

Hamısını oxu
Впереди – 75-летие Великой Победы

Ветеранское сообщество стран СНГ сверяет ориентиры. По итогам Пленума Координационного совета «Международного союза общественных организаций ветеранов (пенсионеров) независимых государств 21 ноября 2018 г. Александр Колотило. Газета Красная Звезда от 03.12.2018 г. Нам есть что вспомнить. Фото автора. Содружеству ветеранов исполняется 32 года. Точкой отсчёта в его истории стало создание в декабре 1986 года единой всесоюзной общественной организации, объединившей в своих рядах ветеранов всех категорий. Ветеранская организация за короткое время стала одним из самых массовых общественных объединений в СССР. С его распадом ветеранское движение оказалось в новой социальной реальности. 2-я конференция Всесоюзной организации ветеранов войны и труда, состоявшаяся в декабре 1991 года, приняла решение о её преобразовании в Содружество (союз) организаций ветеранов независимых государств и избрала его руководящий орган – координационный совет. Прошедшие 27 лет подтвердили правильность и своевременность принятых решений. Все эти годы ветеранское содружество борется за социальные права и интересы ветеранов постсоветских республик, за сохранение дружбы и развитие сотрудничества между народами некогда единой страны. С 1999 года координационный совет Международного союза «Содружество общественных организаций ветеранов (пенсионеров) независимых государств» возглавляет адмирал флота Алексей Иванович Сорокин, заслуженный ветеран Великой Отечественной войны с огромным опытом практической работы по защите Отечества в советское время. Его доклад, прозвучавший на недавнем пленуме координационного совета, был посвящён актуальным вопросам активизации работы ветеранских организаций по решению социально-экономических и медицинских проблем ветеранов Великой Отечественной войны. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров. Ещё два года назад в их числе было более 300 тысяч фронтовиков, два с половиной миллиона тружеников тыла военных лет, полтора миллиона участников боевых действий в локальных войнах и вооружённых конфликтах, более двух миллионов ветеранов военной службы, 23 миллиона ветеранов труда. Однако эти цифры постоянно меняются. За прошедшие семь лет после V съезда Международного союза ветеранов численность активных участников Великой Отечественной войны – фронтовиков – сократилась более чем в три раза. Но фронтовики как были, так и остаются боевым ядром и духовным стержнем ветеранского движения, а забота о них является одной из приоритетных задач не только ветеранских организаций, но и государственных органов. Эта мысль проходила красной нитью в докладе адмирала флота Алексея Сорокина. Он сообщил, что на сегодняшний день во всех 15 бывших союзных республиках, а также в Абхазии и Южной Осетии числится примерно 2 миллиона 300 тысяч ветеранов войны. В России, по официальным данным, на  1 апреля этого года проживало примерно 1600 тысяч ветеранов войны, а фронтовиков, то есть тех, кто непосредственно участвовал в боевых действиях, всего около 15 тысяч. В других республиках их значительно меньше. Важно, чтобы фронтовики, которым сейчас более 90 лет, были на особом учёте в ветеранских организациях. Социальная поддержка фронтовиков должна заключаться в их реальной материальной поддержке, в помощи в жилищной и жилищно-коммунальной сферах, в лекарственном обеспечении, внедрении новых форм оказания медицинской помощи. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров После распада СССР в наихудшем положении оказались ветеранские организации прибалтийских республик. Поскольку они объединяют в своих рядах в основном ветеранов Великой Оте­чественной войны (правительства этих стран издевательски считают их оккупантами), то ветераны бывшей советской Прибалтики не только лишены заслуженных ими льгот, но и являются в ряде случаев объектами судебного преследования. Особое внимание в докладе адмирала флота Алексея Сорокина было уделено также положению дел в ветеранской организации Украины. Настроение у многих ветеранов на Украине угнетённое, отметил он. В стране действует закон о запрете советской символики, в том числе звезды и гвардейского знака. Следует отметить, что пленум координационного совета проходил в форме совместного заседания с Комитетом ветеранов войны и военной службы. Поэтому вторым докладчиком на мероприятии был заместитель председателя координационного совета – председатель Комитета ветеранов войны и военной службы генерал-майор в отставке Владимир Ткаченко. Его доклад был посвящён задачам повышения социальной активности участников локальных войн и вооружённых конфликтов, ветеранов военной службы в воспитании молодёжи на героических подвигах участников Великой Отечественной вой­ны и боевых традициях защиты Родины в преддверии 75-летия Великой Победы.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

Hamısını oxu