Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.

 

Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq

 

Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.

 

Sabitlik və təhlükəsizlik adası

 

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.

 

Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş

 

Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir. 

 

Dövlətçilik tariximizin zirvə hadisəsi

 

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.

 

Yeni zirvələrə doğru

 

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2021-12-24 10:58:00
975 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər Xiyabanını ziyarət edib

27 sentyabr –Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid məzarlarına gül dəstələri qoyan veteranlar vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsini ehtiram hissi ilə yad edib.  Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə ilk növbədə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov buna görə Prezident İlham Əliyevə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 18 mart tarixində Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayon mərkəzindən 47 kilometr uzaqlıqda yerləşən ucqar dağ kəndi Musalıya gedib kənd orta məktəbinin direktoru İsrail Quluyevin və veteran müəllim Adıgözəl Nuriyevin  iştirakı ilə şəhid Elşən Niftullayevin ailəsini ziyarət ediblər. Təşkilatın sədri Ədalət Salman şəhid ailəsini Novruz bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik etdikdən sonra şəhidlər haqqında yazdığı kitabı şəhidin ev muzeyinə bağışlayıb. Şəhidin babası Gülağa kişi bu əziz gündə şəhid qapısını açıb ailəsinə baş çəkdikləri üçün Veteranlar Təşkilatının üzvlərinə minnətdarlığını bildirib və onları şəhidin qardaşının aprel ayında keçiriləcək toy şənliyinə dəvət edib. Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin fərmanı ilə  "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu
Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və bu səfər əsnasında səslənən fikirlər iki ölkə arasındakı dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü, eyni zamanda, iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın inkişafına töhfə verəcək. Hazırda da iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar. Respublika Veteranları Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olduğunu əks etdirdi. Bu görüş göstərdi ki, dövlətlərimiz kimi, prezidentlərimiz arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Dünya praktikası sübut edib ki, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası münasibətlərə təsiri hər zaman böyük olur. Bu baxımdan Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin də dövlətlərarası münasibətlərə fayda verəcəyi birmənalıdır. “Dövlət başçılarının görüşü həm də 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmək istəməyən, bu yolda süni maneələr yaratmağa çalışan Ermənistana da ciddi mesajdır. Artıq bir neçə aydır ki, Ermənistan 10 noyabr Bəyanatının icrasını süni şəkildə əngəlləməyə, müxtəlif təxribatlar törətməyə çalışır. Ancaq bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınmaqdadır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Rusiya səfərində biz hər iki dövlət başçısının 10 noyabr Bəyanatına münasibətdə eyni mövqe sərgilədiyinin şahid olduq. Hər iki dövlət başçısı əminliklə vurğuladı ki, üçtərəfli Bəyanat icra edilməli, orada nəzərdə tutulan bütün məqamlar praktiki baxımdan əksini tapmalıdır. Bu baxımdan, Prezidentimizin Rusiya səfərini həm də Ermənistana, onun təxribatçı hərəkətlərinə verilən cavab, ciddi bir mesaj kimi də dəyərləndirmək mümkündür. Bu mesajın anlamı isə ondan ibarətdir ki, Ermənistan 10 noyabr Bəyanatını icra etməli, orada əksini tapan bütün nüansların, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat infrastrukturunun formalaşması ilə bağlı məqamların icrasına süni əngəl yaratmamalıdır. Əks-təqdirdə, bu siyasət Ermənistanın özü üçün ağır nəticələrə, o cümlədən böyük iqtisadi itkilərə, sosial fəlakətə səbəb olacaq”, - deyə hərbi ekspert əlavə edib.

Hamısını oxu
TƏBİB və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb: “Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”. Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb. İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq. Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.  

Hamısını oxu