Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QHT sədri: “Uğurla inkişaf edən Azərbaycanın dünyada nüfuzu getdikcə güclənməkdədir”

Azərbaycan xalqı 2021-ci ilə uğurla yekun vurdu. Ölkəmiz 2020-ci ildə düşmən üzərində qazandığımız möhtəşəm Qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha da möhkəmləndi. Avropa İttifaqı, dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Uğurla inkişaf edən ölkəmizin dünyada nüfuzu getdikcə güclənməkdədir.

 

Bu fikirləri Azərtac-a açıqlamasında "Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

 

Y.Abdiyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm və əlamətdar hadisə olduğunu bildirib. Şuşanın müqəddəs şəhər olduğunu diqqətə çatdıran QHT sədri ötən müddət ərzində burada mühüm işlərin görüldüyünü qeyd edərək deyib:

 

“Şuşada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq dastanı nümunəsidir. Bu torpaq, bu şəhər cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq”.

 

Y.Abdiyeva qeyd edib ki, digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət paytaxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qarabağın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək.

 

“Dövlətimizin başçısı xalqa təbrikində regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını və bunun Azərbaycanın maraqlarına cavab verdiyini qeyd etdi. Humanist prinsipləri dövlət siyasətində hər zaman əsas tutan Prezident İlham Əliyev onu da vurğuladı ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrinin qurulacağı mümkün ola bilər. Bu isə reallıqla barışmaqdan başqa çarəsi qalmayan qonşumuzdan asılıdır. Regional çərçivədə öz rolunu artırmaq artıq onun öz öhdəsindədir”, - deyə Yazgül Abdiyeva vurğulayıb.

 

Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin hər bir həmvətənimizə qürur hissi yaşatdığını deyən QHT sədri bu sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildirib.

 

2022-01-09 00:14:00
1111 baxış

Digər xəbərlər

İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar bütün dünya üçün həyəcan təbilidir -TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışı böyük marağa səbəb olub. Son illər Xəzərin sürətlə dayazlaşdığına diqqət çəkən dövlət başçısı, problemin davam edəcəyi təqdirdə, fəlakətli nəticələrin ortaya çıxacağını bildirib.  Xəzərin dayazlaşma miqyasını iştirakçıların diqqətinə çatdırmaq üçün konkret rəqəmlər səsləndirən dövlət başçısı qeyd edib ki, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb. Prezident vurğulayıb ki, “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”. Azərbaycan Prezidentinin səsləndiriyi hər iki fakt Xəzər dənizinin sürətlə dayazlaşdığını, bu prosesin günümüzdə də eyni templə davam etdiyini göstərir. Bu isə Xəzərlə bağlı mövcud ekoloji problemin sürətlə böyüdüyü deməkdir. Hansı ki, böyüyən problemin fəsadlarının da böyük olacağı birmənalıdır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən daha bir nüans Xəzərdə yaşanan ekoloji böhranın digər sahələrə - insanların gündəlik yaşamına, ticarət və nəqliyyata, iqtisadiyyatın bir çox sahəsinə bilavasitə təsir göstərməsi gerçəyidir. Dövlət başçısı vurğulayıb ki, ekosistemin dəyişməsi bir sıra problemlər, xüsusilə də iqtisadiyyat və infrastruktur problmləri ilə yanaşı müşahidə edilir: “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük”. Prezidentin məlum fikirləri ekoloji problemlərin ekoloji problem olaraq qalmadığını, öz növbəsində yeni, zəncirvari problemlər doğurduğunu göstərir. Buna görə də ekoloji problemlərə “lokal”, ekoloji faktorlarla sərhədlənən problem kimi yanaşmaq yanlışdır və bu cür yanaşma məlum problemin nəticələrini yalnız və yalnız ağırlaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar yalnız Xəzərsahili dövlətlər üçün deyil,  bütün dünya üçün ciddi həyəcan təbili sayıla bilər. Çünki ekologiya sərhəd tanımır və Xəzərin quruması Azərbaycanı nə qədər narahat edirsə, hansı qitə və coğrafiyada yerləşməsindən asılı olmayaraq, hər bir dövləti eyni dərəcədə narahat etməlidir. Məhz belə yanaşı, eləcə də səmimi birlik, həmrəylik və əməkdaşlıq həyatımıza, yaşam və sağlamlığımıza birbaşa təsir göstərən ekoloji problemlərin etibarlı həllini təmin edə bilər. Seymur ƏLİYEV  

Hamısını oxu
Erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman HƏRBİ EKSPERT AÇIQLADI

"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı

Hamısını oxu
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu