Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O demişdir: “Bu gün mart soyqırımının törədilməsindən 100 il ötür. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Biz həmin soyqırımın və sonrakı illərdə ermənilərin tərəfindən törədilmiş qətliamlar barədə bütün dünyanı, xüsusilə beynəlxalq təşkilatları, elmi mərkəzləri məlumatlandırmalı, dünya ölkələrinin  parlamentlərini, müvafiq dövlət orqanlarını bu məsələyə obyektiv, rəsmi münasibət bildirmələrinə nail olmalıyıq”. Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək demişdir: “Bu soyqırımın təməli 2 əsr öncədən qoyulmuşdu. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən ilk öncə çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsusən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni  millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından çar ordusundan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası təqribən 20 minə yaxın qoşunla iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək məqsədilə Gəncə istiqamətində cəbhə boyu hücuma keçmişdi. Ancaq tərkibi türk və azərbaycanlı əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunun səyləri nəticəsində bu qara niyyətin qarşısı alındı. Bakı da daxil olmaqla Gəncə istiqamətində bütün ərazilər azad edildi”. Mart soyqırımının araşdırılması barədə danışan məruzəçi daha sonra demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə digər çıxışlarda 31 mart hadisələri ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış,  ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.

2018-04-26 00:00:00
4312 baxış

Digər xəbərlər

Bu gün faşizm üzərində Qələbədən 77 il ötür

Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur. Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Azərtac xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.  

Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir. Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir. Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir".  

Hamısını oxu
Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb

Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb. Azərtac xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər. Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub. Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək. Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir. Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir. Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.  

Hamısını oxu