Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AZMİU-da yaddaqalan TƏDBİR: Poladlaşan Azərbaycan qadınlarına “8 Mart” təbriki...

Dünən – 4 mart 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı tədbir keçirilib. 

 

Tədbir Universitetin Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın təşəbbüsü və Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın nəcib dəstəyi ilə təşkil olunub. Görüşdə professor, müəllim heyəti və tələbələr işirak ediblər. Tədbiri yaddaqalan, eləcə də əyləncəli və rəngarəng edən çoxsaylı komponentlər olub. 

 

Görüş öncəsi zalın qarşısındakı dəhlizdə tələbələrin hazırladıqları gözoxşayan rəsm əsərləri nümayiş olunub. 

 

Sərgiyə qatılanlar əsərlərlə yaxından tanış olublar. Əlbəttə, görüşdən öncə belə bir sərginin reallaşması sözün yaxşı mənasında bütün iştirakçıların ürəyini riqqətə gətirdi. Kimi əsərlərlə xatirə fotosu çəkdirir, kimi onları hazırlayan tələblərlə söhbətlər, müzakirələr aparır, kimi də əsərlərin fəlsəfəsini çözməyə çalışırdı. 

 

Bir sözlə, həmin an hər kəsin çöhrəsinə xəfif və həlim təbəssüm qonmuşdu. Xoş ovqat, pozitiv aura yaranmışdı. 

 

Biz də işimiz gərəyi əsərləri kameramızın yaddaşına köçürüb tarixiləşdirdik. Kənardan müşahidələrimizi davam etdirirdik ki, elə bu məqamda professor Gülçöhrə xanım Məmmədova fotosərgiyə təşrif  buyurdu və əsərlərə baxış keçirdi. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, görülən işləri, tələbələrin bu bacarıqlarını yüksək qiymətləndirdi. Ardınca hər kəs zala daxil oldu və tədbir başladı...

 

Öncə aparıcılar hər kəsi salamlayıb xoş əyləncə arzuladılar. 

 

Tədbir universitetin tələbəsi Səbuhinin ifası ilə start götürdü. İfa qonaqların ruhunu oxşadı və iştirakçılar tələbəni alqışlarla yola saldılar. 

 

Bundan sonra digər tələbəmiz Mina milli rəqsimiz olan “Tərəkəmə” rəqsini ifa etdi ki, bu da öz növbəsində qonaqları tarixi və mədəni keçmişimizə apararaq onlara nostalji duyğu aşıladı. 

 

Ardınca Azərbaycan xanımlarının ölkə tarixində tutduğu yer və oynadığı rolu əks etdirmək üçün tələbələr: İlkarə, Əli, Ayna, Həsənəli, Rəhim, Nihad və Şövqünün hazırladığı “Tomris xatun” səhnələşdirildi. Böyük zəhmət və yüksək peşəkarlıqla hazırlanmış tamaşa qonaqları yaxşı mənada mütəssir etdi. “Tomris xatun”da Azərbaycan qadının həqiqət və cəsarət üzərində köklənmiş dəyanəti qonaqlara nümayiş olundu. 

 

Daha sonra tələbənin ifasında sazda “Qarabağ şikəstəsi” ifa olundu ki, bu da iştirakçılarda sentimental hisslər yaratdı, bəzi məqamlarda onları kövrək notlara köklədi. 

 

30 illik Qarabağ həsrətini və bu nisgilə, Qarabağsızlığa son qoyan 44 Günlük Vətən Savaşını, bu müharibədə döyüşən qəhrəman bacı və qardaşlarımızı, Poladlaşan analarımızı, gəlinsiz qalan evləri, övladının şəhid xəbərini eşidincə bir gecədə saçları dümağ olan analarımızı yada saldı. 

Əslində  8 Martla bağlı gerçəkləşən bu tədbir həm də qəhrəman Şəhid analarımıza bir ərmağan idi. Tədbir sanki riyazi və ya  məntiqi ardıcıllıqla davam edirdi. 

 

Saz ifasından dərhal sonra böyük və dahi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan “İsgəndərnamə” poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi canlandırıldı. 

 

Tələbələr Əli, Nailə, Nihad, Şövqü, Elturan, Zümrüd və Ayna bu səhnənin də öhdəsindən layiqincə gəldilər. 

 

Heç kimə sirr deyil ki, bu səhnədə də Azərbaycan qadının şücayəti, daim haqq və həqiqət uğrunda mübarizəsi, bioloji olaraq zərif olan xanımların mənəvi və mərdlik cəhətdən heç də zəif olmamasını ortaya qoyur. Tamaşanın sonunda tələbələr gurultulu alqışlarla uğurlandılar. 

 

Bundan əlavə, görkəmli drammaturq Cəfər Cabbarlının “Sevil” pyesi səhnələşdirildi.

 

Tələbələr: Fərəməz, Gülnar, Nigar və Rəbiyyə öz rollarını mükəmməl şəkildə oynadılar. 

 

“Sevil” tamaşasında Azərbaycan qadınının saf və pak iç dünyası, əyilməz qaməti, hadisələr önündə dik duruşu, çətinliklərə sinə gərməsi inikas olundu. 

 

“Tulla çadranı” şeiri səsləndirildi. 

 

Daha sonra Elturan, Nigar və Nəcəfin ifasında “Sarı Gəlin” mahnısı təqdim olundu. Həm müsiqi, həm ifa qonaqların könül və zövqünü oxşadı. 

 

Ardınca rus ədəbiyyatından estetik klassik misra və görüntülər nümayiş olundu. 

Bundan başqa, aparıcılar 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkəmizdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində görülən işlərdən söz açdılar. 

 

Ardınca isə rus, alman, ingilis, italyan və yapon dillərində “8 Mart”la bağlı şeirlər səsləndirildi. 

 

Sonra Elturan, Hüseyn və Turalın ifasında “Bayatılar”ı dinlədik. 

 

Azərbaycan ədəbiyyatının incilərindən olan Nəbi Xəzrinin yaradıcılığına müraciət edildi və şairin “Dəniz, göy, məhəbbət” şeiri tələbələrin ifasında səsləndirildi. 

 

Mina və Vüqarın “Vals” rəqsi təqdim olundu ki, bu da qonaqlarda yüksək əhval-ruhiyyə yaratdı.

 

Səbinə xanımın ifasında “Ana” şeiri təqdim olundu. Əlbəttə, bu şeir qonaqlarımızı təsirləndirməyə  bilməzdi. Şeirdəki 

Yükün ağırını seçir analar,

Torpağın qoynuna köçür analar

 kimi misralar insanın ürəyinə sanki çalın-çarpaz dağ çəkirdi. Eyni zamanda Azərbaycan qadınının öz övladı və ailəsi üçün nə qədər cəfakeş, təəssübkeş olduğunu aydın təzahür etdirir. 

 

Şeirlərin  davamı olaraq Abbasın ifasında “Əziz anam” mahnısı ifa olunur. 

 

Bunun ardınca isə ta qədimdən günümüzə qədər ölkəmizin ictimai, siyasi, tarixi, mədəni, sosial və iqtisadi həyatında mühüm izlər buraxan Azərbaycan qadınları barədə məlumat verildi.

 Massaget hökmdarı Tomris Xatun, İlk məşhur şairə, şahmatçı qadın Məshəti Gəncəvi, Şərqdə ilk qadın diplomat Sara Xatun, şairə, xeyriyyəçi Xurşidbanu Natəvan,  ilk şəfqət bacısı, Nigar Şıxlinskaya, Şərqdə ilk azərbaycanlı heykəltaraş qadın Zivər Məmmədova, ilk professional qadın müğənni, Şövkət Ələkbərova, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, ilk balet rəqqası Qəmər Almaszadə, ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova, ilk peşəkar qadın rəssam Vacihə Səmədova, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova və 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  Birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətlərinə güzgü tutuldu, olduqca səhih məlumatlar verildi. 

 

Nəcəf və Elturanın ifasında “Bir könül sındırmışm” ifa olundu.  İfadan sonra Fərəməz Stalin repressiyasının qurbanı olmuş, dissident şair Mikayıl Müşfiqin qadınlara həsr etdiyi “Rəssam sevgilimin rəsmini çək” şeirini səsləndirdi. 

 

Şeirdən dərhal sonra isə Elturan, Tural və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Vəliyev “Sən Müşfiqin yanında qal” mahnısı ifa etdilər və zal bu ifanı, bu şeiri ayaqda, anşlaqla alqışladı. Sözsüz ki, ifa da gözəl idi, şeir də.  Amma müşahidələrimdən gəldiyim qənaətə görə bu həm də Mikayıl Müşfiqin nakam həyatına, kəm-kəsir ömrünə bir sayğı duruşu idi. Onun “Oxu tar, səni kim unudar” misraları ilə apardığı haqq savaşına, Vətən eşqinə bir VƏFA BORCU idi. 

 

Ardınca aparıcılar bu tədbirin düzənlənməsində əməyi olan müəllim və tələbələri səhnəyə dəvət etdilər.  Görüşün təşəbbüskarı Aygün xanım Məmmədova dəvəti qəbul etdikləri üçün bütün qonaqlara təşəkkürlərini izhar etdi:

 

“Professor və müəllim heyətinə kafedramız adından ürəkdən minnətdarlığımızı bildiririk. Bu tədbirin ərsəyə gəlməsində hörmətli professor Gülçöhrə xanımın çox böyük dəstəyi olub. Gülçöhrə xanıma ayrıca tətəşəkkür edirəm. Hər zaman onun dəstək, diqqət və qayğısını hiss etmişik, edirik. Bu mənada düşünürəm ki, universitetimizin professor və müəllim heyəti, eləcə də  tələbələrimiz  çox şanslıdırlar. 

 

Daha sonra söz tədbirin təşkilati işlərində aktiv fəaliyyət göstərən müəllimlərə söz verildi:

“Mən də Aygün xanımın fikirlərinə qoşuluram. Bayramınızı təbik edirəm. Düşünürəm ki, tədbirimizi bəyəndiniz. Kollektivin adından tələbələrimizin valideynlərinə təşəkkür edirəm ki,  belə savadlı, ağıllı, intellektual övladlar böyüdüblər. Bir daha bayramınız mübarək!”. 

Aygün xanım Məmmədova onu da əlavə edib ki, tədbirdə çıxış edən tələbələr üçün sertifikatlar hazırlanıb:

 

“Onlar universitetimizin elm və ictimai həyatında fəal iştiraklarına görə təltif olunacaqlar. Bu sertifikatların təqdimatına da ayrıca görüş hazırlanb ki, o da martın 9-da baş tutacaq. Hər bir tələbəyə həmin sertifikat təqdim olunacaq. 

 

Aygün xanım Məmmədova diqqətə çatdırıb ki, tədbirdə universitetin bütün fakültələri üzrə tələbələr çıxış ediblər:

 

“Tələbələrimizə təşəkkür edirik. Bütün tədbir iştirakçılarına, eyni zamanda xalqımıza sağlam həyat, xoş, firavan günlər, dünyamıza isə sülh və əmin-amanlıq arzu edirəm”.  

 

Sonda professor Gülçöhrə xanım Məmmədova ilə birgə xatirə fotosu çəkildi. Bu bayram tədbirini və görülən işləri yüksək qiymətləndirən xanım rektor razılığını ifadə etdi.

 

Sherg.az

 

2022-03-06 12:56:00
1913 baxış

Digər xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət ediblər. Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Necəsiniz? Kişi sakin: Şükür bu günümüzə. Prezident İlham Əliyev: Xoş gəlmisiniz. Qadın sakin: Çox şükür. Digər qadın sakin: Xoş gəldiniz Xocavəndə. Prezident İlham Əliyev: Təbrik edirəm. Qadın sakin: Çox şükür bu günümüzə, qədəmləriniz mübarək olsun. Prezident İlham Əliyev: Təbrik edirəm. Digər qadın sakin: Çox sağ olun, özümüzü xoşbəxt hiss edirik. Kişi sakin: Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz, biz də xoş gəlmişik. Prezident İlham Əliyev: Bəli, siz məndən bir qədər tez gəlmisiniz - bir neçə gün. Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin. Qadın sakin: Amin! Kişi sakin: Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın vəsiyyətini yerinə yetirdiniz. Prezident İlham Əliyev: Elədir, düzdür. Kişi sakin: Sağ olun. Prezident İlham Əliyev: Hamısı medallardır - Cəbrayıl, Şuşa, Füzuli, Xocavənd. Bütün torpaqları azad etmisiniz. Vətən müharibəsinin iştirakçısı: Bəli, Sizin sayənizdə, Allah canınızı sağ eləsin. Prezident İlham Əliyev: Təbrik edirəm. Vətən müharibəsinin iştirakçısı: Çox sağ olun. Qadın sakin: Xoş gəlmisiniz, cənab Prezident. Çox sevinirik ki, bu xoşbəxt günü bizə yaşatdınız. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan. Prezident İlham Əliyev: Salaməleyküm. Kişi sakin: Xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Xoş gördük. Kişi sakin: Allah Sizi qorusun, cənab Prezident, yaşasın güclü Azərbaycan! Allah qorusun Sizi, ailənizlə birlikdə. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: Sağ olun, cənab Prezident, təşəkkür edirik Sizə ki, bu torpaqları qaytardınız. Prezident İlham Əliyev: Sağ olun. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat yaşayacaqsınız, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Sakinlər: Sizin sayənizdə, inşallah. Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Sakinlər: Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə “Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək. Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Sakinlər: Amin, inşallah! Prezident İlham Əliyev: Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm. Sakinlər: Çox sağ olun. Qadın sakin: Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq. Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq. Prezident İlham Əliyev: Hava görün necə gözəldir. Qadın sakin: Çox sağ olun, şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss edirik. Prezident İlham Əliyev: Çox şadam. Qadın sakin: Çox sağ olun, Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz, Allah ona rəhmət eləsin, Allah Sizi qorusun, övladlarınızı qorusun! Sakinlər: Amin. Prezident İlham Əliyev: Bəli, buranın təbiəti çox gözəldir, havası təmizdir. Kişi sakin: Bura Qarabağdır, cənnətdir. Prezident İlham Əliyev: Siz işğal dövründə harada məskunlaşmışdınız? Kişi sakin: Ağcabədidə. Prezident İlham Əliyev: Ağcabədidə, dövlət tərəfindən verilmiş evdə? Kişi sakin: Bəli. Prezident İlham Əliyev: Siz də gəlin. Birinci xanım Mehriban Əliyeva: Şəkil çəkdirək? Prezident İlham Əliyev: Bəli, çəkdirək. Birinci xanım Mehriban Əliyeva: Hamımız yerləşəcəyik? Prezident İlham Əliyev: Bəli, gəlin. X X X Sonra xatirə şəkilləri çəkdirildi. X X X Prezident İlham Əliyev: Evlər necədir, yaxşıdır? Qaz var, işıq var, su var. Sakinlər: Əladır, heç bir problem yoxdur, hər şey var. Prezident İlham Əliyev: Həyətyanı sahələr də var. Kişi sakin: Hamısı gözəldir. 15 sot həyətyanı sahə var, bundan artıq nə olmalıdır? Prezident İlham Əliyev: 15 sot, hər şey əkə bilərsiniz. Kişi sakin: Bəli, sağ olun. Mənim də adım İlhamdır. Prezident İlham Əliyev: Eləmi? Çox yaxşı. Qadın sakin: Amma bizim sakinlər həqiqətən qoçaq camaatdır. Hər bir şərait də yaradacaq, əkin-biçin, camaatımız çox qoçaq camaatdır. Prezident İlham Əliyev: Bura təbii cənnətdir. Kişi sakin: Allah Sizi qorusun, əsas məsələ odur ki, irəli gedək, amin! Prezident İlham Əliyev: Elədir, elə də olacaq, ancaq irəli. Sakinlər: Allah Prezidentimizi qorusun! Qadın sakin: Cənab Prezident, neçə illər arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi. Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Qadın sakin: Bu gün biz çox xoşbəxtik, ən xoşbəxt günlərimizi yaşayırıq. Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb. Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq. Prezident İlham Əliyev: İnanırdınız. Qadın sakin: Bəli, inanırdıq. Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin! Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram, xoşbəxt yaşayın. Sakinlər: Sağ olun. Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik? Prezident İlham Əliyev: Hə, çəkdirək. Kişi sakin: 35 ildir gözləyirdik. Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə? Kişi sakin: Şəhər tərəfdə. Prezident İlham Əliyev: Bakıda? Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq. Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə? Kişi sakin: Ağcabədidə. Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün. Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz? Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq. Prezident İlham Əliyev: Orada şərait necə idi? Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq. Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir. Prezident İlham Əliyev: Əlbəttə. Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən. Prezident İlham Əliyev: Bax, burada hava dərmandır. Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun! Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır. Qadın sakin: “Dəmir yumruq” həmişə yerində olsun! Prezident İlham Əliyev: Olacaq! Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın. Sakinlər: Sağ olun. Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62. Prezident İlham Əliyev: Mən 61-əm. Qadın sakin: Mən də 61-əm. Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq. Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun! Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat. Prezident İlham Əliyev: Sağ olun.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı əmək veteranının kitabının təqdimatını keçirib

Veteran.gov.az xəbə verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı əmək veteranı Böyükağa Həbibinin yenicə çapdan çıxmış  "Astarxanbazar və astarxanbazarlılar" kitabının tərdimat mərasimini keçirib. Veteranlar evində təşkil olunan tədbiri rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman  giriş sözü ilə açdıqdan sonra Ulu öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yazıçı, əmək veteranı Abas Şahmarlı təqdimatı keçirilən kitabın müsbət məziyyətlərindən geniş danışıb və vətənpərvərlik ruhunda yazılmış belə kitabların gənclərimizin vətənsevərlik tərbiyəsində  mühüm əhəmiyyət kəsb etdiyini xüsisi olaraq vurğulayıb. Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid ataları Nizami Həbibi, Fuad Vəlişov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşalla Əliyev, əmək və müharibə vetetanları Qurban Əhməd, Mirzəbala Hüseynov, Mərifət Əliyev və başqaları çıxış edərək kitabın nəşr olunması münasibətilə müəllifi təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda kitabın müəllifi Böyükağa Həbibi təqdimatı təşkil edən rayon Veteranlar Təşkilatına, tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib və onlara öz kitablarını hədiyyə edib.

Hamısını oxu
“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”

Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”   “Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən pokovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi ancaq və ancaq Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:   “44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursu götürüb ki, bu siyasət günümüzdə də davam etməkdədir. Bugünlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırdığını göstərir. Həmçinin, bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.   Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”.   Cəlil Xəlilov qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh  prosesinə zərər vurmaqdan əl çəkməlidir:   “10 noyabr 2020-ci il Bəyanatından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərədn biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhval-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də, Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacar”.

Hamısını oxu
AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib. Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.  Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər, həmçinin tələbələrin fikirlərini öyrəniblər. O da qeyd olunub ki, qiyabi təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən başlanıb və iyulun 1-nə kimi davam edəcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır.  Sessiya müddətində bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq. Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) yekun dövlət attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək.  İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.  Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin və İctimai şura üzvlərinin suallarını cavablandırıb.  

Hamısını oxu