Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edir

Veteran.gov.az xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər.

İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini  tədris etmişdir.  Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.

Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.

 

2022-03-17 08:25:00
1342 baxış

Digər xəbərlər

Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına

Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur. Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər. İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il 

Hamısını oxu
Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:  “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir. Möhhərəm Prezident! Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir. Cənab Prezident! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!”   Dərin hörmət və ehtiramla,   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından, Sədr Fatma Səttarova

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu