Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində geniş Novruz bayramı şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə böyük bayram tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə Səfirliyinin diplomatları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar,  Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə Novruz bayramı, “Şuşa ili” ilə əlaqədar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. Qonaqlar Bahar bayramı münasibəti ilə Mədəniyyət Mərkəzində açılmış “Bahar çələngi” sərgisi ilə də tanış olublar. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər.

İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də  Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib.

O, tarixi faktlardan sitat gətirərək Novruzun Türk dünyasında qədimdən qeyd olunduğunu, Mahmud Kaşqarinin “Devonu luğati türk” əsərində, Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Əbu Rayhan Biruni, Əlişir Nəvai, Zəhiriddin Baburun əsərlərində bu bayram haqqında məlumatların öz əksini tapdığını vurğulayıb.

Samir Abbasov xalqlarımızın qədimliyini, zəngin mədəniyyətini, adət və ənənələrini nümayiş etdirən Novruz Bayramının Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, tanınmış alim Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə 2020-ci ildə BMT Baş Məclisi yekdilliklə martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanınması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyərək, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış, yenilik və barış bayramı olduğunu qeyd ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın xalq artisti Ramiz Usmanov və Özbəkistan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası tərəfindən icra olunub.

Bayram tədbirində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin şeir kompozisiyası ilə davam edib, tələbələr Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər.

Özbəkistanın dünyada tanınmış, məşhur “Uzbegim Yoshları: Özbək gəncləri” musiqi qrupu tərəfindən Azərbaycan və Özbək mahnıları ifa olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər.

2022-03-18 12:24:00
1269 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Milli.Az

Hamısını oxu
Ermənistan ordusuna ağır zərbə endirildi

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Video: Sevinc Xanqızı

Hamısını oxu
“Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans təşkil olunub, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və bir sıra QHT sədrlərinin gənclərlə görüşü keçirilib. Konfransın keçirilməsində əsas məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Prezident İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyəsinin dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub. Konfransda erkən nigahın yolverilməzliyi, narkomaniya, şiddət və aqressiya kimi mənfi tendensiyalara qarşı mübarizəni gücləndirmək məqsədi ilə qanunvericiliyin daha da sərtləşdirilməsinin zəruriliyi vurğulanıb. Konfransda gənclər, ziyalılar, veteran və ağsaqqallar, dövlət qurumlarının, media və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, habelə  Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov iştirak edib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarını salamlayııb, konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə bağlı ətraflı çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siaysətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini qeyd edib: “Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin gənclər siyasətində ilk mühüm addım kimi, 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirib, onlara böyük sevgi və etimadla yanaşıb. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız – ailə institutu mühüm rol oynayıb. Lakin biz dövlətimizin daha da inkişaf etməsini, çiçəklənməsini,  özünəməxsusluğunu qoruyub saxlamasını istəyiriksə, gənclərimizin bundan sonra da milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsini diqqətdə saxlamalıyıq. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsın, milli dəyərlərin, milli maraqların keşiyində dayansın. Təəssüflər olsun ki, bu gün bəzən yeniyetmələr, gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Bu isə biz veteranları narahat edir. Bunlardan biri erkən nigahla bağlıdır. Bəzən yeniyetmələr erkən nigaha təhrik edilir ki, bu da qanunun tələbinin pozulması ilə yanaşı, həm də əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Bu cür hallara qarşı mübarizədə cəmiyyətimiz aktiv iştirak etməli, belə hallara qarşı güclü ictimai qınaq olmalıdır. Habelə, hüquq-mühafizə orqanları bu cür hallarla bağlı dərhal məlumatlandırılmalıdır. Ümumilikdə isə hesab edirəm ki, erkən nigaha qarşı effektiv mübarizə məqsədi ilə  mövcud qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var. Biz gənclərimizi narkomaniya, digər zərərli vərdişlərdən də qorumalı, bu sahədə maarifçilik işini genişləndirməli, dövlətimizə bütün digər sahələrdə olduğu kimi bu məsələdə də ciddi dəstək verməliyik”. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb: “Gənclər bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz cəmi 44 gün ərzində düşməni darmadağın etdi, işğaldakı torpaqlarımızı azad etdi. Gənclərimiz öz cəsarətləri ilə düşmənə layiqli yerini göstərdi. Ancaq təəssüflər olsun ki, bəzən gənclər arasında aqressiya, şiddət, Azərbaycan insanına, Azərbaycan ailəsinə yaraşmayan qəddarlıq nümunələri də görürük. Erkən nigah, narkomaniya, boşanmaların artması kimi hallar da müşahidə edilir ki, bu da narahatlıq doğurur. Bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik”. Müdafiə Nzirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov da çıxışlarında dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər. 44 günlük Vətən müharibəsi qazisi mayor Elşad Təhməzov isə müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu ruhu, milli-mənəvi dəyərlərə bu bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb. Çıxş edən natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafımızın etibarlı təminatına yönəlib. Tədbir hərbi vətənpərvər mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Millət vəkili şəhid bulağının açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 29-da Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışı olub.   Açılış mərasimində Laçın və Şəki icra hakimiyyətlərinin nümayəndələri, millət vəkili Mahir Abbaszadə, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin bu günlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir.   Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.   Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Hamısını oxu