Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev – xalqın etimadını doğruldan Lider

Dünyanın ictimai-siyasi və sosial-iqtisadi mənzərəsi həm rəngarəng, həm də ziddiyyətlidir. Bir sıra ölkələrdə və regionlarda xaos-anarxiya, qarşıdurma-toqquşma, tənəzzül-böhran hökm sürür, mürəkkəb şərait və çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunə - inkişaf və tərəqqi örnəkləri də var. Cənubi Qafqazın lideri – regional güc mərkəzi olan Azərbaycan kimi.  

 

Müstəqillik dövrünün, eləcə də son zamanların prosesləri və reallıqları göstərir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib.

 

Ümumiyyətlə inkaredilməz həqiqətdir ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub.

 

Şübhəsiz ki, Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

 

11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqləyib, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərib. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd edib ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.

Ən mühüm məqamlardan biri bölgələrin tarazlı inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanılıb, əsas infrastruktur layihələrinə start verilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.

 

Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlanıb, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atılır. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik.

 

Digər məsələ milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib, Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan qlobal taleyüklü məsələlərdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi isə ölkəmizə, şəxsən Prezident İlham Əliyevin olan etimadın bariz nümunəsidir.

 

Heç şübhəsiz, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Və bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır.

 

Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!

 

Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-04-11 08:59:00
1072 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi. Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı. Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir. Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.  Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi: “Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz. Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.  Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda! Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Hörmətli cənab Prezident,   Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.   Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Biz veteranlar qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğumuzu bildirir, döyüş əmrinizi gözləyirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bir əmriniz ilə Vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq! Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.   Biz, müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz, düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətimiz sonsuzdur. Odur ki, torpaqlarımızın azad olunması uğrunda istənilən əmrinizə hazırıq, veteran ordusu hər daim döyüşə hazırdır. Qəlbimiz hər zaman Vətənimiz-Azərbaycanla döyünür.   Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz çoxsaylı veteranlar Sizin rəhbərliyiniz ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq.   Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu