Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəkidə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib

Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olub.

Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib.

Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib.

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar.

Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib, veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini qınayıblar.

Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə, veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar.

Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib.

Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

2022-04-15 18:16:00
1371 baxış

Digər xəbərlər

Yüksəliş müsabiqəsi DMX rəisinin təqdimatında vebinar təşkil edib

Sentyabrın 18-də  “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən İdarəçi Rəhbərlər heyətinin üzvü,  Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təqdimatında “Dövlət sektorunda strateji idarəetmə” mövzusunda vebinar keçirilib.   APA-nın məlumatına görə, Vüsal Hüseynov vebinar iştirakçılarına idarəçilik bacarıqlarının əhəmiyyəti, strateji idarəetmə, səmərəli kommunikasiya işinin təşkili, bu kateqoriyaların əsas tərkib hissələrindən danışıb. DMX-nin rəisi qeyd edib ki, xüsusən strateji idarəetmə alətlərin düzgün seçilməsi,  bununla bağlı məqsəd, həfədlərin müəyyən edilməsi, tədbirlər planının hazırlanması, lazım olan resurslardan doğru istifadə komandanın görüləcək işə, xüsusilə böhran vəziyyətə  daha hazırlıqlı olması üçün vacib amillərdir. O, həmçinin strategiyaların, fəaliyyət planlarının icrasında  monitorinq və qiymətləndirmənin də əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət sektorunda olan idarərçilər üçün tələblərin özəl sektordan fərqli olmasını, bu halda dövlət qulluğunun fəlsəfəsinin mənimsənilməsi, dövlət qulluqçularına qarşı müəyyən edilmiş tələblərin diqqətdə saxlanılması, fəaliyyətin ictimai rifahı, təhlükəsizliyin artması, vətəndaşlara xidmətin yüksəldilməsi kimi yüksək maraqlara xidmət etməsini diqqətə çatdırıb. Dövlət sektorunda olan idarəçinin  ictimai hesabatlı  şəxs olmasını bildirərək fəaliyyətində qaydaları, rəhbərliyin tapşırıqlarını daim prioritet tutmasının vacibliyini qeyd edib.   Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi yeni layihələr, təlimlər, bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb.  Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.  “Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

Hamısını oxu
“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Təşkilat sədri qeyd edib ki, “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin məlum təşəbbüsü bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin təsdiqidir: “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın dünyanın digər bölgələrində olduğu kimi, regionumuzda baş verən hadisə və proseslərə də beynəlxalq hüquq aspektindən deyil, öz maraqları baxımından yanaşdığını göstərir. Bu akt bir daha sübut edir ki, Ağ Ev ədalətin təntənəsində deyil, öz dövlət maraqlarının təminində maraqlıdır və bunun üçün beynəlxalq qanunları ayaq altına atmaqda əsla tərəddüd etmir. Bu baxımdan, ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın Azərbaycana qarşı növbəti ədalətsiz münasibəti, tarixi-siyasi reallıqların təhrifidir. Bir faktı da qeyd edim ki, 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağa səfər edən BMT missiyası bu ərazidə Azərbaycan Ordusunun heç bir mülki infrastruktura ziyan vurmadığını, mülki əhalinin anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, bunu öz hesabatına daxil etmişdir. BMT-nin məlum hesabatı Adam Şiffin hazırladığı qanun layihəsinin absurd olduğunun isbatıdır”. Polkovnik Cəlil Xəlilov Cəbrayıl şəhərində sakinlərlə görüşündə Prezident İlham Əliyevin ABŞ əleyhinə səsləndirdiyi tənqidlərə də toxunub: “Bildiyiniz kimi, Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-ın Azərbaycan əleyhinə siyasətini tənqid etdi, bu siyasətin əsl mahiyyətini ortaya qoydu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışlaırn kökündə isə ABŞ maraqlarının müdafiəsi dayanır. Şübhəsiz, hər bir dövlət öz milli maraqlarının keşiyində durur və burada qeyri-adi heç nə yoxdur. Lakin bu maraqları beynəlxalq hüququ pozmaq, haqlı tərəfə münasibətdə ədalətsiz mövqe sərgiləmək, qanun və demokratiya anlayışlarını imitasiya etmək hesabına təmin etmək yolverilməzdir. Bu, əxlaqi baxımdan olduğu kimi, siyasi etika baxımından da qəbuledilməzdir. Ağ Ev bilməlidir ki, bu cür ikili, riyakar siyasət ABŞ-ın öz imicinə mənfi təsir edir və onu gözdən salır. Və çətin ki, ABŞ bu cür siyasətlə bölgəmizdə və dünyada hörmət qazana bilsin”.

Hamısını oxu
Böyük Vətən Müharibəsində iştirak edən yeganə prokurorluq əməkdaşı: Nəcəf Əliyev!

Böyük Vətən Müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insanın iştirak etdiyi, onların faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığı məlumdur. Hansı ki, ən müxtəlif peşə və sənət sahibi olan bu insanların hamısını birləşdirən yeganə amal vətəni düşməndən müdafiə etmək, bütün bəşəriyyəti təhdid edən faşizm kabusunu məhv etmək olub. 1941-ci ildə SSRİ-yə qarşı hücum əməliyyatına start verən faşist Almaniyası ilə müharibəyə səfərbər edilən soydaşlarımızdan biri də Əliyev Nəcəf Qafar oğlu olub.   Hüquqi mübarizədən silahlı mübarizə meydanına doğru...   1907-ci ildə Naxçıvan şəhərində anadan olan Əliyev Nəcəf Qafar oğlu Ümumittifaq Hüquq İnstitutunu bitirib. Bundan sonra əmək fəaliyyətinə başlayan Nəcəf Əliyev məhkəmə orqanlarında çalışıb.   Nəcəf Əliyev daha sonra əmək fəaliyyətini hüquq-mühafizə orqanlarında davam etdirib,  MSSR prokurorluğunda müstəntiq vəzifəsinə təyinat alıb. Xidməti işindəki peşəkarlığına görə bir müddətdən sonra Naxçıvan MSSR prokurorunun köməkçisi vəzifəsinə təyin olunur. Ona SSRİ prokurorunun 411 nömrəli əmrinə əsasən I dərəcəli hüquqşünas rütbəsi verilir.     Işlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Nəcəf Əliyev təhsilini qiyabi formada başa vurur.   1941-ci ildə Faşist Almaniyasının SSRİ-yə qəfil hücumu bütün sovet xalqlarının səfərbər edilməsinə səbəb olur. Bu səfərbərlik əsnasında prokurorluq əməkdaşı olan Nəcəf Əliyev də vətənin müdafiəsinə qoşularaq cəbhəyə yollanır. Bugünə qədər hüquqi müstəvidə mübarizə aparan Nəcəf Əliyevin həyatında silahlı mübarizə dövrü başlayır.   Mozdok ətrafından  Poltava çöllərinə, Kurskdan Xarkova doğru...   Nəcəf Əliyev müharibə dövründə bir çox yaşayış məntəqılərinin müdafiəsində, habelə düşmən işğalından azad edilməsindən fəal iştirak edir. Mozdok, Kursk, Poltafa və Xarkov şəhərlərinin ətrafındakı döyüşlərdə özünü cəsur hərbçi, igid döyüşçü kimi göstərir. Taqanroq diviziyasının tərkibində ağır döyüşlərdə iştirak edən Nəcəf Əliyev1942-cilin dekabr ayında ağır yaralanır. O, 7 ay ərzində hərbi hospitalda müalicə alır.   Nəcəf Əliyevin döyüşlərdə göstərdiyi şücaət hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilir. Nəcəf Əliyev 1941-1942-ci illərdə düşmənlə mübarizədə göstərdiyi şüacətə görə “Almaniya üzərində Qələbə” medalı, “Böyük Vətən Müharibəsi” ordeni və digər orden və medallarla, yubiley medalları ilə təltif edilir.   Nəcəf Əliyev 1992-ci ilin 14 mart tarixində Naxçıvan şəhərində vəfat edib.   Qəhrəman döyüşçünün varisi...   Nəcəf Əliyev vəfat etsə də, Böyük Vətən Müharibəsi iştirakçısının döyüşlərdə göstərdiyi qəhrəmanlıq tarixin yaddaşında həmişəlik hifz olunmaqda, gənc nəsillər tərəfindən öyrənilməkdədir. Bu gün qəhrəmanın  nəvəsi Əliyev Nəcəf Sabir oğlu babasının adını layiqincə yaşadır, onun xatirəsini əziz tutur. Xalq hər bir döyüşçüsü, hər bir qəhrəmanı kimi Nəcəf Əliyevin də adını böyük hörmət və ehtiram hissi ilə anır və bundan əsrlər sonra da vətənini qanı-canı bahasına qoruyanları eyni sevgi ilə xatırlamaqda davam edəcək.   Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Mikayıl Ələkbərov kimi qəhrəmanların döyüş yolu gənc nəslin ideoloji-mənəvi tərbiyəsində mühüm amilə çevrilmişdir

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində qələbənin qazanılmasında azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdirmişdir. Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstərmiş, Polşanın, Yunanıstanın, Çexiyanın kimi ölkələrin azad olunmasında iştirak etmişlər. Bu döyüşlərdə Azərbaycanın igid övladları Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dnepr ətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, Mikayıl Ələkbərov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov kimi cəsur oğullar Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüş və öz hərbi borclarını sona qədər şərəflə yerinə yetirirmişlər. Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun Rudka kəndində 309 döyüşçünün əbədi uyuduğu qardaşlıq məzarında Azərbaycanın igid oğlu qvardiya qızıl əsgəri, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılmışdır. 19 yaşında canını xalqı uğrunda fəda etmiş Mikayıl Ələkbərov kimi qəhrəmanların abidəsinin ucaldılması, keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Mikayıl Ələkbərov 1924-cü ildə Abşeron rayonunun Saray kəndində anadan olmuşdur. Stepnoy cəbhəsinin birinci qvardiya ordusu, 81-ci qvardiya atıcı diviziyasının 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyünün kəşfiyyatçısı kimi qəhrəmanlıq örnəyinə çevrilən Mikayıl Ələkbərova 1943-cü il oktyabrın 10-da ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Kəşfiyyatçı Dnepr çayının keçilməsində xüsusilə fərqlənmişdir. 1943-cü il sentyabrın 26-na keçən gecə Mikayıl Ələkbərov bir qrup kəşfiyyatçı ilə birlikdə düşmənin atəş sistemini öyrənmək üçün Borodayevka kəndinə getmişdi. Onlar gecə vaxtı hücum təşkil edərək bir saat ərzində düşmənin atəş nöqtələrinin yerini öyrənmişlər. Ertəsi gün bu kənd uğrunda döyüşdə Mikayıl iki alman əsgərini əsir götürmüş, daha dörd faşisti məhv etmişdir. Ələkbərov öz kəşfiyyatçı yoldaşları ilə birlikdə hitlerçilərin 14 əks-hücumunu dəf etmişdir. Sentyabrın 30-da ağır yaralanan Mikayıl Ələkbərov aldığı yaralardan 1943-cü il oktyabrın 13-də hərbi hospitalda vəfat etmişdir. Qvardiya qızıl əsgəri Mikayıl Məmməd oğlu Ələkbərova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşistləri ilə döyüşlərdə göstərdiyi mərdlik və rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1943-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseyinzadə, Qafur Məmmədov,Mikayıl Ələkbərovunda xatirəsi daima yad edilir, Azərbaycanın hərbi məktəblərində, hərbi muzeylərdə, mümkün olan tədbirlərdə təbliğ edilir, örnəyə cevrilən ömür yolundan qürurla, vüqarla söz açılır. Büten bunlar bir daha sübut edir ki, Mikayıl Ələkbərovun qəhrəmanlığı yalnız öz dövründə deyil, həm də sonrakı nəsillər üçün bir dərs və ilham mənbəyi olaraq qalır.                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik  Cəlil Xəlilov

Hamısını oxu