Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşada "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

Veteran.gov.az xəbər verir ki, 28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi nümayəndələri, habelə şairləri iştirak ediblər.

İlk öncə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi Fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.

Samir Abbasov hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan olunduğunu və bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A. Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib.

Akif Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında rolunun mühim əhəmiyyət kəsb etdiyini qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında Türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Məcid 2023-cü ildən Türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar.

Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat vermişdir.

Daha sonra "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.

Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaqdır.

Qonaqlar səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə nümayəndəliyində olmuş və keçirilən tədbir, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçiriləcək işlər, layihələrə dair fikir mübadiləsi aparmışlar.

2022-04-19 14:13:00
854 baxış

Digər xəbərlər

General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
ZƏFƏR PARADI SAYƏSİNDƏ VƏTƏNİMİZLƏ YENİ QÜRUR HİSSİ DUYURUQ

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3 mindən çox hərbçinin və 150-yə yaxın hərbi texnikanın, o cümlədən ən müasir raket qurğuları və hava hücumundan müdafiə (HHM) sistemlərinin iştirakı ilə keçirilən Zəfər paradında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) sədri general-polkovnik Tofiq Ağahüseynov ilə müsahibə xüsusən önəmli oldu – hiss olunurdu ki, qocaman veteran doğma vətən uğrunda aparılan döyüşlərdə, bu Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər olmasından dolayı böyük qürur və sevinc hissi keçirir. Biz də öz növbəmizdə 23 medal və 8 orden, o cümlədən 3 “Qırmızı ulduz” ordeni, Çexoslovakiyanın “Qırmızı ulduz” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentin Diplomu ilə təltif olunmuş bu əfsanəvi generala ilk sual ilə müraciət edərək, İkinci Qarabağ müharibəsində əldə olunan zəfər fonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sisteminin oynadığı rolu Azərbaycan Respublikasının yenicə formalaşdığı müəyyən tarixi zaman kəsiyində Zaqafqaziya Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə rəhbərlik etmiş komandir kimi şərh etməyi xahiş etdik.   - Hava hücumundan etibarlı müdafiə sisteminin yaradılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin rəhbərliyinə tapşırılan birinci dərəcəli məsələ olmuşdur və bu fakt hərbi mütəxəssislərə çoxdan bəlli idi. Ölkənin lideri tərəfindən silahlı qüvvələrin inkişafı üçün düzgün seçilmiş strategiyanın müvəffəqiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə təsdiqləndi. Bu gün ölkənin hava hücumundan müdafiə sistemi həm dinc həyatda, həm də döyüş əməliyyatları zamanı ən ciddi tapşırıqları yerinə yetirməyə qadir olan ən müasir texnologiyaya malikdir ki, bu da son müharibə zamanı Qarabağda aparılan hərbi əməliyyatlar fonunda aydın görünürdü.   Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı raketlərini zərərsizləşdirən Azərbaycanın hava hücumundan müdafiə sistemi faktiki olaraq regional miqyaslı fəlakətin qarşısını aldı. Azərbaycan Respublikası Energetika Nazirliyinin 11 oktyabr tarixli rəsmi bəyanatında deyildiyi kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin Ermənistan tərəfinin atdığı raketləri zərərsizləşdirməsi sayəsində regional fəlakətin qarşısı alındı. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES, eləcə də Mingəçevir Su Elektrik Stansiyası (SES) normal rejimdə fəaliyyətini davam etdirir”.   Öz növbəmdə, mən də ölkəmizin hava məkanını ən yüksək səviyyədə qorumağa qadir olan hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmuş müdrik liderimiz, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və rəğbətimi bildirirəm.   Mən həmçinin qardaş Türkiyə xalqına və Azərbaycana səfərləri zamanı görüşmək şərəfinə nail olduğum Türkiyə Cümhuriyyətinin lideri cənab Rəcəb Tayyib Ərdoğana şəxsən minnətdaram. Azərbaycan ərazilərinin bütövlüyü uğrunda apardığımız ədalətli mübarizədə Türkiyə Cümhuriyyəti ilk gündən həqiqi dost və qardaş kimi davranaraq həm cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına dəstək olmuşdur və bunu unutmaq olmaz. - Tofiq müəllim, Bakıda keçirilən Zəfər paradına hazırlıq günlərində ölkənin hər yerində qeyri-adi atmosfer hökm sürürdü və öz ordusu ilə qurur hissi keçirən bütün Azərbaycan xalqı Qarabağı erməni qəsbkarlarının işğalından azad etmək üçün vətənpərvərlik ruhu nümayiş etdirərək, vahid bir toplum kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında toplaşıb bu parada hazırlaşırdı. Parad iştirakçılarının qarşısında çıxış edən Prezident İlham Əliyevin də dediyi kimi, 10 dekabr bütün Azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi.     - Bəli, başqa cür ola da bilməzdi, çünki bu, vətənimizin azadlığı uğrunda apardığımız müharibədə əldə olunan zəfərin paradıdır! Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı qələbəyə müstəsna töhfə vermiş müdafiə nazirliyinin xüsusi təyinatlı qüvvələrinin çıxışı ilə başladı. Daha sonra Azadlıq meydanından mətin addımlarla dəniz piyadaları, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri, habelə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri, eləcə də bütün korpusların zabit və kursantları, o cümlədən xüsusi təhsil müəssisələrinin təmsilçiləri keçdilər. Düşünürəm ki, bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada canlı yayım zamanı izləyən insanlar üçün bir ömür boyu unudulmayan qürur və sevinc anları olacaq. Mən Azərbaycan ordusunun əsgərləri ilə fəxr edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olanların doğma və yaxınlarına isə dərin hüznlə başsağlığı verirəm. Zənnimcə, onlar da bu müharibənin müzəffərləri sırasındadırlar.     Mən hələ Stalinin sağ olduğu dövrdə, F. Dzerjinski adına akademiyanın tələbəsi olarkən, 1952-ci ildə Qırmızı meydanda keçirilmiş paradda marşçı kimi iştirak etmişəm. Növbəti iştirakım isə faşist Almaniyası üzərində qələbənin 50-ci ildönümünə həsr olunmuş parada təsadüf edir və öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bunlar xüsusən gənclər üçün unudulmaz anlardır.   Mən bu fikirlə də razıyam ki, paradlar gənclərin tərbiyəsində vacib və əhəmiyyətli rol oynayır. Paradlarda iştirak etmək vətənpərvərlik ruhunu artırır və parad sayəsində insan öz ölkəsi, vətəni ilə yeni qürur hissi duyur. Bu isə Azərbaycanın gənc nəslinə hər zaman olduğundan daha çox vacibdir.     - Geridə qoyduğumuz onilliklərin sırasında ən çətin illərdən biri sayılan və artıq yekunlaşmaq üzrə olan 2020-ci il ilk növbədə tariximizin yaddaşında Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qələbəsi ilə qalacaq. Siz hərbi əməliyyatların sona çatdığı elan olunan günü necə qarşıladınız? Həm gün nə düşündüyünüzü bizimlə bölüşə bilərsinizmi? Öz döyüş və ümumilikdə hərbi bioqrafiyanızdan nəyi xatırladınız?   - Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Ermənistanda dərin kök salmış faşizm üzərində qələbədir. Bütün Azərbaycan xalqı bu saatı gözləyirdi və mən fəxr edirəm ki, hörmətli Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bu problemi 44 gün ərzində həll edərək, müzəffər ordu kimi tarixə düşdü. Ordumuzun 44 gün ərzində əldə etdiyi qələbə hər bir dövlət üçün örnəkdir. Bu, yeni silah növlərindən istifadə etməklə aparılan ilk müharibədir və şübhəsiz ki, hərbi elm tarixinə düşəcək.   Mən Ali Baş Komandanımız Prezident İlham Əliyevlə fəxr edirəm, çünki o, bütün döyüş əməliyyatları əsnasında savadlı və müstəqil dövlət siyasəti yürütməyə qadir olan lider olduğunu hamıya nümayiş etdirdi. Onun demək olar ki, hər gün televiziya vasitəsi ilə çıxış etməsi bu müharibədə vahid cəbhə kimi birləşən Azərbaycan xalqını işğalçılara qarşı mübarizəyə daha da ruhlandırırdı.   Əlbəttə, 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olduğum gənclik illəri də yadıma düşdü. Həmin dövrdə Azərbaycan faşist Almaniyası üzərində qələbəyə bir çox cəhətdən həlledici və layiqli töhfə vermişdi və həmin zəfərə aparan yolda yaşanan çətinlik və itkilərin xatirəsi aradan 75 il keçsə də unudulmur.   - Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Azərbaycan ordusunun rəhbərliyi tərəfindən seçilmiş döyüş taktikası barədə təcrübəli hərbçi kimi nə deyə bilərsiniz?    - Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin epiloquna çevrildi. Əvvəlcədən vurğulamaq istəyirəm ki, bu, Ali Baş Komandan tərəfindən düzgün planlaşdırılmış xüsusi əməliyyat idi və döyüşlərin aparıldığı ən çətin dağlıq ərazisində əsgərlərimizin bu planı uğurla həyata keçirməsinə məhz bu əməliyyatın düzgün planlaşdırılması kömək etdi. Şuşanın azad edilməsi tarixə yalnız təlim keçmiş və yaxşı silahlanmış bir ordunun həyata keçirə biləcəyi parlaq əməliyyatlardan biri kimi düşəcək. Bu əməliyyatı həyata keçirmək o qədər çətin bir tapşırıq idi ki, indi bir çox ölkənin hərbi komandanlığı Azərbaycan silahlı qüvvələrinin bu xüsusi əməliyyatını yüksək səviyyəli hərbi əməliyyatların nümunəsi kimi araşdırır.   - Artıq uzun müddətdir ki, Azərbaycan “COVID-19” pandemiyası səbəbindən sərt karantin rejimində yaşayır və indi gündəmə hərbi əməliyyatla da əlavə olundu. Sözsüz ki, bütün bunlar bir çox dövlət qurumunun işinə təsir edib. Bəs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu ili necə keçirdi?   - Karantin rejimi və komendant saatının tətbiq edilməsi kimi çətin şəraitdə çalışmağımıza baxmayaraq, təşkilatımız bu ilin əvvəlində İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü münasibəti ilə bir sıra tədbirlər keçirib. Bildiyiniz kimi, bu yubiley həm Rusiya Federasiyasında, həm də MDB ölkələri və Avropada xüsusi təntənə ilə qeyd olundu. Hətta bu ilin sentyabr ayında mən Rusiyanın “Qələbə varisləri” Veteranlar Cəmiyyətinin keçirdiyi “Ümumi zəfərimiz” adlı beynəlxalq video-konfransda da iştirak etdim. Video-konfransda çıxım edərkən, mən İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq və bu qələbənin əldə olunmasında Sovet İttifaqının rolunu azaltmaq cəhdlərinə qarşı çıxan Azərbaycan veteranlarının mövqeyini bölüşdüm, həmin müharibədə Azərbaycanın verdiyi töhfəni xüsusi olaraq qeyd etdim. Mən həmçinin bildirdim ki, Ermənistanın timsalında faşizmi  qəhrəmanlıq kimi qələmə vermək yolverilməz haldir.  Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli “Həzi Aslanovun 110 illik yubileyinin qeyd edilməsi haqqında” Fərmanının icrası ilə bağlı Tədbirlər planı çərçivəsində təşkilatımız yubiley proqramı çərçivəsində keçirilən bütün vətənpərvərlik tədbirlərində gənclər, müharibə veteranları və müdafiə nazirliyinin əməkdaşları, gənclər və idman nazirliyinin nümayəndələri, Bakı qarnizonunun hərbi hissələri, xüsusi təhsil müəssisələri, veteranlar təşkilatları, qəhrəmanın adını daşıyan qurumlar və Həzi Aslanovun ailə  üzvləri ilə birlikdə iştirak etdi. Qeyd etmək istərdim ki, biz veteranlara, o cümlədən respublikamızın bölgələrində yaşayan veteranlara ərzaq yardımını ehtiva edən dəstək aksiyası keçirdik. Həmçinin, döyüş əməliyyatlarının başlanğıcından bəri təşkilatımızın bütün üzvləri mənim təşəbbüsümü dəstəkləyərək öz maaşlarından müəyyən məbləği Azərbaycan Ordusuna Yardım Fonduna köçürdülər. Bu il koronavirus pandemiyası və müharibə şəraitində keçdiyi üçün veteranlarla işləyən və bilavasitə veteranların da çalışdığı təşkilatımızın fəaliyyəti xüsusi səylərin və əlavə tədbirlərin görülməsini tələb edirdi və ümumilikdə, kollektivimiz öz vəzifəsinin öhdəsindən gələ bilmişdir. Yəqin ki, bəzi elektron mənbələrin səhifələrində təşkilatımızla bağlı neqativ məlumatları əks etdirən məqalələrin dərc olunmasın da aydınlıq gətirməliyik.   Çox güman ki, bu, təşkilatda maliyyə işlərinin (əvvəllər aparılmayan) auditinə başlanılmasının nəticəsidir. Təəssüf ki, bu məqsədlə dəvət olunmuş audit şirkəti həm bu yaxınlarda, həm də əvvəllər bir sıra maliyyə pozuntusuna yol verildiyini aşkar edib. Sözsüz ki, təqdimolunma tərzi və faktlar baxımından bu məlumat bir çox suallar doğurur. Ola bilsin ki, bəziləri bu auditin aparılmasından qətiyyən razı deyil, çünki, işdən öz arzusu ilə azad olunmaq barədə ərizə yazaraq təşkilatdan təcili surətdə ayrılmaq istəyənlər oldu. Bəzilərini isə biz özümüz komissiyanın qərarı əsasında əmrlə təşkilatdan kənarlaşdırdıq. Bir sözlə, bildiyiniz kimi, belə hallarda böhtan atmağa hazır olan “narazı” insanlar tez tapılır. Lakin bu anonim müqavimətə baxmayaraq, başlanılan audit yoxlaması məntiqi nəticə ilə başa çatdırılacaq. Bu audit qanuni əsaslarla aparılır və əgər pozuntular müəyyən olunarsa, təqsiri olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Ümid edirəm ki, yuxarıda qeyd olunan məlumatın cəmiyyətimizdə bu kimi böhtanlarla seçilməyi sevən elektron mənbələrin səhifələrində görünməsinin səbəblərini müəyyən qədər aydınlaşdıra bildim. Ola bilsin ki, bu böhtan xarakterli məlumatların dərc edilməsinin səbəbini qanun çərçivəsində və vəkillərin köməyi ilə araşdırmaq üçün məhkəmə instansiyalarına müraciət etməli olacağıq.   - Söhbətimiz üçün vaxt ayırdığınıza görə sizə minnətdaram. Sizə bu ili uğurla başa vurmağı və təşkilat qarşısında qoyulan bütün tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlməyi diləyirik.   Müsahibəni apardı: Larisa Cavanşir 

Hamısını oxu
Bakıda 98 yaşlı pozitiv seçici seçki məntəqəsində maraqlı anlar yaşatdı

Bakıda 191 saylı məktəbdə yerləşən seçki məntəqəsində maraqlı anlar yaşanıb. Oxu.Az xəbər verir ki, Xətai rayonunun 98 yaşlı sakini, müharibə veteranı İsgəndər Vəliyev səs vermək üçün 36 saylı dairə seçki komissiyasının 16-cı məntəqəsinə gəlib. Yaşı və hərəkət məhdudiyyəti səbəbindən ona daşınan qutu (evdə səs vermə) ilə səs vermək təklif olunsa da, İsgəndər kişi məntəqədə səs vermək istəyib. Nə yaşının bir əsri haqlaması, nə hərəkət məhdudiyyəti onun ilham pərisini qocalda bilməyib, veteran şeir deyib, sonra isə səsvermə hüququndan istifadə edib.  

Hamısını oxu
“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.   Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.   Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.   Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.   Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.   Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu