Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib.

Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib. 

Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər, həmçinin tələbələrin fikirlərini öyrəniblər.

O da qeyd olunub ki, qiyabi təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən başlanıb və iyulun 1-nə kimi davam edəcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır. 

Sessiya müddətində bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.

Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) yekun dövlət attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək. 

İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb. 

Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin və İctimai şura üzvlərinin suallarını cavablandırıb.

 

2022-06-24 07:53:00
916 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Ağamehdi Kərimov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Kərimov Ağamehdi Kərim oğlu vəfat edib. 1925-ci il təvəllüdlü Ağamehdi Kərimov İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı müxtəlif cəbhələrdə mübarizə aparmış, bir çox yaşayış məntəqələrinin faşist işğalından azad edilməsində aktiv iştirak etmişdir. Ağamehdi Kərimov müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuş və mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ağamehdi Kərimovun vəfatından kədərləndiyini bildirir,  mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Üç güllə yarası ilə Şuşada döyüşən şəhidimiz

44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var. O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu... Publika.az xəbər verir ki, ARB 24 şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. "Vətən çağırır" deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir. "Gedəcəm mən" - dedi: - gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm". Getdik, gördüm pəncərədən çıxdı əl etdi, dedi, mama, narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib. Şəhidimizin dayısı Asəf Fərzəliyev də Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. O da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib. "Suqovuşandan zəng etdi, danışdıq. Dedim, yaralısan, evə get, mənə qayıtdı dedi, neçə yaşın var? Dedim 60. Dedi, sən hardasan? Dedim, Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…" - Asəf Fərzəliyev danışır. Axıra kimi də gedir. Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün... Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir. Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında, 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad edib

Prezident İlham Əliyev bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bəyan edib. AZƏRTAC xəbər verir ki, bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Azərbaycan Prezidenti qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu