Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz

Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb.   Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov

2018-07-11 00:00:00
4254 baxış

Digər xəbərlər

Sumqayıtda “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Sumqayıt Poeziya Evində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin Sumqayıtda keçirilməsi şəhərin ictimai təşəbbüslərin icrası üçün real potensial daşıması və ictimai iştirakçılıq fəaliyyətinin regionlarda genişlənməsi məqsədi daşıyıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov Sumqayıtda vətəndaş cəmiyyəti təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələri və ötən il yaradılan İctimai Şura haqqında məlumat verib. Tədbirdə iştirak edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarə Edilməsi üzrə meneceri Xatirə Bəşirova təmsil etdiyi qurumun “Açıq hökumətin və ictimai nəzarətin təşviqi” mövzusunu prioritet hesab etdiyini və bu mövzuda layihələrə dəstək göstərdiklərini diqqətə çatdırıb. Layihə rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər məsələlərdən danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, şəhərdə fəaliyyət göstərən qeyri–hökumət təşkilatları sədrləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim olunub.  

Hamısını oxu
Nəsib Məhəməliyev təhsil sektorunda çalışan seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev YAP Balakən rayon təşkilatının qərargahında təhsil sahəsində çalışan seçicilərlə görüş keçirdi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”. Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdırıb: “Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Postmüharibə dövründə yeni uğurlara imza atırıq. Bütün bunlar dövlətçilik tariximizin qürurverici səhifələridir” O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə edib. Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Rəşid Musayev, görüş iştirakçıları Naida Dibirova, Aygün Hacıyeva,Şəfiqə Tütünçüyeva və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırdılar. Seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb. Sonda YAP sıralarına yeni daxil olan bir qrup üzvlərə Yeni Azərbaycan Partiyasının partiya biletləri təqdim olundu.    

Hamısını oxu
İş vaxtı - Cəlil Xəlilov

Hamısını oxu
Şirvanda “Könüllü qonaq” layihəsi davam edir

15 mart 2022-ci il tarixdə Torpaq çərşənbəsi ilə əlaqədar olaraq Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin təşkilatçılığı ilə gənclər və könüllülər Şirvan şəhərində tənha yaşayan və xüsusi qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Səkinəxanım Ələkbərovanın və Natalya Balaşovanın evində qonaq olan könüllülər ahıl vətəndaşları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib və bayram xonçasını onlara təqdim ediblər. Evdə təmizlik işləri aparan, səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Vətəndaşlarla söhbət zamanı bildirilib ki, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Qeyd olunub ki, ölkə Prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı əsasında, könüllülərin iştirakı ilə "Könüllü qonaq" layihəsi uğurla davam etdiriləcək. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını, onlara mənəvi dəstək göstərilməsini nəzərdə tutur.

Hamısını oxu