Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Şükür Məstəliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Yardımlı rayonundan olan 1926-cı il təvəllüdlü Məstəliyev Şükür Fətulla oğlu vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şükür Məstəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir.

Məlumat üçün qeyd edək ki, Şükür Məstəliyev 1944-1945-ci illərdə 402-ci Azərbaycan atıcı diviziysının 64-cü alayının tərkibində faşist ordusuna qarşı döyüşlərdə fəal iştirak edib, hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

 

 

2023-01-05 11:26:00
1197 baxış

Digər xəbərlər

Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət

Azərbaycan Ağsaqqallar Şurası uzun illərdir bu qurumda çalışan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasibətilə kitab nəşr edib. Şuradan AZƏRTAC-a bildirilib ki, “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbrikləri, o cümlədən Bayram Yusifovun ictimai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb. Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, Əməkdar artist, müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda toplanan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir. Yeni nəşri vərəqlədikcə, burada Bayram Yusifov barədə qələmə alınan hər bir söz ürəkdən gələn, onu tanıyanların səmimi sevgisinin ifadə olunduğu sözdür, alicənab şəxsiyyətin əsl dostlarının, Azərbaycanın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər insanın fədakar fəaliyyətinin şahidi olan sədaqətli məsləkdaşlarının sözüdür, tükənməz enerji ilə məhsuldar fəaliyyətini davam etdirən müdrik ağsaqqalların, dəyərli ziyalıların sözüdür. Bəli, bu kitabla tanış olan hər bir kəs şahidi olacaqdır ki, həqiqətən də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun yaşadığı ömrün missiyası Vətənə, xalqa, dövlətə sədaqətdir.  

Hamısını oxu
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı: Həzi Aslanov

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi  13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmışdır. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.   1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak etdi. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi.   Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü.   Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi.   Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:"“ Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü  ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə bağlı tədbir

23 iyun 2017-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyova həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il avqustun 1-də Hərbi Nazirlik təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun, 26 iyunda 100 yaşı tamam olacaq general Hüseyn Rəsulbəyovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Ötən il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində ölkədə həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Tədbirin sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə fərqlənən zabitlər və gənc əsgərlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından yubiley medalları və fəxri fərmanlarla təltif olunmuşlar.

Hamısını oxu
Hərbi Prokurorluqda Kadrlar şöbəsinə yeni rəis təyin olunub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Hamısını oxu