Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür

Bakı, 28 yanvar, AZƏRTAC

Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bütün ilkin məlumat və faktlar bu ehtimalı gücləndirir: “Təşkilat olaraq səfirliyimizə qarşı törədilən terror aktını qınayır, bütün müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb edirik. Səfirliyimizə qarşı həyata keçirilən bu hücum beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması, İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, anti-Azərbaycan siyasətini terror müstəvisinə keçirməsi deməkdir. Bütün ilkin məlumat və faktlar bu hücumun rəsmi Tehranın “xeyir-duası” ilə planlaşdırıldığını göstərir. Videogörüntülərdən də məlum olur ki, səfirliyin qorunmasına cavabdeh olan iranlı asayiş keşikçilərindən heç kim terrorçuya mane olmağa cəhd etmir, onun zərərsizləşdirilməsi istiqamətində hər hansı addım atmır. Terrorçu səfirlik binasına daxil olandan sonra məhz azərbaycanlı mühafizəçilər tərəfindən tərk-silah edilir”.
Cəlil Xəlilov deyib ki, hadisədən dərhal sonra Tehranın polis rəisinin verdiyi açıqlamalar, terrorçunun İran televiziyalarına çıxarılması, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ilə bağlı dövriyyəyə buraxılan məlumatlar proseslərin İran dövləti tərəfindən idarə edilməsi ehtimalını gücləndirir.
“İran dövləti terror aktına görə Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, terror aktının sifarişçilərinin və təşkilatçılarının tam şəkildə müəyyən edilərək məsuliyyətə cəlb etməli, həmçinin istintaq prosesində Azərbaycanın hüquq-mühafizə orqanlarının da iştirakını təmin etməlidir. Həm beynəlxalq konvensiyalar, həm də siyasi əxlaq bunu tələb edir. Əgər rəsmi Tehran bundan sonra da özünü terror aktının fövqündə tutmaqda davam edəcəksə, bu, İranın terror dövləti olması ilə bağlı təəssüratları gücləndirəcək, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmağa vadar edəcək”, - deyə Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

2023-01-30 09:40:00
1152 baxış

Digər xəbərlər

“Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”

Cəlil Xəlilov: “Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”   Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın nizami ordusunu formalaşdırması ilə bağlıdır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik tariximizdə bir sıra ilklərə imza atdığı heç kimə sirr deyil. Bu cür ilklərdən biri də ölkəmizdə nizami ordunun formalaşdırılması ilə əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər bir öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi. Ümummilli lider Heydər Əliyev nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşısılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artıırlması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayanmdıran nizami ordu formalaşdırıldı”. Polkovnik qeyd edib ki, nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dönəmində yetişdirdiyi milli hərbi kadrlar həlledici rol oynayıb: “Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün ilk növbədə peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində  Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev, nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədi ilə dünyanın müxtəlif dövlələrinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, bəlli bir müddətdən sonra Azərbaycan ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi.Bir tək bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”. Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı ki, məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu: “Heydər Əliyevin ordu quruculuğui siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir”.  

Hamısını oxu
“BDU tələbələrinin “Qarabağ Azərbaycandır” tamaşası gəncliyimizin vətənpərvərlik ruhundan xəbər verir”

Sabir Rüstəmxanlı: “Vətən müharibəsi ilə bağlı bu tamaşanı yüksək qiymətləndirirəm”   Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında  "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub. Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb. Hansı ki,  BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur.   Moderator.az-a açıqlamasında məlum tamaşanı təqdir edən millət vəkili Sabir Rüstəmxanlı, bunun gəncliyin yüksək vətənpərvərlik ruhundan xəbər verdiyini vurğulayıb:   “Hər şeydən öncə qeyd edim ki, BDU tələbələri tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” tamaşasını yüksək qiymətləndirir və təqdir edirəm. Çünki bu və bu qəbildən olan tamaşalar hər şeydən öncə gəncliyin yüksək vətənpərvərlik ruhundan, milli tarixinə, vətəninə, torpağına bağlılığından xəbər verir. Ordumuzun qazandığı tarixi zəfərin bu cür tamaşalar vasitəsi ilə təbliğ edilməsi olduqca mühüm əhəmiyyətə malikdir.   Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan gəncliyi böyük qəhrəmanlıq göstərdi. Azərbaycan gəncliyinin göstərdiyi bu qəhrəmanlığın elə gənclərimiz tərəfindən də təbliğ edilməsi, yaşadılması müsbət bir haldır.   Mən “Qarabağ Azərbaycandır” adlı tamaşanı ərsəyə gətirən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Düşünürəm ki, BDU tələbələrinin bu addımı digər ali təhsil müəssisələrimizdə təhsil alan tələblərimizə də nümunə olacaq, onlar da Vətən müharibəsini, ordumuzun tarixi zəfərini əks etdirən yaradıcılıq nümunələri ortaya qoyacaqlar”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin gələcəyinə verilən dəyərdir

Səhiyyə sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi hər zaman xüsusi əhəmiyyət daşıyır. Çünki həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları insanların sağlamlığı və həyatı ilə bağlı ən məsuliyyətli sahələrdən birində çalışırlar. Onların gündəlik fəaliyyəti yüksək peşəkarlıq, diqqət, səbr və böyük məsuliyyət tələb edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs səhiyyə sahəsində çalışan insanların əməyinə və sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni tibbi xidmət imkanlarının yaradılması və kadr potensialının gücləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir. Səhiyyənin inkişafı yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Xüsusilə gələcəyimiz olan uşaqların sağlamlığının qorunması bu istiqamətdə xüsusi diqqət tələb edir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsi məqsədilə TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətli addımlardan olub. Tibb işçisinin fəaliyyətini yalnız iş saatları ilə ölçmək mümkün deyil. Həkimlər və digər səhiyyə əməkdaşları daim biliklərini yeniləyir, yeni müalicə üsullarını öyrənir, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir və hər gün insanların sağlamlığı üçün böyük məsuliyyət daşıyırlar. Bu əməyin arxasında illərlə davam edən təhsil, zəhmət, təcrübə və fədakarlıq dayanır. Məhz buna görə bu addımlar onların əməyinə verilən dəyərin, dövlət tərəfindən səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğının ifadəsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi onun sosial rifahına təsir etməklə yanaşı, peşəsinə olan motivasiyasını da gücləndirir. Biz Azərbaycan həkimlərinin yalnız ölkə daxilində deyil, dünya miqyasında da daim yüksək mövqelərdə olmasını, peşəkarlığı və nailiyyətləri ilə beynəlxalq səviyyədə tanınmasını arzulayırıq. Müasir tibb müəssisələri, yeni avadanlıqlar, inkişaf edən tibbi texnologiyalar və peşəkar kadrların hazırlanmasına göstərilən diqqət Azərbaycan səhiyyəsinin gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır. Səhiyyənin inkişafından danışarkən yalnız yeni xəstəxanalar, müasir avadanlıqlar və texnologiyalar haqqında danışmaq kifayət deyil. Bütün bu imkanlardan istifadə edən, xəstənin yanında olan, onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıyan tibb işçisinin də daim diqqətdə saxlanılması təqdirəlayiqdir. Bu baxımdan onların sosial rifahının yaxşılaşdırılması səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. “Sağlamlığın Qorunması” İctimai Birliyi olaraq tibb sahəsində həyata keçirilən yenilikləri hər zaman alqışlayır, bu sahədə çalışan ictimai birliklərə və səhiyyə əməkdaşlarına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı bu təşəbbüsünə və səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Yazgül Abdiyeva “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri  

Hamısını oxu