Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”

Cəlil Xəlilov: “Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq”

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”.

 

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları aktiv iştirak edib:

 

“Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minləlrə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfinə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Hansı ki, bu yardımlar hazırda da davam edir.

 

Zəlzələdən dərhal sonra Azərbaycanda  Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Bu cür yardım aksiyalardan biri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən həyata keçirilib. Aksiyada Təşkilatımızın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə  məişət əşyaları,  yataq dəstələri və digər vasitələrlə də köməklik göstəriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.

 

Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi  ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”.

 

 

Seymur ƏLİYEV

2023-02-09 13:31:00
788 baxış

Digər xəbərlər

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələri həsr etdi

7 oktybar tarixində Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim etdi.   Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələri həsr edib. Ədəbi-bədii musiqli kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak etdilər.  

Hamısını oxu
ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.  Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.   Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.    İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.   Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Hamısını oxu
Ağdamla bağlı beynəlxalq elmi-praktik konfransa məqalə və tezislərin qəbulu davam edir

  "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.   Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.   Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.   Konfransda: Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı   istiqamətlərində müzakirələr aparılacaq.   Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.   Tərtibat qaydası: "Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm); Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır; Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə; Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır. Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:- Problemin qoyuluşu (yaxud Giriş);- Təhlil və qiymətləndirmə;- Nəticə və təkliflər. Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)  

Hamısını oxu
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.  Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV    

Hamısını oxu