Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"İki dövlət – bir millət, bir can, Türkiyə-Azərbaycan”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı qardaş Türkiyədə çoxsaylı insan tələfatına və böyük dağıntıya səbəb olan zəlzələylə bağlı "İki dövlət-bir millət, bir can, Türkiyə-Azərbaycan" mövzusunda tədbir keçirib. Tədbirə  rayon icra hakimiyyətinin rəsmiləri, Əmək və Müharibə veteranları, ictimai birliklərin nümayəndələri və qardaş ölkəyə yardım kompaniyasında fəal iştirak edənlər dəvət olunublar.

Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə təbii fəlakətdə həlak olan türkiyəli bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman qardaş Türkiyədə baş verən yüksək dağıntı gücünə malik olan zəlzələnin törətdiyi ağır fəsadlardan danışıb, faciənin ilk günündən dövlətimizin və xalqımızın qardaş türk xalqının yanında olduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə bütünlüklə bizə dəstək olduğu kimi biz də təbii fəlakətlə üzləşən dost ölkəyə hər cür qardaş yardımı göstərməyə çalışırıq. Fövqəladə nazirliyinin 900-dən çox əməkdaşı axtarış-xilasetmə işləri aparır, tibbi personalımız dağıntılar altından yaralı çıxan sakinlərə tibbi xidmət göstərir,  zəlzələ bölgəsinə yollanan könüllülər humanitar yardımların paylanılmasında fəal iştirak edirlər. Ölkəmizin  hər yerində təşkil olunan qardaş ölkəyə yardım kompaniysı bu gün də mütəşəkkil şəkildə davam edir. Bütün bunlar bir daha göstərir ki, biz iki dövlət olsaq da, bir millət və bir canıq.

Rayon icra hakimiyyətinin Cəlilabad şəhəri üzrə nümayəndəsi Ramin Əmənov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, rayon icra hakimiyyətinin ərazi dairəsi üzrə nümayəndəsi Simran Əlizadə, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, şəhid atası Zaur Məmmədov, Əmək və Müharibə veteranları Kamran Sadıqov, Mirağa Salmanov, Rəsul Bayramov, qardaş ölkəyə  yardım kompaniyasının təşkilatçıları Əsəd Abbasov, Mərifət Səmədli, Asəf İsmayılov və başqaları çıxış edərək qardaş ölkənin düçar olduğu faciədən ürək ağrısı ilə danışıblar, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyiblər.

Sonda doğma Türkiyə respublikasına göstərilən qardaş köməyində fəal iştirak edən bir qrup rayon sakininə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.

2023-02-14 20:12:00
925 baxış

Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Hamısını oxu
Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir

Bakı, 27 yanvar, AZƏRTAC Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına əsaslı zəmin yaranıb, məskunlaşma prosesinin reallaşdırılmasına başlanılıb. Bu Sərəncam nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Həmçinin Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarına olan əminliyini artırıb. Bu Sərəncam, həmçinin ermənilərə siyasi mesajdır: Azərbaycan Respublikası işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcək. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Cəlil Xəlilov bildirib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürurverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrdəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı. C.Xəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ölkə həyatının bütün sahələrində ardıcıl və məqsədyönlü iş aparılır, islahatlar həyata keçirilir. İnamla davam etdirilən inkişaf və tərəqqi siyasətinin nəticələri göz qabağındadır. Qarşıda duran əsas məsələ, ölkənin başlıca prioriteti məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan danışıqlar sülhün əldə olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnməyəcəyi təqdirdə Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilər. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da bununla bağlı idi.

Hamısını oxu
15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı

Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı.  28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və  Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu