Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

21 fevraı 2023-cü il tarixində Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında təmsil olunub.

Azərtac xəbər verir ki, səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzovun, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadənin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərovanın və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışları dinlənilib. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin vətəni Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.

Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.

Səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə iştirak edib.

 

 

2023-02-22 10:47:00
1580 baxış

Digər xəbərlər

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Respublika Veteranlar Təşkilatında olub

Bu gün Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Respublika Veteranlar Təşkilatında olmuşdur. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr mavini polkovnik Cəlil Xəlilovla görüşmüş, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, ona təşkilatın qarşıda duran fəaliyyətləri və gələcək perspektivləri haqqında məlumat verilmişdir. Səmimi söhbət əsnasında Abdin Fərzəliyev rayon İcra Hakimiyyəti tərəfindən Respublika Veteranlar Təşkilatına hər cür dəstək veriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra o, təşkilatın inzibati binası ilə tanış olmuşdur.

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 17 yanvar 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil  ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. 20 Yanvar faciəsinin  35 illiyi ilə əlaqədar tədbirdə  20 Yanvar faciəsinin şahidləri, şəhid anaları, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib, .20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, öz suverenliyinə can atan xalqımızın mübarizəsini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar tarixi Azərbayçanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvar gününün və bu günün qəhrəmanlarının unudulmaması, xatırlanması şagirdlərə, gənc nəslə tövsiyə olunur və hər zaman olunmalıdır: “Siz şagirdlər Azərbaycanın gələcəyisiniz. Keçmişdə buraxılan səhvlər bir daha təkrar olunmasın deyə, dostlarınızı ,düşmənlərinizi tanımalısız. Sizlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib

Bakı, 7 fevral, AZƏRTAC Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib.  İclasda son 6 ayın yekunları müzakirə edilib, habelə, qarşıdakı 6 ay ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvəər Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın son 6 aydakı fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etsə də, qarşıdakı dönəmdə daha yüksək nəticələr əldə etməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman öz fəaliyyətində müasir çağırış və tələbləri daim diqqət mərkəzində saxlayıb və bundan sonra da öz ənənəsinə sadiqlik sərgiləyəcək.

Hamısını oxu