Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Ulu öndər Heydər Əliyev və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

2023-05-09 14:35:14
3302 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.   APA-nın məlumatına görə, dövlət başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.   Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib. Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.  

Hamısını oxu
Ermənistanda gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Azərbaycanda veteranlara göstərilən qayğı digər dövlətlər üçün nümunədir

Cəlil Xəlilov: “İndiki şəraitdə məktəblərdə hərbi dərslərin tədrisi bizim üçün ikiqat önəm kəsb edir” “Ehtiyata buraxılan zabitlərin əməyindən mülki həyatda geniş istifadə edilməldir” “Hər bir cəmiyyətdə dövlətlə yanaşı, fərdlərin də humanizminə ehtiyac var”  Uzun illərdir ki, ölkəmizin müharibə şəraitində yaşaması veteranlara göstərilən diqqət və qayğı, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi, işğalçıya qarşı bütün sahə və müstəvilərdə mübarizə aparmağın zəruriliyi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş hazırlığının mütəmadi surətdə yüksəldilməsi və s. kimi məsələləri daim diqqət mərkəzində saxlamağı zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, peşəkar həbi mütəxəssis Cəlil Xəlilovla söhbətimizdə son illər bu istiqamətdə görülən işləri, həyata keçirilən layihələri şərh etməyə çalışdıq:   -Cəlil müəllim, ölkə başçısının veteranlara, müharibə iştirakçılarına hər zaman böyük qayğı göstərdiyi, onların problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyi məlumdur. Necə hesab edirsiniz, bu və digər amilləri nəzərə alıb söyləmək olarmı ki, ölkə başçısı qarşıdakı seçkilərdə veteranların dəstəyini təmin edib?   -Şübhəsiz. Ölkə başçısı Azərbaycan veteranları üçün çox böyük işlər görüb. Həm Böyük Vətən Müharibəsi, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər daim ölkə başçısının diqqət mərkəzində olub. Müharibə veteranlarının ev, torpaq və s. məsələlərlə bağlı xüsusi imtiyazları var. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İlk növbədə isə I və II dərəcəli əlilliyi olan şəxslərin təminatına diqqət yetirilir. Sonrakı mərhələdə isə digər müharibə əlilləri və veteranların problemləri növbəlilik prinsipi əsasında öz həllini tapır. Əlillərin Bərpa Mərkəzləri var ki, orada müharibə əlilləri lazımi protezlər, arabalar, texniki vasitələrlə təmin edilir. Bəzi hallarda isə biz özümüz müyyən problemi olan veteranlarla bağlı əlaqədar dövlət qurumlarına müraciət edir, onlara köməklik göstərilməsinə nail oluruq. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda veteranara verilən müavinət digər ölkələrdəkindən heç də az deyil. Bundan başqa, bir çox ölkələrdə müharibə veteranlarına ümumiyyətlə ev və avtomobil verilmədiyi halda, ölkəmizdə veteranların həm mənzil, həm də avtomobil təminatı yüksək səviyyədə təşkil olunur. Bütün bunlar ölkə başçısının veteranlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.   -Silahlı Qüvvələrdən tərxis olunan hərbi qulluqçuların mülki həyatda işlə təmin edilməsi, onların məşğulluq probleminin həlli də rəhbərliyində təmsil olunduğunuz təşkilatın daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Sizcə ehtiyata buraxılan zabitlərin əməyindən, bilik və bacarığından mülki həyatda yetərincə faydalanırıqmı?   -Bildiyiniz kimi, hərbi qulluqda olan zabitlərimiz bəlli bir müddətdən sonra yüksək pensiya ilə ehtiyata buraxılır. Təbii ki, yaxşı olar ki, onların təcrübəsindən, bilik və bacarığından mülki həyatda da istifadə edilsin. Mən böyük müəssisə və şirkət rəhbərlərinə təklif edərdim ki, belə insanların təcrübəsindən faydalansınlar. Bu insanların enerjisindən, dünyagörüşündən, təşkilatçılıq bacarığından mülki həyatda da istifadə etmək lazımdır. Lakin təəssüf ki, bu məsələdə vəziyyət arzuedilən səviyyədə deyil. Zabitləri ehtiyata buraxan dövlət qurumları da, həmin zabitlərin sonrakı məşğulluğu haqqında düşünməlidir. Yaxşı olardı ki, bu qurumlar ehtiyata buraxılan zabitlərin hansı sahələrdə çalışmasının daha məqsədəuyğun ola biləcəyi ilə bağlı əlaqədar qurumlar qarşısında təkliflərlə çıxış etsinlər. Onların mənzil, iş və s. ilə təmini ilə bağlı aidiyyati dövlət qurumlarına müraciət ünvanlasınlar. Bir çox ölkələrdə ordudan tərxis edilənlərin mülki həyata uyğunlaşmasını təmin etmək üçün xüsusi kurslar fəaliyyət göstərir. Bu cür şəxslərlə 3-5 aylıq kurslar keçir, onları yeni işləyəcəkləri sahəyə hazırlayırlar. Yaxşı olardı ki, ölkəmizdə də bu sahədə sistemli iş aparılsın. Biz bununla bağlı bir sıra təkliflər vermişik. Yəqin ki, gələcəkdə bu təkliflər nəzərə alınacaq.   -Sizcə ehtiyata buraxılan hərbi mütəxəssislər mülki həyatda hansı sahələrdə daha çox faydalı ola bilər?   -Onlar bir çox sahələrdə fəaliyyət göstərə, əmək prosesində ciddi nəticələr, ciddi uğurlar ortaya qoya bilərlər. Zabitlər hər şeydən öncə ali və orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Biz Təhsil Nazirliyi ilə sıx əlaqədəyik. Çalışırıq ki, yüksək təcrübəyə malik zabitlərimiz ordudan tərxis olunandan sonra orta məktəblərdə hərbi hazırlıq fənnindən dərs desinlər. Onlar hərbçi olduqları üçün bu dərsləri mülki şəxslərdən daha yaxşı, daha yüksək səviyyədə keçə bilərlər. Hərbi dərslərin önəmi bizim üçün olduqca vacibdir. Azərbaycan gəncinin hərbi anlayışı geniş olmalıdır. Nə qədər ki, biz müharibə şəraitində yaşayırıq, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, həm orta məktəb şagirdlərimiz, həm də ali məktəb tələbələrimiz hərb elmi haqqında zəngin məlumata malik olmalıdır. Biz onların hərbi hazırlığına xüsusi diqqət yetirməliyik ki, gələcəkdə onlar orduda qulluq edəndə komandirlərin də işini asanlaşdıra bilərlər.     -Bu günlərdə hərbi vətənpərvərliklə bağlı yeni medalın təsis edilməsi gözlənilir. Hansı ki, bu medal vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında fəallıq  göstərən şəxslərə veriləcək. Sizcə belə bir medalın təsis edilməsi, təltif siyasəti insanları vətənpərvərlik təbliğatındakı fəaliyyətə daha da həvəsləndirə, onlar üçün mənəvi sitimul ola bilərmi?   -Bu, çox vacib məsələdir. Nəzərinizə çatdırım ki, bizim təşkilatımızın özü bir neçə medal təsis edib. Məsələn, Cümhuriyyət generalı, Azərbaycanın müdafiə naziri Səməd bəy Mehmandarovun adına medal təsis etmişik. Qərargah rəisi olan general Əliağa Şıxlınski, Naxşıvanski, Həzi Aslanov adına da medallarımız var. Bundan başqa, “Veteranların qayğıkeşi” diplomu təsis etmişik. Məsələ bundadır ki, insanlaırn əməyinə qiymət vermək lazımdır. Əgər kimsə bu sahədə çalışırsa, ortaya böyük zəhmət qoyursa, iş qoyursa, minlərlə insana vətənpərvərlik ideyası aşılayırsa, onların hərbi dünyagörüşünün artmasına səy göstərirsə, niyə də onlar mükafatlandırılmasın? Biz dövlət qurumlarını, habelə həkimləri, digər peşə sahiblərini də təltif edirik. Hansı ki, onlar veteranların müalicəsində yaxından iştirak edir. Elə veteranlarımız var ki, onların yaxın qohumları yoxdur. Hər hansı bir tələbə onları himayəyə götürüb, onlara qayğı göstərir. Elə şəxslər var ki, onlarla veteranın təminatını üzərlərinə götürür, onların dərmana və s-yə olan ehtiyacını qarşılayır. Biz həmin insanlara öz təşəkkürümüzü bildiririk. Sevinirik ki, bu cür humanist insanlarımız var. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidentinin xüsusi təltif  diplomu var. Hansı ki, vətənpərvərlik sahəsində xidmətləri olan şəxslər bu diplomla təltif edilir. Bizim təşkilatımızdan artıq üç üzvü bu yaxınlarda prezident İlham Əliyev tərəfindən vətənpərvərlik sahəsində yüksək nailiyyətlər əldə etdiyi üçün fəxri diplom ilə təltif olunublar. Bunlar sədrimiz general Tofiq Ağahüseynov, Fatma xanım Səttarova və I dərəcəli kapitan Qritçenko Aleksandr Aleksandroviçdir. Bu fakt onu göstərir ki, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərə prezidentimiz də hörmətlə yanaşaraq, onları təltif edir. İnsanları əməkləri müqabilində təltif etmək onları daha da həvəsləndirir, onlar üçün sitimul rolunu oynayır.   -Ancaq elə insanlar da var ki, onlar hər şeyə görə dövləti məsul tutur, hər cür qayğı və diqqəti yalnız dövlətdən tələb edirlər. Sizcə bütün ümid və gözləntilərin dövlətə ünvanlanması, hər şeyə görə dövlətin cavabdeh tutulması nə dərəcədə doğrudur?   -Təəssüf ki, qeyd etdiyiniz xüsusiyyətləri özündə əks etdirən insanlar da var. Onlar anlamalıdırlar ki, biz hər şeyi dövlətin üstünə ata, hər şeyi dövlətdən tələb edə bilmərik. İnsanların özündə də humanistlik, qayğıkeşlik olmalıdır. İnsanlar yaxşı ilə pisi seçməyi, imkansız adamlara əl tutmağı bacarmalıdırlar. Bu cür xeyirxah addımlar cəmiyyətin psixologiyasına da müsbət təsir edir, bu sahədə bir ənənə artıq formalaşdırır. Xeyirxahlıq, böyüyə hörmət bizim xalqın milli mental xüsusiyyətlərindədir. Hansı ki, biz bu ənənəni davam və inkişaf etdirməliyik.   Seymur Əliyev

Hamısını oxu
Gənc nəslin tərbiyəsində Heydər Əliyev məktəbinin rolu

Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir.  Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxarıb. Onun qüdrətinin əvəzsizliyinin təbliğə ehtiyacı qalmayıb. Heydər Əliyev həqiqəti yozulan yox, məhz görünən həqiqətdir, zamanın sınağından çıxdığı uçün əbədiliyinə tarix təminat veribdir. Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə - xalqa təmənnasız xidməti, əsldən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir.  Heydər Əliyev Prezident - dövlət xadimi kimi Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Tale isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar ki, milli müstəqilliyə qədər və milli müstəqillikdən sonrakı dövrlər. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarekter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi.  Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o çümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər. Heydər Əliyev Ali Baş Komandan kimi Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ Sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı.  Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - milli ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi. İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Siyasi “xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət murəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı dəyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişi gözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir. Heydər Əliyev Ümummilli Lider kimi Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs vermədi, eyni zamanda tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq edib. O, bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülüb. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur. 1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyevin təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətinin ən yüksək pilləsində dayanan külli-ixtiyar sahibi kimi o, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Prezident İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazana bilərik. Cəlil Xəlilov,Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu