Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə oktyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səslənib. Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, müxtəlif ölkələrin veteran qurumlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq nümayiş etdirmiş, Vətənə canı bahasına xidmət etmiş veteranları təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov adından təbrik edib. Ölkəmizdə veteran hərəkatının yaranması və təşkilatın fəaliyyəti haqqında danışan Cəlil Xəlilov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş veteranlara Azərbaycanda ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə veteranlar təşkilatının fəaliyyətində canlanma yaranıb və bu hərəkat bütün ölkəni əhatə edib. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb. Diqqətə çatdırılıb ki, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan inzibati binanı, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların və müharibə əlillərinin mənzil və avtomobillə təmin edilməsini, onlara Prezident təqaüdünün verilməsini və digər məsələləri qeyd etmək olar. Veteranların sosial müdafiəsinin təminində bütün dövlət orqanlarının köməyini yüksək qiymətləndirən, Prezidentin qayğısını xüsusi qeyd edən C.Xəlilov, səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin veteranlara hərtərəfli qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqelərinin, sosial müdafiəsinin gücləndirilməsidir. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər. C.Xəlilov Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, qurumun xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, mətbuatda aparılan təbliğat işlərindən danışıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov əlamətdar hadisə münasibətilə dost ölkələrdən gəlmiş veteran təşkilatlarının rəhbərlərini salamlayıb, Respublika Veteranlar Təşkilatının üzvlərini, veteranları yubiley münasibətilə təbrik edib. T.Süleymanov bildirib ki, Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusən də gənclər üçün örnəkdir. Müxtəlif təşkilatlar gənclərlə görüş keçirdiyində veteranlarımızı dəvət edirlər, onlardan öz şərəfli həyat yollarından danışmalarını istəyirlər. Təsadüfi deyil ki, bugünkü tədbirdə veteranlarla yanaşı, çoxlu sayda gənc də iştirak edir. Tahir Süleymanov qeyd edib ki, Respublika Veteranlar Təşkilatının əsas vəzifələrindən biri veteranlara qayğı göstərilməsi, onların sosial hüquqlarının təmin olunması istiqamətində fəaliyyət göstərməkdir. Qurum bu istiqamətdə dövlət orqanları ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanda veteranlara göstərilən dövlət qayğısından danışan Prezident Administrasiyasının şöbə müdirinin müavini bildirib: “Ümummilli lider Heydər Əliyev veteranlara daim yüksək diqqət və qayğı göstərirdi. Məhz Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda “Veteranlar haqqında” Qanun qəbul edilib, veteranlarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət tərəfindən müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara evlərin, mənzillərin, minik avtomobillərinin paylanılmasına başlanılıb. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 2015-ci ildə Respublika Veteranlar Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Respublika Veteranları Təşkilatına hər il dövlət büdcəsindən birbaşa maliyyə yardımları ayrılır. Dövlət tərəfindən veteranlara, Respublika Veteranları Təşkilatına qayğı göstərilir. Bu diqqət və qayğı gələcəkdə də yüksələn xətlə davam edəcək”. Yubiley münasibətilə təşkilatın rəhbərliyini və bütün üzvlərini bir daha təbrik edən Tahir Süleymanov gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işində onlara uğur, əzm və fədakarlıq arzulayıb. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov veteranları təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Veteranların Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, ölkəmizin inkişafında əsl vətənpərvərlik nümunəsi göstərdiklərini, Prezidentin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayan Siyavuş Novruzov onların gənc nəsillərə örnək olduğunu deyib. Bildirib ki, veteranlardan ilham və tövsiyə alan gənclərimiz Vətən uğrunda canlarından da keçməyə hazırdırlar. Aprel döyüşləri bunun bariz nümunəsidir. Siyavuş Novruzov qeyd edib ki, Böyük Vətən müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Qarabağ döyüşlərində Azərbaycan əsgərləri həmişə rəşadətlə vuruşublar. Veteranlar onlara daim nümunə olub, təcrübələrini cəbhə bölgəsində əsgərlərlə bölüşüblər. Odur ki, biz veteranlarımızı daim qorumalı, onların sosial təminatını diqqət mərkəzində saxlamalıyıq. Bu gün veteranlarımıza Azərbaycan dövləti tərəfindən ən yüksək diqqət və qayğı göstərilir. Bu qayğının banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra veteranların hüquqları bərpa olunub və sosial müdafiəsi təmin edilib. Bu gün Prezident İlham Əliyev veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. İlham Əliyevin prezident seçildiyi 15 il ərzində veteranlarımız dövlətin tam qayğısı ilə əhatə olunub. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aydın Əyyubov nazirliyin rəhbərliyi və kollektivi, Ordumuzun şəxsi heyəti adından Respublika Veteranlar Təşkilatının bütün üzvlərini yubiley münasibətilə təbrik edib. O bildirib ki, təşkilat ordumuzun şəxsi heyətinin döyüş və mənəvi ruhunun yüksəldilməsində, xalqımızın qəhrəmanlıq ənənələrinin gənclərə çatdırılmasında böyük işlər görürlər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin yubiley münasibətilə veteranlara təbrik məktublarını oxuyublar. Tədbirdə iştirak edən qonaqlar - Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Veteranlar Təşkilatının sədr müavini Aleksandr Kravçuk, Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov, Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini Aytkali İsenqulov, Belarus Veteranları İctimai Birliyinin sədri İvan Qordeyçuk, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Tengiz Şubladze və başqaları çıxışlarında Azərbaycan Respublikası Veteranlar Təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar. Yubiley tədbiri bədii hissə ilə davam edib.

2018-10-16 00:00:00
4816 baxış

Digər xəbərlər

Dövlət Xidməti 102 yaşlı veteranı təltif etdi

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb. Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.                

Hamısını oxu
Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.  

Hamısını oxu
Şəhidin doğum günündə məzarı ziyarət olundu

Veteran.gov.az xəbər verir ki, 27 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon fəalları  Sabirabad rayonu Qaralar kəndindən olan şəhid Balakişiyev Zamin Dadaş oğlunun məzarını ziyarət edib. Ziyarət əsnasında şəhid məzarına gül dəstələri qoyulub, vətən uğrunda şəhid olan hərbçilərimizin xalqın qəlbində, tarixin yaddaşında hər zaman yaşayacağı, minnətdarlıq hissi ilə xatırlanacağı vurğulanıb.   Xatırladaq ki, 27 aprel şəhid Balakişiyev Zamin Dadaş oğlunun ad günüdür.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Bu festival Vətən müharibəsindəki qalibiyyətimizin mədəniyyət müstəvisindəki davamı və təsdiqidir”

Tamam Cəfərova: “30 il erməni işğalında qalan torpaqlarımızda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq”   Xəbər verdiyimiz kimi, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın bir sıra konsert proqramları Gəncə, Ağdam və Şuşa şəhərlərində də baş tutacaq.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova, bu kimi tədbirlərin ölkə paytaxtı ilə yanaşı, həm də işğaldan azad edilən rayonlarda keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb:   “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Bakı ilə yanaşı, həm də işğaldan azad edilən bəzi rayonlarımızda – Ağdam və Şuşada keçirilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Biz buna görə ilk növbədə Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Məhz onların səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımız azad edildi, işğalçı Ermənistan ağır və rüsvayçı məğlubiyyətə uğradıldı. Əslində 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının paytaxtımızla yanaşı, həm də işğaldan azad edilən rayonlarımızda təşkili bu tarixi qələbənin mədəniyyət müstəvidəki davamı və təsdiqidir. Məhz bu cür tədbirlər, festivallar sayəsində 30 il erməni işğalında qalan torpaqlarımzıda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq.   Mən belə mühüm və anlamlı festivalın təşkilinə görə bütün təşkilatçılara, o cümlədən hər zaman milli musiqimizin ilkinliyinin, təmizliyinin keşiyində dayanan, onun daha da zənginləşməsinə və təbliğinə səy göstərən Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu festival milli musiqimizin inkişafına, onun təbliğinə böyük təkan verəcək, ölkəmizin mədəni həyatına yeni nəfəs və ruh qazandıracaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu