Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi çərçivəsində  17 oktyabr 2018-ci ildə Bakı şəhərində, “Park-İnn” hotelində Respublika Veteranlar Təşkilatının təşkilatçılığı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransın iştirakçıları 16 oktyabr 2018-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə  Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etmişlər. Dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranlar, gənclər və media nümayəndələrinin iştirak etdikləri  tədbir başlamazdan əvvəl onun iştirakçıları bütün müharibə və terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Beynəlxalq konfransı giriş sözü ilə Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində belə aktual mövzuda beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsindən danışaraq demişdir: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan xalqı bu gün özü Ermənistan Respublikasının təcavüzü ilə qarşılaşmış, həmçinin terror hücumlarına məruz qalmışdır. Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistanın işğalı altındadır. Bu nəinki yalnız bizim ölkəmizin təhlükəsizliyinə qarşı deyil, hətta bütün regiona, dünyaya qarşı yönəlmiş ciddi təhdiddir. Ümid edirik ki, mövzusu birbaşa təhlükəsizliyin təminatı yollarının axtarılması, terrorun bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan və bu gün terrorçuluğun bütün növ və təzahürlərinə qarşı mübarizədə birmənalı mövqe tutmuş Azərbaycan Respublikasının belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haquqi adlandıraraq demişdir: “Bu tədbir həm də xalqımızın bütün insanlığa, terror əleyhinə olan bütün ölkələrə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı erməni terrorundan əziyyət çəkmiş xalq kimi bu gün onun qarşısının alınmasında dəyişməz və qətiyyətli mövqeyi ilə seçilir.  Azərbaycan daim də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq tədbir iştirakçılarına da məlumdur ki, bizim 20 faiz torpaqlarımız bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. Ermənistan bu gün də Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq və dövlət səviyyəsində dəstəklənən terror siyasətindən imtina etməmişdir. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanması faktına yönəltmişdir. Çünki təcavüzkarlıqla, terrorçuluqla mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı və terroru dəstəkləyən dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında, regionun təhlükəsizliyinin təminatında mühüm amil sayırıq”. Sonra Beynəlxalq konfransın iştirakçılarının mövzu üzrə çıxışları dinlənilmiş, məruzə və çıxışlar ətrafında müzakirələr aparılmışdır. RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, “Dünya Veteranları Federasiyası”nın sədri Dan-Viggo Bergtun, Qazaxıstan Veteranlar İctimai  Birliyinin sədr müavini İsenqulov Aytkali, Ukrayna Veteranlar Təşkilatının sədri Şmakov Viktor Viktoroviç, Azərbaycan Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Şubladze Tengiz Şalvoviç, Belarus Veteranların İctimai Birliyinin sədri Qordeyçuk İvan Arkadyeviç,  RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyası Jurnalistika Fakültəsinin dekan müavini Qonçarova Yuliya Sergeyevna, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, hüquq elmləri doktoru, Nəcibə Mustafayeva, Azərbaycan Dillər Universitetinin dosenti, politoloq Oleq Yuryeviç Kuznetçov və başqaları çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun terrorçuluğa qarşı mübarizəyə, beynəlxalq sülhün təminatına töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etmişlər. Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov yekun vurmuşdur. T.Ağahüseynov “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərində keçirilən Beynəlxalq konfransın işində fəal iştirak etdiklərinə görə çıxışçıların hamısına bir daha təşəkkür etmiş, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir.

2018-10-17 00:00:00
3798 baxış

Digər xəbərlər

Dünya ictimaiyyəti Ermənistana qarşı daha ciddi təzyiq mexanizmlərini işə salmalıdı

Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib. Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır. “Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılacaq.     Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir.

Hamısını oxu
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: Möhtərəm İlham Heydər oğlu.   Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.   Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.   Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.   Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.   Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Hamısını oxu
“20 Yanvar tariximizə milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunub”

“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”.   Bu sözləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Millət vəkili bildirib ki, Qanlı 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə edilmişdir.   Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”   Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.   1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və  müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması  Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır.   Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.   “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” . Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.  

Hamısını oxu