Digər xəbərlər
Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir. Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.
Hamısını oxu
Yanvarın 22-də Şəhidlər xiyabanında Azərbaycanın hərb tarixinə adı qızıl hərflərlə həkk olunan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.Əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verib. Müasir gəncliyimizin qəhrəman döyüşçüdən çox şey öyrənməli olduğunu deyən idarə rəisi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunun yuksəldilməsində mühüm rol oynayır.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov da H.Aslanovun hərbi xidmətlərindən danışıb. O, sərkərdənin ömür yolunun hər bir gəncə ən dəyərli nümunə olduğunu qeyd edib.Qəhrəmanın nəvəsi Emin Aslanov ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. * * * Azərbaycan Hərb Tarixi Muzeyində də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım günü qeyd edilib
Hamısını oxu22 fevral 2019-cu il tarixdə Respublika Veteranlar Təşkilatı Bakı şəhəri Nizami rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirib. Tədbirdə Təşkilatın Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik Adil Haqverdiyev, aparıcı mütəxəssis Nəbi Hacıyev , mütəxəssis İsmayıl İsmayılov, ”Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Şəhla Qarayeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa Hüseynov, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, liseyin direktor əvəzi Samir Abdullayev, metodik işlər üzrə direktor müavini Aytac Rzayeva, şagirdlər və müəllim kollektivi iştirak edib. Tədbiri liseyin metodik işlər üzrə direktor müavini Aytac Rzayeva açaraq qonaqları salamlayıb, Xocalı soyqrımı haqqında məlumat verib, daha sonra sözü Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik Adil Haqverdiyevə verib. E/o polkovnik Adil Haqverdiyev ilk növbədə RVT-nın sədri general-polkovnik Tofiq Ağahüseynov və onun müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra polkovnik Haqverdiyev erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələr barəsində məlumat verərərək 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib. Şagirdlərin vətənpərvər ruhda yetişməsində göstərdikləri xidmətə görə bir neçə müəllim Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif olundular. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 2 iyul tarixində “Sağlamlığın Qorunması” ictimai birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı II konfransını keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - Hepatit” adlı video çarx nümayiş etdirilib. Konfransda Dr. Afət Məmmədli tərəfindən “Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Dr. Təranə Bağırova tərəfindən“Pediatriyada Hepatit B”, Dr. Akif Həsənov “Hepati B-dən qorunma üsulları”, Hepatit B virusu” mövzuları məruzə edilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib. Sonda sual və təkliflər səsləndirildi.
Hamısını oxu