Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Nə qədər ki, öz əlimdir yazanım”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi.

Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan  jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi.

Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən:

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədərki öz əlimdir, yazanım.

Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı.

Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”.

Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı.

Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu.

1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.

 

1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi.

O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq.

Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq.

…Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı...

Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram.

Lətif ŞÜKÜROĞLU

2023-12-29 12:32:49
4546 baxış

Digər xəbərlər

YAP hər zaman etimadı doğruldur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.  

Hamısını oxu
Президенту Азербайджанской Республики, господину Ильхаму Алиеву, Вице-президенту Азербайджанской Республики, госпоже Мехрибан ханым Алиевой

Глубокоуважаемый Президент! Глубокоуважаемая Вице-президент! Ветераны нашей Республики неизменно чувствуют Ваше внимание к социальному положению, жизненным проблемам участников войн, семьям шахидов. И сейчас мы тронуты очередной масштабной акцией в данном направлении - предоставлением 1 августа в поселке Локбатан Гарадагского района Баку квартир и автомобилей инвалидам Карабахской, Великой Отечественной войн, Чернобыля и семьям шехидов. Особое впечатление на нас произвело Ваше личное участие в этой благородной, чрезвычайно гуманной церемонии, знакомство с условиями, созданными в квартирах, Ваши теплые, обнадеживающие слова в адрес ветеранов. Мы знаем, что в течение последних двадцати лет семьям шехидов, инвалидам войны по Вашей инициативе государством предоставлено более 5500 частных домов и квартир, около шести тысяч легковых автомобилей, а до конца этого года еще 500 человек будут обеспечены квартирами. Нас вдохновляет, принятая Вами, широкомасштабная программа самозанятости, в которую будут привлечены инвалиды войны и семьи шехидов. Это существенно улучшит социальную обстановку в Республике. Огромное спасибо Вам за все это! В целом мы ветераны, благодаря Вашему мудрому руководству, уверены в будущем, счастливой судьбе подрастающего поколения. От имени Президиума Совета ветеранов войны, труда, вооруженных сил, генерал-полковник Тофик Агагусейнов

Hamısını oxu
Veteranlar Təşkilatının sədri: "Seçki prosesi qanunvericiliyə tam uyğundur"

Seçki prosesi müşahidəçilərin qiymətləndirməsinə əsasən qanunvericiliyə tam uyğundur. Bunu “Report”a açıqlamasında seçki məntəqələrində müşahidəçi kimi fəaliyyət göstərən Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib. O, Mərkəzi Seçki Komissiyasının müşahidəçisi kimi müxtəlif məntəqələrdə seçki prosesini izlədiyini qeyd edib: “İndiyədək yeddi seçki məntəqəsində olmuşam və hər yerdə proses normal şəkildə davam edir. İnsanlar həvəslə seçkiyə qatılır, tanıdıqları və bələdiyyə işinə layiq bildikləri namizədlərə səs verirlər. Seçkiöncəsi dövrdə namizədlərlə görüşlər keçirilib, seçicilər onların fəaliyyət sahələri və təmsil etdikləri təşkilatlar barədə məlumatlıdırlar”. Veteranlar Təşkilatının sədri vurğulayıb ki, indiyə qədər heç bir insident və ya qanun pozuntusu qeydə alınmayıb. O, həmçinin evdə səsvermə prosesinə də toxunaraq qeyd edib ki, əsasən yaşlı və hərəkət məhdudiyyəti olan şəxslər bu imkanlardan yararlanmaq üçün müraciət edirlər. “Bu müraciətlər məntəqə sədrləri tərəfindən qəbul edilir və müvafiq tədbirlər görülür. Xəstəxanalarda və digər xüsusi yerlərdə də səsvermənin keçirilməsi üçün şərait yaradılıb”, - deyə C. Xəlilov əlavə edib.

Hamısını oxu
Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır. Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir. Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur. Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir. Nadir  İsmayılov

Hamısını oxu