Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsirov Cahangir Əmir oğlu

Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti

2018-11-13 00:00:00
2866 baxış

Digər xəbərlər

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.   Belə ki, bölgü zamanı ərazidə olan tikililərdən biri Azərbaycan sərhədləri daxilində qaldığı üçün orada olan Ermənistan bayrağı götürülüb. Maraqlıdır ki, sərhədlərin bölgüsündə iştirak edən əsgərlərimiz həmin bayrağı məhz erməni əsgərinin özünə endirtdiriblər. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
“Şöhrət” ordenli ən gənc məmur: kimlərlə, nələr danışdı

İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi. Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bəri başdan deyim ki, çox önəmli görüş oldu və mən səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm. Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır. Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də bu görüşün siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır. Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir. Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik. Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir. Anar Ələkbərovu uzun illərdir tanıyıram. O öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır. Anar Ələkbərovun indiyədək ona etibar edilmiş bütün ictimai və dövləti vəzifələrdə etimadı doğrultduğunu bilirik. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində ictimaiyyətə bəlli çalışmaları Anar Ələkbərova geniş şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş ən gənc insandır və bugün Prezidentin köməkçisi kimi çox mühüm bir vəzifə daşımaqdadır. Görüş, görüşdə müzakirə ediən mövzuları qısa şəkildə özətləyəsi olsaq, nələri deyə bilərik? Anar müəllim qlobal pandemiya elan olunandan bəri Nazirlər Kabineti yanında Operativ Qərargahda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrinə, tapşırıqlarına uyğun şəkildə aparılmış müzakirələr, atılan mühüm addımlar haqqında geniş məlumat verdi. Bildirildi ki, görülən məqsədyönlü işlər nəticəsində hazırda yoluxmaların sayının azalmasına nail olunub. Azərbaycan həkimi çox fədakar davranır; xarici ölkələrdən cəlb olunan mütəxəssislər də virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərir. Azərbaycan Prezidentinin köməkçisi, dövlətin çağırışlarına anındaca müsbət cavab verən, dəstək göstərən özəl sektorun rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bütün bu deyilənlər tezliklə bu qlobal problemin öhdəsindən gələcəyimizə inamı qüvvətləndirir. Əlbəttə, bunun üçün vətəndaş həmrəyliyi çox vacibdir və bu həmrəylik içində ən önəmli məqamlardan birini vətəndaş məsuliyyəti təşkil edir. Anar Ələkbərov xüsusi karantin rejimində, əmək münasibətlərində, icazə rejimi və s. sahəsində mərhələli yumşaldılmadan danışarkən, bu sahədə “yüz ölçüb, bir biçildiyi”ni, habelə, vətəndaş-dövlət münasibətlərində medianın, tanınmış ictimaiyyət nümayəndələrinin təbliğati dəstəyinin önəminə vurğu etdi. Görüşdə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr də müzakirə olundu. Etiraf edim ki, şəxsən mənimçün bu mövzu xüsusi önəm daşıyırdı; özüm Tovuzdan bir neçə saat öncə gəlmişdim, hərbçilərimizin, yerli əhalinin hansı ovqatda olduğuna şahiddim. Mümkün olduğunca, xarici və yerli medianın reaksiyalarından da xəbərdardım və işğalçı Ermənistanın növbəti hərbi həmləsi fonunda vətəndaşlarımızın yüksək vətənpərvərlik, mübarizlik ovqatı nümayiş etdirdiyini görüş iştirakçılarının ümumi qənaəti kimi görmək xoş oldu. Qeyd olunduğu kimi, həmrəyliyin yalnız respublika daxilində deyil, müxtəlif xarici ölkələrdə də yaşanması, soydaşlarımızın xalqımızın haqq səsini çatdırmaqçün birləşməsi təqdirəlayiqdir, yaxın dövr tariximizə düşəcək haldır. Bununla belə, sosial şəbəkələrdə insanlara qorxu, panika hissi aşılamağa çalışanlar da olmamış deyil və belə xoşagəlməz halların qarşısını almaqçün imkanlarımızı səfərbər etməliyik. Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, yazarlar, jurnalistlər, hüquqşünaslar, incəsənət xadimləri və biz millət vəkilləri belə vacib görüşlərin təşkilindən məmnunluğumuzu bildirdik. Hər birimiz vətəndaşları rahatsız edən məsələlərə toxunduq, öz fikirlərimizi, təkliflərimizi çatdırdıq. Belə bir ümumi fikir vurğulandı ki, sosial medianın bəzi iştirakçıları tərəfindən öncəbhə ilə bağlı aparılan təxribatlar bunun qarşısını almaq üçün səmərəli mexanizmlərin tətbiqini vacib qılır. Prezidentin köməkçisi bizlərin çoxsaylı suallarını cavablandırdı və səslənən fikirlərin əhəmiyyətli olduğunu və bütün uyğun təkliflərin nəzərə alınacağını bildirdi. Beləliklə, əlamətdar bir görüş oldu və günümüzə sözün müsbət anlamında damğa vurdu. Görüşün son görüş olmayacağına inanırıq, inanırıq ki, yeni görüşlər olacaq və cəmiyyətin səsinin dövlətin zirvəsinə çatdırılmasına, dövlət orqanlarının vətəndaşların qayğılarına daha çevik reaksiyası, ictimai nəzarətin gücləndirilməsi, icra orqanlarının, dövlətin sosial-siyasi islahatlar kursuna, yeni çağırışlara uyğun davranmasına töhfə vermək baxımından özünəməxsus faydasını göstərəcək. Bəli, fərqli düşünən insanların fikirlərini öyrənmək, tənqidi məqamlarla tanış olmaq, bütün tənqidlərin anlayışlı şəkildə qəbul edilməsi Prezident köməkçisi ilə görüşün məziyyətlərindədir. Bu dəfə daha çox (yaxud biləvasitə) pandemiya ortamında hökumətin çalışmaları, görülən işlər, nöqsanlar, durumun daha yaxşı olması üçün atılmalı yeni addımlar və son zamanlar Tovuz istiqamətində cərəyan edən hərbi hadisələr, bu hadisələr fonunda ölkəmizə informasiya hücumları və bəzi təxribatlar müzakirə olundu; inşallah, yeni görüşlərdə cəmiyyəti maraqlandıran digər mövzular da faydalı şəkildə müzakirə olunar və öz nəticəsini verər. Dövlətimiz var olsun! Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib.Veteranlar Evində təşkil olunan tədbirdən öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqq savaşında şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman veteranları şanlı qələbə münasibəti ilə təbrik edib, bu qələbənin qazanılmasında dövlət-xalq-ordu birliyinin sarsılmazlığını, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrətini, qəhrəman əsgər və zabitlərimizin şücaətini xüsusi vurğulayıb. Tədbirdə əmək və müharibə veteranları da çıxış edərək 44 gün davam edən Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından, qazanılan qələbənin böyük əhəmiyyətindən danışıblar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda şəhidlərimizin anım günlərində fəal iştirak edənlərə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.  

Hamısını oxu
“Prezident İlham Əliyev Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb”

Cəlil Xəlilov: “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir” “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması  ABŞ-la Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində 907-ci düzəlişin dondurulması təmin edilib. Hansı ki, bu düzəliş Azərbaycanı ABŞ-dan birbaşa maliyyə yardımı və silah almaq imkanından məhrum edirdi. Müzəffər Ali Baş Komandanın səyi nəticəsində 907-ci düzəlişin ədalətsizliyi, ləğvinin zəruriliyi və bu düzəlişin iki dövlət arasındakı münasibətlərin inkişafına ziyan vurması ABŞ ictimaiyyəti tərəfindən də aydın dərk edilməkdədir. Lakin Azərbaycanın məqsədi bu düzəlişi birdəfəlik ləğv etməkdir ki, bu da ABŞ konqresinin verəcəyi qərardan asılı olacaq. Bu məsələdə Tramp administrasiyasının öz imkanlarından istifadə edərək konqresə təsir göstərməsi olduqca vacibdir. Heç kimə sirr deyil ki, bu gün ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Prosslərin gedişatı sübut edir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb. Bu gün ABŞ prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi bu əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq ki, bu da həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”. Seymur ƏLİYEV  

Hamısını oxu