Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadır

Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır. Bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin "özfəaliyyəti" kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib.

Sərhədçimizə açılan atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil, İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəbdən də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda sülhün, sabitliyin bərqərar olmasına imkan verməmək, yeni müharibə üçün münbit zəmin formalaşdırmaqdır.

Ermənistan rəsmiləri - baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir.

Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir.

Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura cəlb etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir.

Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir.

Ancaq hər kəs - həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi, bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "qisas əməliyyatı" zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq.

Cəlil XƏLİLOV,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları

Təşkilatının sədr müavini,

polkovnik.

2024-02-14 10:16:21
4102 baxış

Digər xəbərlər

“35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq qarşılamaqdan şərəf duyuruq”

Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır” “Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək” Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq. -Cəlil müəllim, bu il  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz? -Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki,  Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb. -Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir? - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir. -Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb? -Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir.  Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib. Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu? -2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir. Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki,   2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir. Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.  -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz? -Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik. Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir.   Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi

Hamısını oxu
Pirallahı rayonunda “Gənclər bizim gələcəyimizdir “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir” adlı tədbir Pirallahı rayonunda yerləşən  168 saylı tam orta məktəbdə keçirilmişdir. Baş tutan tədbirdə  Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər. Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət  himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin  müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı: “Bu gün sizlərin  qarşısında bir məqsəd olmalıdir -  müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib,  əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq. Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan  rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm. Daha sonra  44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay    çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.  

Hamısını oxu
“Dəfn olunan hər şəhid nəşi bir ailənin nisgilinə son qoyulması deməkdir”

“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək  öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur. Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş  humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Hamısını oxu