Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkaya ilə görüşüb. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva və “TRT Avaz” kanal koordinatör yardımşısı Yücel Kılıçkaya da iştirak edib.

Görüş zamanı Türk dünyasının ortaq kanalı kimi fəaliyyət göstərən “TRT Avaz” kanalın genel koordinatörü Sedat Sağırkaya Türkiyə ilə yanaşı digər Türk dövlətləri, o cümlədən Azərbaycanda da “TRT Avaz”-ın geniş yayıldığını, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə, tarix və coğrafiya, dil və düşüncə mövzulu verilişlər kanalın ümumi yayım məzmununu təşkil etdiyini qeyd edib. O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. Sedat Sağırkaya Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telakanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb. O, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb. Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib. 

Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub.

Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.

2024-04-26 10:11:25
3394 baxış

Digər xəbərlər

“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”   Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:   “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.   Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.   DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları   Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:   “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.   DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.   Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.   “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...   Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:   “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.   AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.   Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...   Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:   “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.   Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.   Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.   “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”   Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:   “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.   DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.   “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”   DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:   “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.   Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.   Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.   Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev polkovnik Cəlil Xəlilovu təltif edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun təltif edilməsi barədə əmr imzalayıb. Uzun müddət Azərbaycan Respublikası Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan Cəlil Xəlilov bu sahələrin inkişafında, Azərbaycan ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq bir alim və vətənpərvər ictimai xadim kimi səmərəli fəaliyyəti ilə  xalqımıza dəyərli xidmətlər göstərib. Ölkəmizin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyinin və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox  məqalənin müəllifi olan Cəlil Xəlilov elmi fəaliyyətini də unutmur. Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə Azərbaycanın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan təqdimat mərasimində Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası ilə həyata keçirilən faydalı əməkdaşlıqda və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi əsas prinsiplərin geniş şəkildə  təbliğ edilməsində göstərdiyi xidmətlərə görə və 65 illik yubileyi münasibətilə Cəlil Xəlilovu Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cəlil Xəlilov ona göstərilən böyük etimada görə öz dərin minnətdarlığını bildirərək vurğulayıb ki, fəaliyyətinə verilən bu yüksək qiymət onu gələcəkdə Vətənimiz naminə daha böyük işlərə ruhlandırır. Təqdimat mərasimində  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib. Fatma xanım da, öz növbəsində, Cəlil Xəlilovun timsalında bütün Veteranlar təşkilatına göstərilən bu  diqqətə görə Eldar Quliyevə təşəkkürünü bildirib. Sonra  Azərbaycan Ağsaqqallar Şurası və Veteranlar Təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Cəmiyyətimizdə,  xüsusilə gənclər arasında mövcud olan problemlərin həll edilməsinin,  gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin aşılanmasının, erkən nikahların, boşanmaların qarşısının alınması üçün maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Digər məsələlərlə yanaşı, bu sahədə də təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  

Hamısını oxu
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.   Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.    “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.   Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.   Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi

Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi   Qəhrəmanlar unudulmur, onların adları zamanın sınağından keçərək xalqın yaddaşına, tarixin şərəf lövhəsinə həkk olunur. Daşaltı əməliyyatı bu gün qəhrəmanlığın, fədakarlığın və şəhidliyin rəmzinə çevrilmiş bir tarixdir. Onun azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası yox, həm də şəhidlərimizin ruhuna ehtiramın, milli ləyaqətimizin təntənəsinin ifadəsidir. 1992-ci ilin soyuq yanvar gecələrində Azərbaycan ordusu Şuşa şəhərinə gedən strateji nöqtə sayılan Daşaltı kəndini azad etmək məqsədilə hücuma keçdi. Əməliyyat ağır şəraitdə aparılırdı. Təəssüf ki, yerli bələdçilərin xəyanəti nəticəsində ordu erməni pusqusuna düşdü və ağır itkilər verildi. Taktiki baxımdan uğursuz olan bu hücum, göstərilən igidlik və fədakarlıq baxımından milli dirənişin nümunəsi kimi tarixə düşdü. Bu əməliyyatda iştirak edənlər arasında bir ad xüsusilə seçilir - Milli Qəhrəman Riad Əhmədov. O, Nazirlər Soveti sədrinin müavini olmuş bir şəxsin oğlu idi, özü isə yüksək vəzifə daşıyırdı. Lakin Riad üçün Vətən qarşısında borc, vəzifədən, statusdan üstün idi. Kabinet rahatlığını yox, səngər sərtliyini seçdi. Əməliyyata buraxılmadıqda o, xidməti vəsiqəsini və silahını təhvil verərək sıravi döyüşçü kimi ön cəbhəyə yollandı. Döyüş zamanı yaralansa da geri çəkilmədi. “Məni döyüşdən çıxarma” deyərək şəhidliyə doğru addımladı. Onun nə cəsədi tapıldı, nə də bir izinə rast gəlindi. Lakin Riad Əhmədovun izi torpağın ruhunda, xalqın qəlbində yaşamağa davam edir. Daşaltı əməliyyatı, hər nə qədər faciə ilə nəticələnsə də, xalqımızın mübarizə ruhunu sındıra bilmədi. Və nəhayət, zamanın sınağından keçən bütün qəhrəmanlar kimi Riad Əhmədovun da adı unudulmadı, əksinə hər il daha da ucaldı. Çünki o, öz canı ilə bu torpaqlara möhür vurdu, öz əqidəsi ilə bir millətin yolunu işıqlandırdı.  Bugün Daşaltının küləkləri onun döyüş günlərini pıçıldayır, Şuşanın zirvələri onun arzusunun gerçəkləşdiyi anı xatırladır. Azad Qarabağın hər nəfəsində onun inamı, iradəsi, qüruru yaşayır. Bugün Azərbaycan həmin möhkəm iradə ilə yenidən qurulur, çiçəklənir, inkişaf edir. Şəhərlər dirçəlir, yurdlar bərpa olunur, yollar bir zamanlar bölünmüş ürəkləri birləşdirir. Və bütün bu yenidən doğuluşun altında bir həqiqət dayanır: şəhidlərin ruhu bu torpaqlara nur saçır. Riad Əhmədov kimi qəhrəmanların yolu heç vaxt yarımçıq qalmır. Onların başladığı mübarizə azadlıqla tamamlandı, qoyduqları irs isə gələcək nəsillərin əlinə bir bayraq kimi keçdi. Bu gün onun adını daşıyan 203 saylı məktəbin siniflərində oxuyan hər uşaq bir həqiqəti anlayır: Vətən sevgisi sözlə deyil, əməllə yaşanır. Qəhrəmanlıq bir ömürlük yox, bir millətlik dəyərdir. Riadın son addımları Daşaltıda qaldı, amma onun izi bütün Azərbaycanın yoluna çevrildi. Hər yeni tikilən bina, hər yenilənən küçə, hər ucalan bayraq onun və bütün şəhidlərimizin ruhuna bağışlanan bir dua kimi səslənir. Və bu böyük hekayənin sonunda bir həqiqət var: Qəhrəmanlar ölmür. Onlar torpağın nəfəsində, xalqın yaddaşında, gələcəyə ümiddə yaşayır. Riad Əhmədovun adı da belə yaşayır - əbədiyyətə çevrilmiş bir iz, millətin qəlbində səssiz, amma sarsılmaz bir ucalıq kimi… Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik      

Hamısını oxu