Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qaliblərin Balı”nda Azərbaycan veteranları da təmsil olunmuşlar

Hər il dekabr ayının ilk günlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri İkinci dünya müharibəsi veteranlarının və Veteran Təşkilatları nümayəndələrinin iştirakı ilə “Qaliblərin Balı” adlı təntənəli tədbirin keçirilməsi artıq bir ənənə şəklini almışdır. Moskva şəhəri uğrunda gedən döyüşlərin ildönümü ərəfəsində baş tutan bu tədbir ömrünün ahıllıq dövrünü yaşayan veteranlar üçün həm də keçmiş döyüş yoldaşları ilə görüşmək imkanı kimi əhəmiyyətlidir. “Qaliblərin Balı”nda bir araya gələn veteranlar öz cəbhə xatirələrini bölüşür, həlak olmuş dostlarını yad edir, indiki fəaliyyətləri, gündəlik qayğıları barədə səmimi söhbət edir, onları maraqlandıran suallara cavab axtarırlar. Bu il də ənənəyə uyğun olaraq bu genişmiqyaslı tədbirdə MDB ölkələrindən olan İkinci Dünya Müharibəsi veteranları, veteran təşkilatlarının əməkdaşları, Rusiya Federasiyasının Müdafiə, Mədəniyyət nazirliklərinin rəsmiləri, tanınmış hərbi və ictimai xadimlər iştirak edirlər. İctimaiyyətin, medianın diqqət mərkəzində olan bu tədbir bir qayda olaraq yüksək səviyyədə təşkil olunur və Rusiya KİV-də geniş işıqlandırılır. “Qaliblərin Balı” adlanan növbəti, 13-cü tədbir cari il dekabr ayının 8-də Moskva şəhərində yerləşən Qələbə Mərkəzi muzeyində M.Liepa Fondu və Birləşmiş metallurgiya kompaniyasının təşkilatçılığı ilə baş tutmuşdur. Həmin tədbirdə Azərbaycanı İkinci dünya müharibəsi veteranı Qara Sarıyev və Ulduz Kəngərli, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev və Təşkilatın aparıcı mütəxəssisi Azər İsmayılov təmsil etmişlər. Qaliblərin 13-cü Balı İkinci dünya müharibəsinin başlanması, faşist almaniyasının keçmiş SSRİ-yə hücumu, müharibənin gedişi və müharibədən sonra SSRİ-də gedən quruculuq illərinə həsr olunmuş geniş kompozisiyanın nümayişi ilə başlanmışdır. Alman faşizmi üzərində qələbəyə aparan yolun bütün mühüm mərhələlərinin, arxa cəbhənin həmin qələbənin əldə olunmasında iştirakının və müharibədən sonrakı bərpa işlərinin dolğunluğu ilə əksini tapdığı kompozisiya böyük maraq doğurmuşdur. Kompozisiya müharibənin od-alovundan çıxmış, bu gün yaşı 100-ü haqlamaqda olan insanlar tərəfindən xüsusilə həyəcan və göz yaşları ilə qarşılanmışdır. Sonra Rusiya TV-lərinin canlı yayımladığı bayram tədbiri - “Qaliblərin Balı” başlanmışdır. Müharibənin canlı şahidləri, RF-nın rəsmi dövlət və ictimai təşkilatlarının nümayəndələrinin çıxışlarının yer aldığı, rəsmi təbriklərin oxunduğu tədbirdə Rusiya Federasiyası və digər ölkələrin tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvərlik, o cümlədən, torpaq, ana, müharibə, qələbə haqqında mahnılar səsləndirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində media nümayəndələrinə ölkəmizin İkinci dünya müharibəsində yaxından iştirakı, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyatlarını itirməsi, Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə arxa cəbhədəki fədakar əməyinə dair məlumatlar çatdırmışlar. Eləcə də digər ölkələrin veteranları və veteran təşkilatlarının nümayəndələri ilə kular söhbətlərində Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edilməsi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərilməsi, Azərbaycan Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyi bildirilmişdir. Tdbir çərçivəsində Azərbaycan Veteranlar Təşkilatının adından təşkilatçılar -  Qələbə Mərkəzi muzeyinin müdiri Şkolnik Aleksandr Yakovleviç və M.Liepa Fondunun sədri Liepa Andris Marisoviç Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley  medalları ilə təltif olunmuşlar. Tədbirdə Azərbaycan veteranları bir sıra ölkələrin veteranları və nümayəndə heyətləri ilə xatirə şəkli çəkdirmişlər.

2018-12-17 00:00:00
4201 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

Bakı, 22 oktyabr, AZƏRTAC Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı? - Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. - Prezident Putin Sizi də Moskvaya dəvət edib? - Xeyr. - Dəvət olunsaydınız, getməyə hazırsınızmı? - Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib. - Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi? - Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik. - Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz? - Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir. - Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə bu atəşkəsin, - ola bilsin başqa atəşkəs də olacaqdır, - əsirlərin mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır? - Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansını ki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır. - Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz? - Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir. - Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı? - Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır. - Bu, əvvəlcədən elan olunmalıdır. - Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır. - Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə dair təklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə deyərdiniz? - Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər. Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik. – Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız? - Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır. – Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanın vasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli olub? - Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar. - Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi? – Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlər nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik. – Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisidir. Lakin, eyni zamanda, orada çox sayda erməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək? – Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik. – Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi? – Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt. - Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya yox? – Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir. Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır. – Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur? – Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır. – Siz Azərbaycan əsilli həmin könüllülərdən xəbərdarsınız? – Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var. – Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı? – Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər. – Sizinlə görüşmək imkanımız çox nadir hallarda olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı bir neçə sual verim. – Bəli, buyurun. - Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkədir. - Bəli, doğrudur. - Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz varmı? – Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir. Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq. – Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı? – Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq. Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki qaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu, həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir. –Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var. - Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır. - Zati-aliləri, icazə verin, söhbətimizi sonuncu sualla yekunlaşdırım. Gəlin, ümidverici bir məqamla bitirək. Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər? - Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmişkən, 1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistan əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır. Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlki Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir. - Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şey deyibmi? - Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik. -Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdə məmnunluq hissi oyadır. - Təşəkkür edirəm.

Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında e.o general-mayor İsgəndər Allahverdiyevin ad günü təbrik edildi

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və Təşkilatın “Hüquq və kadrlarla iş” şöbəsinin müdiri professor Bəhram Zahidov e.o general-mayor İsgəndər Allahverdiyevi ad günü münasibəti ilə təbrik etdilər. Dövlət qarşısında xüsusi xidmətləri olan, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin ad günündə Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova və kollektivi adından ən xoş arzular çatdırdılar, vətən naminə  fəaliyyətində yeni-yeni uğurlar dilədilər.

Hamısını oxu
Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

Tarixə inqilablar, repressiyalar, texniki tərəqqilər, elmi nailiyyətlər əsri kimi daxil olan XX əsr insanlığın yaddaşına qan, göz yaşı və dağıntılarla yazıldı. Bu sınaqların ən amansızı isə İkinci Dünya müharibəsi idi. Qitələri titrədən bu fəlakət yalnız orduların toqquşması deyil, bütöv xalqların taleyini alt-üst edən, milyonlarla insanın həyatını yarımçıq qoyan qlobal bir faciə idi. Müharibə şəhərləri xarabalığa çevirdi, ölkələri, ailələri parçaladı, insanlıq üçün bəşəri dəyərlərin hansı uçurumlara yuvarlana biləcəyini bütün amansızlığı ilə dünyaya nümayiş etdirdi. 1939–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi isə bu ümumbəşəri faciənin ən ağır və həlledici mərhələsi oldu. Alman faşizminə qarşı aparılan bu ölüm-dirim savaşında Sovet İttifaqının bütün xalqları kimi Azərbaycan xalqı da tarix səhnəsinə böyük məsuliyyətlə çıxdı. Azərbaycan torpağının yetirdiyi oğul və qızlar yalnız silah gücü ilə deyil, iradə, fədakarlıq və sarsılmaz inamla bu mübarizənin ön cəbhələrində yer aldılar. Məhz bu əzm və birlik sayəsində faşizm üzərində qazanılan tarixi qələbənin salnaməsində Azərbaycan Respublikasının və onun vətəndaşlarının adı qızıl hərflərlə yazıldı. Müharibənin ilk günlərindən Azərbaycan xalqı alman faşizminə qarşı mübarizəyə qalxmışdır. Respublikamızın minlərlə vətəndaşı könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etmişdir. Təkcə müharibənin ilk günlərində 40 mindən artıq azərbaycanlı könüllü şəkildə cəbhəyə getmək istəmiş, həmin dövrdə 180 min nəfər xalq ordusuna yazılmışdır.1941–1945-ci illərdə, eləcə də ondan əvvəlki dövrlərdə Azərbaycanın oğul və qızları döyüş meydanlarında igidliklə vuruşmuş, böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərmişlər. Müharibə illərində Azərbaycan Respublikasından təxminən  600 mindən çox oğlan və qızları  cəbhəyə yollanmışdır. Onlardan 300 min nəfəri faşizmə qarşı mübarizədə canından keçmişdir. Azərbaycanlı döyüşçülər alman faşizminə qarşı müharibənin son gününədək amansız və cəsarətli mübarizə aparmış, göstərdikləri şücaət və qəhrəmanlıqla qələbənin əldə olunmasına öz layiqli töhfələrini vermişdir. On minlərlə azərbaycanlı döyüşlərdə fərqləndiklərinə görə yüksək orden və medallarla təltif edilmişdir. Cəbhədə göstərdikləri misilsiz igidliyə görə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən qayıdanların bir qismi əlil və şikəst olmuş, bir çoxu isə sonradan aldığı yaraların fəsadları nəticəsində həyatını itirmişdir. Bu gün də aramızda müharibənin ağrılarını və izlərini öz taleyində daşıyan insanlar az deyil. Bir sözlə, Alman faşizminə qarşı aparılan bu müharibədə Azərbaycan xalqı qəhrəmanlıq və şücaət göstərərək tariximizin ən şanlı səhifələrindən birini yazmışdır. Lakin bu tarixi zəfər yalnız ön cəbhələrdə qazanılan hərbi uğurların nəticəsi deyildi. Qələbənin görünməyən, lakin taleyüklü bir cəbhəsi də vardı: düşmən içərisində aparılan partizan mübarizəsi və arxa cəbhədə göstərilən misilsiz fədakarlıq. Müharibənin taleyini həll edən bu səssiz, amma qüdrətli cəbhədə Azərbaycan xalqı bütün gücü ilə səfərbər olmuşdu.  Müharibənin ilk günlərindən etibarən respublikanın şəhər və kəndlərində həyat bir məqsədə - qələbəyə xidmət etməyə başladı. Zavodlarda, fabriklərdə, neft mədənlərində, kolxoz və sovxozlarda insanlar gecə ilə gündüzü bir-birindən ayırmadan çalışır, ön cəbhəyə silah, yanacaq, ərzaq və ümid göndərirdilər. Arxa cəbhədə atılan hər bir addım, görülən hər bir iş döyüş meydanında sıxılan tətik qədər dəyərli idi və məhz bu ümumxalq fədakarlığı faşizm üzərində qələbəni yaxınlaşdıran əsas amillərdən birinə çevrilmişdir. Azərbaycanın müharibədəki xüsusi rolu, hər şeydən əvvəl, onun nefti ilə bağlı idi. Həmin illərdə Sovet İttifaqında hasil olunan neftin təxminən 70 faizi Azərbaycanın payına düşürdü. Bu qədər böyük həcmdə neftin istehsalı Azərbaycan neftçilərinin misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur. Əgər Azərbaycan nefti olmasaydı, motorlar və texnika müharibəsi bu qədər uğurlu və səmərəli nəticə verə bilməzdi. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emalı və cəbhəyə çatdırılması üçün ağır və təhlükəli şəraitdə çalışırdılar. Onların hər biri bu yolda canını belə əsirgəmədən faşizm üzərində qələbəyə xidmət edirdi. Eyni zamanda Azərbaycan alimləri tərəfindən yüksək oktanlı benzin, kerosin və digər neft məhsulları ixtira edilərək respublikada istehsal olunurdu. Müharibə illərində Azərbaycanın sənaye müəssisələri, xüsusilə maşınqayırma zavodları silah və sursat istehsalına tam gücü ilə cəlb edilmişdi. Bu dövrdə respublikada 130 növdən artıq silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Dəhşətli müharibənin qarşısının alınması üçün  SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı atıcı diviziyaları formalaşdırılmışdır. Şəxsi heyətinin böyük hissəsi azərbaycanlılardan ibarət olan bu diviziyalar Qafqaz dağlarından başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmiş və qələbənin qazanılmasında mühüm rol oynamışdır. 416-cı Taqanroq diviziyasının döyüş şücaətini əbədiləşdirmək məqsədilə Rostov vilayətində, 77-ci Simferopol diviziyasının qəhrəmanlığını yaşatmaq üçün isə Krımda, Sapun dağında möhtəşəm abidələr ucaldılmışdır.  Alman faşizminə qarşı partizan hərəkatının təşkili Böyük Vətən müharibəsinin ilk günlərindən dövlət səviyyəsində həyata keçirilməyə başlandı. SSRİ Xalq Komissarları Sovetinin və ÜİK(b) MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində, eləcə də 1941-ci il 19 iyul tarixli “Alman ordularının arxasında mübarizənin təşkili haqqında” qərarında müvəqqəti işğal olunmuş ərazilərdə düşmən üçün dözülməz şərait yaratmaq əsas vəzifə kimi müəyyən edilirdi. Bu sənədlər işğalçılara qarşı süvari və piyada partizan dəstələrinin yaradılmasını, gizli partiya təşkilatları şəbəkəsinin qurulmasını və düşmən arxasında mübarizənin bütün formalarına rəhbərliyin təmin edilməsini nəzərdə tuturdu. Müharibənin ilk aylarında sovet ordusunun yaşadığı ağır itkilər nəticəsində minlərlə döyüşçü faşistlərin əsirliyinə düşmüşdü. Lakin düşərgələrdə tətbiq olunan dözülməz işgəncələr, alçaldıcı təbliğat və təxribatlar onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, əksinə, hərbi təlim və döyüş təcrübəsinə malik olan bu insanlar fürsət düşən kimi əsirlikdən qaçmış və partizan dəstələrinə qoşularaq faşizmə qarşı mübarizəni davam etdirmişdilər. Bu mübarizədə azərbaycanlı döyüşçülər də xüsusi fəallıq göstərmişlər. Onlar Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın digər işğal olunmuş vilayətlərində fəaliyyət göstərən partizan dəstələrinin tərkibində qəhrəmanlıqla vuruşmuşlar. İkinci Dünya müharibəsi illərində Avropanın işğal olunmuş ərazilərində, o cümlədən İtaliyada formalaşdırılmış müqavimət hərəkatında da azərbaycanlı döyüşçülər xüsusi şücaət nümayiş etdirmişlər. Ölümü hər gün gözləri ilə görən, möcüzə nəticəsində sağ qalan azərbaycanlı əsirlər fürsət düşən kimi düşərgələrdən qaçır, faşizmə qarşı mübarizənin ön sıralarına  - antifaşist hərəkatına və yerli partizan dəstələrinə qoşulurdular. Onlar yad torpaqlarda, naməlum dağlarda və meşələrdə vuruşsalar da, qəlblərində Vətəni daşıyır, Azərbaycan adını ləyaqətlə təmsil edirdilər. Bu igidlər faşizmə qarşı mübarizədə yalnız silahın gücünə deyil, ruhun sarsılmazlığına arxalanırdılar. Onların qələbəsi güllənin sürətində yox, iradənin möhkəmliyində idi. Məhz bu mənəvi üstünlük onları ən ağır sınaqlarda belə sınmayan döyüşçülərə çevirirdi.  1941–1945-ci illərdə faşist Almaniyası işğal etdiyi ərazilərdə və SSRİ-nin tərkibində yaşayan müsəlman və digər xalqların nümayəndələrindən ibarət hərbi dəstələr yaratmaq siyasətini həyata keçirməyə çalışdı. Bu siyasət zahirən “könüllülük” pərdəsi altında təqdim olunsa da, əslində əsir düşmüş insanların ağır fiziki və psixoloji vəziyyətindən istifadə etməyə hesablanmışdı. Faşistlər insan iradəsini sındıraraq onu öz məqsədlərinə tabe etdirmək istəyirdi. Lakin alman faşizmi bu niyyətində yanılmışdı. Zorla yaradılan bu dəstələrdə ruhən əsarəti qəbul etməyən insanlar vardı. Onlar fürsət düşən kimi gizli müqavimət göstərir, silahı faşizmə qarşı çevirirdilər. Zaman sübut etdi ki, düşmən insanı əsir ala bilər, amma onun vicdanını və inamını əsla əlindən ala bilməz. Legionlar daxilində getdikcə artan narazılıq, açıq itaətsizlik və gizli müqavimət faşistləri ciddi şəkildə narahat edirdi. Nəticədə 1944-cü ilin yanvarında Şərq legionlarının Qərb cəbhələrinə köçürülməsi barədə qəti qərar qəbul olundu. Bu qərara əsasən, SSRİ ərazisində yerləşdirilən Azərbaycan legionları Fransanın Normandiya və Bretan bölgələrinə göndərildi. Bu isə legionçular arasında kəskin etiraz doğurdu. Öz iradələrinə zidd şəkildə başqa cəbhələrə sürgün edilən azərbaycanlılar açıq itaətsizlik nümayiş etdirir, bəziləri isə meşələrə çəkilərək Ukrayna millətçilərinə və Avropada fəaliyyət göstərən partizan dəstələrinə qoşulurdular. Artan itaətsizlik dalğasını nəzərə alan Almaniyanın hərbi-siyasi rəhbərliyi 1943-cü ilin sonlarında sovet hərbi əsirlərindən ibarət böyük bir qrupun Şimali İtaliyaya göndərilməsi qərarını verdi. Faşistlər bu insanlara “azadlıq” və “yaxşı həyat şəraiti” vəd etsələr də, əsl məqsəd onları İtaliya və Yuqoslaviya partizanlarına qarşı cəza dəstələrində istifadə etmək idi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, faşizm bu hesablamada da yanılmışdır. Bu sınaq dolu, taleyüklü günlərdə sovet sərhədlərindən uzaqlaşdırılan azərbaycanlı hərbi əsirlər arasında gizli antifaşist təşkilatlanma prosesi başladı. Müqavimət hərəkatının ön sıralarında Rza Ağazadə, Cavad Həkimli, Mehdi Hüseynzadə, Mikayıl Qulubəyov və digər azərbaycanlı döyüşçülər dayanırdı. Onların yaratdığı gizli təşkilat minlərlə sovet hərbi əsirinin birləşməsində və işğal olunmuş ərazilərdə faşizmə qarşı mübarizədə mühüm rol oynadı. İtaliya ərazisində, xüsusilə Triyest ətrafında fəaliyyət göstərən Yuqoslaviya və İtaliya partizanları ilə əlaqə yaratmaq ilk mərhələdə as an olmadı. Bunun əsas səbəbi faşistlərin yerli əhali arasında yaydığı məqsədli şayiələr idi. Guya sovet hərbi əsirləri partizanlara qarşı cəza tədbirlərində iştirak etməyə hazırlaşırdılar. Lakin zaman keçdikcə bu yalanlar ifşa olundu və düşmənin hiyləsi iflasa uğradı. Stranse əsir düşərgəsindən İtaliyaya, Triyest və Yuqoslaviya ərazilərinə köçürülən sovet hərbi əsirləri arasında xeyli sayda azərbaycanlı var idi. Onlar Yuqoslaviya - İtaliya partizan diviziyasının tərkibində ayrıca rota yaradaraq alman faşizminə qarşı mübarizədə fəal iştirak etdilər və düşmənə sarsıdıcı zərbələr endirdilər. Eyni zamanda, alman ordusunun tərkibində döyüşən “Türküstan diviziyası”nda olan azərbaycanlılar da 1944-cü ildə İsrafil bəy İsrafilbəyovun komandanlığı altında Şimali İtaliyaya göndərilərkən artıq müharibənin taleyinin həll olunduğunu dərk edərək silahlarını faşizmə qarşı çevirdilər. Bu mübarizənin rəmzinə çevrilmiş adlardan biri əfsanəvi partizan Mehdi Hüseynzadə idi. O, Vətəndən minlərlə kilometr uzaqda Adriatik dənizi sahillərində İtaliya və Yuqoslaviya partizanları ilə çiyin-çiyinə döyüşərək xalqımızın adını dünyada ucaltdı. Mehdi Hüseynzadə, Cavad Həkimli, Qasım Əmrahov, Sadıq Nadirli, Cabbar Quliyev, Mikayıl Qulubəyov, Əsəd Qurbanov, Cəmil İsmayılov ilə birlikdə sovet əsirlərindən ibarət gizli “rus rotası”nı yaratdı.  İtaliyanın Florensiya şəhərindəki “Toskana-nuova-2” nəşriyyatında həmvətənimiz, tanınmış bakılı jurnalist, yazıçı, politoloq Ruqiyyə Əliyevanın “Azərbaycanlı partizanlar İtaliyada” kitabı çapdan çıxmışdır. Bu nəşrin italyan dilində versiyasının əsasını hitler faşizmi üzərində Qələbənin 60 illiyi münasibətilə Ruqiyyə Əliyevanın Bakıda “Vətən” nəşriyyatında çapdan çıxmış “Avropa müqavimət hərəkatında azərbaycanlılar” adlı kitabının “İtaliyada müqavimət hərəkatı” fəsli təşkil edir. Xatırladaq ki, həmin kitab üç fəsildən ibarətdir: “Yuqoslaviyada müqavimət hərəkatı”, “Fransada müqavimət hərəkatı” və “İtaliyada müqavimət hərəkatı”. Arxivlərdə çalışan Ruqiyyə Əliyeva “Patriot sertifikatı” almış 35 azərbaycanlının italyan dilində tərtib edilmiş siyahısını tapmağa müvəffəq olmuşdur. Bu sənəd həmin şəxslərin İtaliya müqavimət hərəkatında fəal iştirak etməsinə sübutdur. “Azərbaycanlı partizanlar İtaliyada” kitabını italyan dilinə tərcümə edən Florensiya Universitetinin professoru, əvvəllər Aqliana şəhərinin meri olmuş Renato Rizaliti həm də kitaba ön söz yazmışdır. 1976-cı ildə İtaliyada Renato Rizalitinin “Pistoyada antifaşist müqavimət hərəkatı” adlı kitabı nəşr edilmişdir. Müəllif həmin kitabın bir nüsxəsini Bakıya, vaxtilə “Ubaldo Fantaççi” partizan dəstəsinin üzvü olmuş, Pistoyada azadlıq mübarizəsinin fəal iştirakçısı, İtaliyanın ali hərbi mükafatları sayılan “Qaribaldi ulduzu” və “Əsgəri rəşadətə görə” ordenlərinə layiq görülmüş Məmməd Bağırova göndərmişdir. Müəllif kitabın titul vərəqində rus dilində bu sözləri yazmışdı: “Yaşasın antifaşist müqavimətinin qəhrəmanları!”. 1983-cü ildə Məmməd Bağırovun dəvəti ilə Bakıya gələn Rizaliti 1 May nümayişi zamanı Hökumət Evinin tribunasında parad iştirakçılarını salamlamışdır.   31-ci Qaribaldi briqadasının partizan dəstəsinin (yeri gəlmişkən, həmin dəstənin komandiri həmvətənimiz İbrahim İbrahimov idi) üzvü olmuş 35 azərbaycanlı döyüşçüdən hələlik yalnız 8-nin sənədləri aşkar edilmişdir.  İkinci Dünya Müharibəsində azərbaycanlıların Avropa müqavimət hərəkatında iştirakı hələ də olduqca aktualdır. İtaliyadakı ilk sovet partizanları 27 sentyabr 1943-cü ildə Neapol (Napoli) yaxınlığında Santa Maria Kapua Vetere bölgəsində həlak olmuş azərbaycanlı iki qardaş olub. İtalyanlar onların adlarını təhrif olunmuş Taşibayo və Naşibayo Mikay kimi xatırlayırlar.  1975-ci ilə qədər Mussolinini həbs edənlər arasında olmuş azərbaycanlı Vilayət “İlya” Hüseynovu italyanlar ukraynalı hesab edirdilər, belə ki, səhvən onun doğulduğu şəhər Kirovoqrad kimi qeyd edilmişdi. Arxiv sənədləri onun 1944-cü il dekabrın 30-da, Duçenin həbsindən 4 ay əvvəl vəfat etdiyini əminliklə söyləməyə imkan verir. İsmayıl İbrahimova və başqa bir partizana komandanlığın əmri ilə mərmər obelisk – lövhə qoyulmuşdur. Onların komandiri Hilal Cavadov sağ-salamat qayıtmış və bu məlumatların qorunmasında mühüm rol oynamışdır. Məlumat üçün onu da qeyd edək ki, İtaliyada döyüşmüş 6000 Sovet partizanlarından yalnız biri - Məmməd Bağırov İtaliyanın hərbi təqaüdçüsü idi. O, həmçinin Pistoya şəhərinin fəxri vətəndaşı idi. 1945-ci il 7 fevral tarixində Udine şəhərində yerləşən həbsxanaya ordakı partizanları azad etmək məqsədilə hücum olunub, hücumu həyata keçirən 21 nəfərdən üçü Sovet İttifaqından olub. Onlar Qafqazlı Pietto, Moskvalı Mixail və Xarkovlu Vittorio Litovko idi. Bütün sənədlərdə Qafqazlı Pietto kimi qeyd olunan əslində naxçıvanlı Əli Babayev idi. O, Çapayev adlı batalyonun komandiri idi. Moskvalı Mixailin güman olunan adı şəmkirli Oruc Əliyevdir. Əli Babayevin gümüş medala layiq görülməsinə dair sənəd Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunmaqdadır. Məmməd Səməd oğlu Bağırovun İkinci Dünya müharibəsi zamanı döyüş yolu cənub-qərb cəbhəsindən - Xarkov vilayətindən başlamışdır. Burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşmüşdür. Bu zaman almanlar qələbədən ruhlanaraq çoxsaylı qüvvə ilə Sovet İttifaqının içərilərinə doğru hücumlarını davam etdirdilər. Onlar Lozevoy, Barvenko və başqa yaşayış məntəqələrini alanda Məmməd Bağırovun bölüyü düşmən mühasirəsinə düşür. Ciddi müqavimətə baxmayaraq Bağırov ağır yaralanaraq əsir düşür. Əsirlik zamanı o tif xəstəliyinə tutulur. Başına faşistlər tərəfində “27” damğası vurulur. Çox keçmədən Məmməd Bağırovu Azəbaycanlı əsirlərdən ibarət olan Azərbaycan legionunun sıralarına daxil edirlər. Legiondan qaçan Bağırov çox keçmədən partizanların dəstəsinə qoşulur. 1944-cü ildə İtaliyada Umberto Fantaççi adına beynəlmiləl partizan dəstəsi tərkibində faşizmə qarşı mübarizə aparanların sırasında yer almışdır. Onu da qeyd edək ki, həmin dəstədə 20 millətin nümayəndəsi mübarizə aparmış və onlar 1944-cü ilin sentyabrında İtaliyanın Pistoya şəhərini faşistlərdən azad etmişdilər. 1944-cü ilin sentyabr ayında alman faşistlərinin məğlubiyyətinin yaxınlaşdığı bir vaxtda Məmməd Bağırov digər sovet antifaşistləri ilə birlikdə Cənubi İtaliya, Şimali Afrika, Misir, İraq və İrandan keçməklə SSRİ-yə göndərilmişdir. Bakıya çatdıqdan dərhal sonra Moskva vilayətinin Podolsk şəhərinə aparılmış və burada əks-kəşfiyyat xidməti tərəfindən ciddi yoxlamadan keçmişdir. Yalnız bundan sonra Bakıya bir aylıq məzuniyyətə buraxılmışdır. Müharibə qurtaranadək o, baş leytenant rütbəsində Moskva hərbi dairəsində qulluq etmişdir. Müharibə bitdikdən sonra isə bir müddət Bakı Hava Hücumundan Müdafiə Mərkəzində xidmətini davam etdirmiş, 1946-cı ilin baharında ordudan tərxis olunmuşdur. 1976-cı ildə Florensiya Universitetinin professoru Renato Rizaliti tərəfindən “Pistoyada antifaşist müqaviməti” adlı kitabı nəşr olundu. Kitabda antifaşist hərəkatında iştirak etmiş şəxslərin siyahısı da qeyd edilmişdi. Bu kitabda Məmməd Səməd oğlu Bağırov haqqında demək olar ki, başqa antifaşistlərdən daha çox məlumat verilmişdi. Kitab dərc ediləndən sonra Məmməd Bağırovun döyüş yoldaşları onu axtararaq, nəhayət, Sovet Veteranları Komitəsi vasitəsilə tapır və İtaliyaya dəvət edirlər. 1978-ci ildə Məmməd Bağırov həyat yoldaşı Şəfiqə xanımla birgə İtaliyaya səfər edir. Səfər çərçivəsində o, döyüş yolu keçdiyi yerlərə baş çəkir. Həmin səfər zamanı İtaliyanın prezidenti, müqavimət hərəkatının fəallarından biri olmuş Aleksandro Pertini tərəfindən qəbul edilmişdir. Ona İtaliyanın partizanı fəxri diplomunu təqdim edilmişdir. 1978-ci ildə həmçinin Məmməd Bağırovun İtaliyanın ən yüksək hərbi mükafatı Qızıl Ulduz (Harribaldi Ulduzu) ilə təltif olunması haqqında qərar qəbul olunmuşdur. 1980-ci ildə həmyerlimizə İtaliya hökuməti tərəfindən fərdi təqaüd təyin olunur. Bundan başqa, 1984-cü ildə Məmməd Bağırov İtaliyanın Şöhrət ordeninə layiq görülür. Eyni zamanda o, İtaliya şəhərlərinin azad olunmasına həsr edilmiş 14 yubiley medalı, 2 fəxri diplom, SSRİ-nin II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Məmməd Bağırov 1997-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində İtaliya torpağına son dəfə ayaq basmışdır. İtaliyaya etdiyi son səfərdən qayıtdıqdan bir neçə gün sonra igid həmyerlimiz Məmməd Bağırovun hələ böyük amallar uğrunda mübarizə etmək əzmi ilə döyünən ürəyi qəflətən, yuxuda ikən dayanmışdır. Respublika rəhbərliyinin qərarı ilə İkinci Fəxri Xiyabanda dəfn olunmuş, dəfnolunma mərasimində İtaliyanın ölkəmizdəki səfiri və səfirliyin bütün əməkdaşları da iştirak etmişdir. Tarixi mənbələrə, arxiv sənədlərinə istinad edərək deyə bilərik ki, Azərbaycan partizanları II Dünya Müharibəsi illərində bütün Avropada döyüşmüşlər. Məmməd Məmmədov "Medo" Niderlandda milli qəhrəmana çevrilərək ölkənin ən yüksək ordenini almışdır. Partizanlarımızın İtaliyadakı qəhrəmanlığının həddi-hüdudu isə məlum deyildir. İlk həlak olan azərbaycanlı partizanlara Neapol yaxınlığında, Santa Maria Kapua Vetere adlanan ərazidə döyüşdə həlak olmuş Mikay qardaşlarını göstərə bilərik. Bu, 1943-cü ilin sentyabr ayının sonlarında baş verib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) Triestdə, Əli "Piotto" Babayevin komandanlığı altında Çapayev batalyonu isə Udine yaxınlığında döyüşüb. Çoxsaylı Azərbaycan partizanları Pyaçenza əyalətində həm Beynəlxalq Briqadaların tərkibində, həm də tamamilə Azərbaycanlılardan ibarət ən azı iki dəstənin - Kaio Briqadasının və 31-ci Qaribaldi Briqadasının tərkibində fəaliyyət göstəriblər. Məhərrəm Məmmədovun komandanlığı altında 24 nəfərlik Azərbaycanlı dəstəsinin daxil olduğu partizan briqadası Pyaçenza yaxınlığında fəaliyyət göstərirdi. Bölmənin döyüşçülərindən biri olan Azər Əmirxanov 1945-ci ilin fevral ayında Bettola kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur. Partizanlar arasında o, "Azər Amerikanov" (Əmirxanov soyadının təhrif olunmuş versiyası) kimi tanınırdı. Bu partizanın şərəfinə briqada komandanlığı dəstələrdən birinə "Distaccamento Amerkanoff" – “Amerika Dəstəsi” adını vermişdir. Dəstənin həlak olmuş döyüşçünün adını daşıması nadir haldır; yalnız üç belə hal məlumdur ki, bunlardan biri Azərbaycan partizanının adı ilə əlaqələndirilir. Xüsusilə, bu dəstənin döyüşçüləri (Əliyev və Şamilov) italyan tarixçisi Mauro Qalleninin "Ciao Russi: Partigiani sovietici in Italia" (2001) kitabının üz qabığında yer almışdır. İtalyanların mərmər obeliskləri – lövhələri ucaltdıqları Vilayət Hüseynov və İsmayıl İbrahimov da Pyaçensa şəhəri yaxınlığında həlak olmuşlar. Təəssüf ki, İbrahimovun məzarı indi itmişdir, lakin Vilayət Hüseynovun obeliski qalmaqdadır. Vilayət Hüseynov və İsmayıl İbrahimovun komandiri Hilal Cavadov müharibədən sonra sağ-salamat Vətənə qayıtmışdır.  Füzuli rayonunda doğulan Qara Əkbərov, Gəncədə anadan olan Ənvər Abbaszadə, Moskvada dünyaya gələn İvan Melnikov və təəssüf ki, soyadı rəsmi sənədlərdə qeyd edilməyən lənkəranlı Allahverdi, Sergio kimi tanınan kapitan Əsgər Hacıyev də Pyaçenza əyalətinin Bobbio kəndində dəfn olunmuşlar. İbrahim İbrahimovun komandanlığı altında 31-ci Qaribaldi Briqadasında otuz beş nəfərin xidmət etdiyi də məlumdur. Digər bir Azərbaycan komandiri partizan, ləqəbi Tenente olan Məzaim Əliyev də İtaliyada tarix yazmışdır. Bu dəhşətli illərdə həmçinin Şimali İtaliyada - Udine şəhəri yaxınlığında Əli Babayevin rəhbərlik etdiyi Çapayev Batalyonu fəaliyyət göstərirdi. Batalyonda digər Azərbaycanlılar da var idi, o cümlədən italyan yoldaşları onu "Mixail Moska" adlandıran Şəmkir rayonundan Oruc Əliyev. Əli Babayev və Oruc-Mixail İtaliya Müqavimətinin əks-səda doğuran əməliyyatlarından birində - Udinedəki həbsxanaya hücumda iştirak etmiş və oradan 73 məhbusu bir döyüşçü də itirmədən azad etmişdir. bu uğurlu əməliyyata rəhbərlik edən və həbsxanaya ilk girən Əli Babayev olmuşdur. Döyüşdəki şücaətinə görə o, Qaribaldi diviziyalarının komandanlığı tərəfindən gümüş medalla təltif edimişdir. Digər həmyerlimiz Tair İsayev "Serafino" və Nəsib Abdullayev Berqamo yaxınlığındakı Fiamme Verdi diviziyasında vuruşmuşlar. Hər ikisi çoxsaylı İtaliya ordenləri ilə təltif edilmişlər. 1974-cü ildə İsayevin şərəfinə "Onun adı Serafino idi" adlı sənədli film çəkilmiş, film rəqəmsallaşdırılaraq YouTube-da yerləşdirilmişdir.  Ravenna yaxınlığındakı döyüşlərdəki şücaətinə görə isə Şahbaba Məcidov və Əvəz Mirzoyev Qaribaldi medalı ilə təltif edilmişlər. Qəhrəmanlığı ilə tarix yazan Cəlil Rəfiyev isə "Vittorio" Matteoti Briqadasında vuruşmuşdur. O, müharibədən sonra özünün və yoldaşlarının döyüş qəhrəmanlıqlarını çoxsaylı məqalələrdə, esselərdə və kitablarda əks etdirmişdir. Triestenin faşistlərdən azad edilməsi zamanı bir neçə azərbaycanlı, o cümlədən 1909-cu il təvəllüdlü Cəmaləddin Abdullah oğlu Mənsimov həlak olmuşdur. Şəki rayonunun Aydın-Bulaq kəndindən olan bu şəxs müharibə sənədlərində Maksimov kimi qeyd alınmışdır. Tanınmış yazıçı Mixail Talalayın “Qafqazdan Apenninlərə qədər” kitabının ön sözündə məhşur tədqiqatçı alim Valentino Parlato “İtaliya Müqavimət Hərəkatında azərbaycanlılar” adlı məqaləsində qeyd edir: “Faşizmin məğlub edilməsində azərbaycanlıların töhfəsi əhəmiyyətli idi: 1941-ci ildə 3,4 milyon əhalisi olan bu ölkədən 681.000 nəfər döyüşlərdə iştirak etmiş, 300.000 nəfər həlak olmuşdur. Müqavimət Hərəkatında 5000-dən çox Sovet partizanı italyanlarla birlikdə vuruşmuşdur ki, onlardan bir neçə yüz nəfəri azərbaycanlı idi.” Sənədlərdən və fotoşəkillərdən istifadə edilərək ilk dəfə nəşr olunan bu kitab onların qəhrəmanlığından söz açılmışdır. Qafqazdan Apenninlərə qədər şərəfli döyüş yolu keçən azərbaycanlılardan qürurla söz açan yazıçı qeyd edir ki: “Sovet Ordusundakı bir neçə yüz Azərbaycan əsgəri SSRİ-yə hücum zamanı nasistlər tərəfindən əsir götürülmüşdür.” Monte di Nezedə kütləvi qətl 1945-ci ilə qədər hər iki tərəfdən İtaliyanın şimalında minlərlə sovet əsgəri vuruşdu. Əksəriyyəti hərbi əsir olan bu əsgərlərdən bəziləri nasistlərin tərəfində döyüşməyi seçmiş, bəziləri isə əsirlikdən qaçaraq partizanlara qoşulmuşdu. O dövrdə Şimali İtaliyada, xüsusən Lombardiya əyalətində güclü bir anti-faşist hərəkatı mövcud idi. Bunlardan ən böyüyü Garibaldi partizan briqadası idi. Azərbaycan əsgərləri Qaribaldi briqadasına qoşulmaq üçün Berqamo yaxınlığındakı Alzano Lombardoya yollanmışdılar. Şahid ifadələrinə əsasən məlum olur ki, azərbaycanlılar gecəni Monte di Nezedə keçirmişlər. Həmin hadisənin şahidlərindən biri də Karolina Letinidir. İkinci dünya müharibəsiylə bağlı hər bir sənəd, foto, kino-xronika, xatirə tarixin canlı şahididir. O dəhşətli günləri xatırlayan Karolina Letininin xatirəsi kədərli olsa da, Vətən tarixi üçün çox qiymətlidir: “İtaliyanın şimalındakı Berqamodan 120 km şimalda yerləşən Monte di Neze kəndində 121 azərbaycanlının faciəvi şəkildə həlak olmasının şahidi olmuşam. Bu barədə danışarkən indi də göz yaşlarımı saxlaya bilmirəm. Döyüş səhər 6-da başladı və günortaya qədər davam etdi. Azərbaycanlılar qəhrəman kimi sona qədər vuruşdular, ancaq cəmi 121 nəfər var idi və təxminən 2500 faşist tərəfindən mühasirəyə alınmışdılar. 13 aprel 1945-ci ildə baş verən dəhşətli hadisələr Monte di Nezedə hələ də xatırlanır, burada sakinlər 121 azərbaycanlının şərəfinə xatirə lövhəsi qoydular. Hadisədən təxminən 70 il keçməsinə baxmayaraq, Monte di Neze sakinləri hələ də onların yolunda ölümə gedən qəhrəmanları unuda bilmirlər. Hər il qələbə günü onları təntənəli şəkildə yad edirlər. Tarixi mənbələrə, rəsmi dövlər sənədlərinə, arxiv materiallarına, fotoşəkillərə, kino-xronikalara istinad edərək bir daha qeyd edə bilərik ki, II Dünya Müharibəsi illərində azərbaycanlı partizanların İtaliyanın faşizmdən azad olunmasında mühüm rolu olmuşdur. Bu qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin bərpası və gələcək nəsillərə düzgün çatdırılması mühüm vəzifədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu istiqamətdə araşdırmalar aparmağı, beynəlxalq əməkdaşlığı genişləndirməyi və ortaq tarixi yaddaşın qorunması naminə İtaliya tərəfi ilə birgə fəaliyyət göstərməyi vacib hesab edir. Qürurverici, sevindirici haldır ki, hələ ötən əsrin 60-cı illərindən Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan – İtaliya münasibətlərində tarixi nailiyyət hesab olunan səhifə açılmışdır. Bu ənənə Ulu Öndərin siyasi hakimiyyətinin ikinci mərhələsində inkişaf etdirilmişdir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Pezidenti Mehriban xanım Əliyevanın iradəsi ilə Azərbaycan – İtaliya münasibətləri uğurla davam etdirilir. Hər iki ölkənin liderlərinin dəstəyi ilə mühüm layihələr gerçəkləşdirilir, tərəfdaşlıq sazişləri imzalanır. İtaliyanın məhşur şirkətləri ilə yanaşı, universitetləri də ölkəmizlə əməkdaşlıq edir. Dünyəvi təhsil modelinin ölkəmizdə ən ali nümunəsi sayılan ADA Universitetinin bazasında Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulması, İtaliyada Azərbaycan, Azərbaycanda İtaliya mədəniyyətinin təbliğinə həsr olunan forum, konfrans və simpoziumların təşkili tarixi dostluq, qardaşlıq, əməkdaşlıq ənənələrinin bərpası ilə yanaşı, İtaliyanın faşizmdən azad olunması naminə canından belə keçməyə hazır olan qəhrəman Azərbaycan vətəndaşlarının ruhunu şad edən amilə çevrilir. Silahları kitabların əvəz edəcəyinə ümidi artırır. Heç kəsin unudulmadığını, heç kəsin yaddan çıxmadığını sübut edir! Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri    

Hamısını oxu
İtaliyada keçirilən “Bərpa həftəsi - 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub

Veteran.gov.az xəbər verir ki, avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir.   Sözügedən tədbirlərdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb.   “Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər.   Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar.   Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb.   Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.   Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat vermişdir. Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.   Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.  

Hamısını oxu