Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Polkovnik Cəlil Xəlilov və bir qrup veteran dəfn mərasimində iştirak edib

Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov iştirak edib.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Məlumat üçün qeyd edək ki, Dadaş Rzayev həm də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb.

 Qeyd: Yazıda AZƏRTAC-ın məlumatlarından istifadə olunub.  

2024-05-29 07:19:31
3347 baxış

Digər xəbərlər

“35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq qarşılamaqdan şərəf duyuruq”

Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır” “Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək” Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq. -Cəlil müəllim, bu il  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz? -Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki,  Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb. -Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir? - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir. -Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb? -Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir.  Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib. Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu? -2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir. Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki,   2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir. Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.  -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz? -Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik. Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir.   Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi

Hamısını oxu
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Macarıstanın Milli günü münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğuladı, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edildi, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olundu, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulandı. Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı. Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi.

Hamısını oxu
Ceyms Devid Vens İlham Əliyevin sabiq ABŞ administrasiyasına doğru irad tutduğunu təsdiqlədi – TƏHLİL!

“ Onların yol verdikləri səhvlərdən biri də Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi” Azərbaycan-ABŞ münasibətlərinin sürətli inkişafı, iki dövlət arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, bütün sahə və istiqamətlərdə əməkdaşlıın genişləndirilməsi son illər Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin əldə etdiyi ən mühüm strateji uğurlardan biridir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin cari ilin 10 fevral tarixində Bakıya səfəri, səfər əsnasında Müzəffər Ali Baş Komandnla görüşü və hər iki liderin sülh, təhlükəsizlik və əməkdaşlıqla bağlı verdiyi mesajlar iki dövlət arasındakı münasibətlərin dinamik şəkildə inkişafından xəbər verir. Ceyms Devid Vensin ölkəmizə səfəri hər şeydən öncə  ABŞ-ın Azərbaycana, onun müasir dünyadakı siyasi-iqtisadi və hərbi nüfuzuna verdiyi önəmi göstərir. Bu səfər və səfər əsnasında imzalanan sənədlər sübut edir ki, ABŞ Azərbaycanı ciddi regional tərəfdaş sayır və bütün Cənubi Qafqazda uzunmüddətli sülhün və tərəqqinin bərqərar olması üçün ölkəmizlə əməkdaşlığı zəruri hesab edir. Ceyms Devid Vensin səfərində diqqət çəkən mühüm məqamlardan biri də ABŞ vitse-prezidentinin Prezident İlham Əliyevin Amerikanın keçmiş prezident administrasiyası ilə bağlı səsləndirdiyi tənqidi fikirləri təsdiqləməsi, rəsmi Vaşinqtonun ölkəmizə münasibətdə yol verdiyi səhvləri etiraf etməsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə Bayden-Blinken administrasiyasının ölkəmizə qarşı qərəzli münasibətini ifşa edib. Dövlət başçısı bildirib ki, məhz Bayden-Blinken administrasiyasının ədalətsiz siyasəti nəticəsində ABŞ-Azərbaycan münasibətləri böhrana sürüklənib, 907-ci düzəliş yenidən bərpa olunub. Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində də ABŞ-ın sabiq  prezident administrasiyasının qərəzli münasibətinə diqqət çəkib, bu münasibətin ikitərəfli əlaqələrə böyük zərbə vurduğunu söyləyib: “Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər. Onu da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”. (https://president.az/az/articles/view/71213 ) Göründüyü kimi, Prezident İlham Əliyev Obama-Bayden, Bayden-Blinken administrasiyasının Azərbaycana qarşı qərəzli münasibətini dəfələrlə gündəmə gətirib, bu qərəzin iki dövlət arasındakı münasibətlərə necə böyük zərər vurduğunu, regionda sülh və təhlükəsizliklə bağlı vəziyyəti necə gərginləşdirdiyini konkret faktlarla ictimaiyyətə təqdim edib. Bu baxımdan ölkəmizə səfər edən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin də ABŞ-ın sabiq administrasiyasının səhvlərini etiraf etməsi mühüm əhəmiyyətə malikdir. Vensin etirafı Prezident İlham Əliyevin ABŞ-ın keçmiş rəhbərliyi haqqında səsləndirdiyi iradların heç də təsadüf olmadığını, bu iradların mühüm faktlardan və gerçəkliklərədn qaynaqlandığını bir kəs daha sübut etdi. Vensin etirafı sübut etdi ki, İlham Əliyev heç vaxt heç nəyi səbəbsiz yerə dilə gətirmir və onun dediyi hər bir söz həqiqətə söykənir. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə ölkəsinin sabiq rəhbərliyinin yol verdiyi səhvlər haqqında deyib: “Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram”. (https://president.az/az/articles/view/71560 ) ABŞ vitse-prezidentinin səsləndirdiyi bu fikirlər Tramp administrasiyasının köhnə rəhbərliyin səhvlərini təkrarlamaq niyyətində olmadığını, əksinə, bu səhvlərdən nəticə çıxardığını və Azərbaycanla münasibətləri əsaslı şəkildə redaktə etdiyini göstərir. Bu isə o deməkdir ki, bütün dünya yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafına şahid olacaq, iki dövlət arasındakı əməkdaşlıq əlaqələrinin regiona bəxş etdiyi sülh və təhlüksizlikdən faydalanmaq imkanı əldə edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
ANAMA açıqladı: 2055 əməliyyat, altı ölü, səkkiz yaralı

2020-ci il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 kvadrat metr (762 ha) ərazi yoxlanılıb, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan bildirilib ki, 2020-ci il ərzində agentliyə daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat keçirilib. Nəticədə, Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 1 607 720 kvadrat metr (161 ha) ərazi təmizlənib.   3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 kvadrat metr (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib. 2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində yeddi mina/PHS hadisəsi qeydə alınıb, nəticədə, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, altı nəfər isə həlak olub.            

Hamısını oxu