Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır. 

Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik.

Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir.

Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır.

Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır.

Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır.

Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir.

Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır.

İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar.

Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s.

Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir.

İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər.

Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir.

NİZAMİ CƏFƏROV

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,

əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

2024-05-30 14:47:17
1921 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb. Görüşdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən müharibəsində bu qəhrəmanlığın gənclər tərəfindən təkrarlandığını, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğaldakı torpaqları azad etdiyini bildirib.   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanı təbrik edən Səmyar Abdullayev, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi təqdim edib, veteranlarla qürur duyduğunu, onların qəhrəmanlıq tariximizin bir hissəsi olduğunu vurğulayıb.   Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“DTX-nın keçirdiyi bu görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır”

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən, bu tarixi qələbənin hərbi-siyasi, iqtisadi-mənəvi əhəmiyyətindən danışılıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  Ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb:: “Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi həm qazilərimizə hörmət və ehtiram göstəricisi, həm də vətənpərvərlik tərbiyəsinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Bu, dövlət başçısının şəhdilərimizə, qazilərimizə verdiyi yüksək qiyməti, sonsuz ehtiram və məhəbbəti göstərir. Bu baxımdan, şəhid ailələrinə, eləcə də müharibə iştirakçılarına daim qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur. DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə belə bir görüşün keçirilməsi hər şeydən öncə mənəvi baxımdan böyük önəm kəsb edir. Bu, dövlətimizin bir an belə olsun qazilərimizi diqqətdən kənarda qoymadığını, onların qəhrəmanlığının, tarixi xidmətlərinin təbliğinə xüsusi önəm verdiyi göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbayacan xalqı öz qəhrəmanlarını unutmur və onlarla ünsiyyətə mənəvi ehtiyac hiss edir. Mən belə bir görüşü təşkil etdiyinə görə DTX-ya, onun rəhbərliyinə təşəkkür edirəm. Qürur hissi ilə vurğulayıram ki, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi DTX-da ənənə halını alıb. Hansı ki, bu tendensiya milli-mənəvi dəyərlərimizin təbliği, qəhrəmanlarımızın gənclərə tanıdılması baxımından həyati əhəmiyyətə malikdir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır”. Seymur ƏLİYEV

Hamısını oxu
Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik - İlham Əliyev

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib. “Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hamısını oxu
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”, - deyə dövlət başçısı əlavə edib.

Hamısını oxu