Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AZƏRBAYCAN: “YAŞIL GƏLƏCƏYƏ” TARİXİ DÖNÜŞ

Bəşəriyyətin mövcudluğunun ən böyük problemlərindən biri yanacaq ehtiyatlarının (neft, qaz, kömür, odun) yandırılması ilə əlaqədar olan iqlim dəyişikliyidir. Bu ehtiyatlar yandırıldıqda ayrılan karbon oksid (karbon qazı) istixana effekti adlanan effekt yaradır və Yer səthinin temperaturunu artırır. Nəzəri cəhətdən bu məsələnin həlli çox sadədir: bəşəriyyət günəşin, küləyin və çayların axar sularının enerjisindən istifadəyə keçməlidir. Çətinlik ondan ibarətdir ki, qlobal enerjinin demək olar ki, 80%-i yanan resursların istifadəsinə əsaslanır. Bu problemi həll etmək üçün 1995-ci ildən hər il BMT-nin İqlim Konfransı (COP) keçirilir. Builki konfrans (COP-29) Bakıda keçiriləcək. İlk dəfədir ki, türk dövlətində belə genişmiqyaslı konfrans keçiriləcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, harmonik siyasəti və yüksək beynəlxalq nüfuzu sayəsində mümkün olmuşdur. COP-29 dünyanın ən nüfuzlu tədbirlərindən biri olacaq. COP sammitlərinə dünyanın əksər ölkələrinin liderləri toplaşırlar. Azərbaycana on minlərlə siyasətçi, alim və ictimai xadimin gələcəyi gözlənilir. İlkin məlumatlara görə, bu müddət ərzində Azərbaycanda təxminən 70-80 min xarici qonaq olacaq.  İki həftə ərzində Bakı, sözün həqiqi mənasında dünyanın mərkəzinə çevriləcək.

COP-29-un Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artıracaq, ölkəmiz qlobal problemlərin həllində öz əhəmiyyətini bəyan etmək imkanı qazanacaq. Azərbaycan rəhbərliyi və ölkəmizin ictimaiyyəti bu tədbirə xüsusi əhəmiyyət verir. Bunu qeyd etmək kifayətdir ki, 2024-cü il Azərbaycan Respublikasında Yaşıl dünya naminə Həmrəylik İli elan edilmişdir.

35 il əvvəl təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək, dünya ölkələrinin dövlət başçılarının iqlim dəyişikliyinə həsr olunmuş ən mühüm qlobal forumu Azərbaycanda keçiriləcək. O vaxt respublika salamat qalmaq, müstəqillik, dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı.

Azərbaycan tarixində şəxsiyyətin rolu. Tarixə nəzər salsaq, son iki yüz ildə Azərbaycan xalqı çox faciəli günlər yaşayıb. Belə ki, XIX əsrdə ölkəmiz şərti olaraq cənubi və şimali Azərbaycan adlanan iki hissəyə bölünüb, azərbaycanlılar öz ata-baba yurdlarından tədricən köçürülüb və bu münbit ərazilərdə ermənilər kütləvi şəkildə məskunlaşdırılıb. XX əsrdə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Nəhayət, bizim zorla cəlb edildiyimiz Qarabağ savaşı.

Dahi Səməd Vurğun Azərbaycanın faciəli tarixini aşağıdakı poetik misralarla ifadə etmişdir:

... Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə,
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır..

Bu sətirlər təxminən 90 il əvvəl yazılmış möhtəşəm “Azərbaycan” şeirindən bir fraqmentdir. Maraqlıdır ki, Səməd Vurğun Azərbaycanın gələcəyini ölkəni yüksəldəcək, onu sevindirəcək ləyaqətli qız və oğulların yetişməsi ilə əlaqələndirib. Bu, ötən əsrin 90-cı illərində - dağıntı və siyasi xaos illərində baş verdi. O gərgin dövrdə böyük Heydər Əliyev gəlib ölkəyə rəhbərlik etdi və hazırda onun fəaliyyəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev müasir Azərbaycan siyasətinin əfsanəsidir. Əfsanə olmaq öz xalqının mənafeyi, ölkəsinin rifahı və gələcəyi naminə çalışdığını sübut etmək deməkdir. Hər kəs əfsanəyə çevrilə bilməz. Əlbəttə, çox şey insanın dünyagörüşündən və qətiyyətindən, iradəsindən asılıdır, lakin taleyin qisməti və hadisələrin təsadüfi gedişatı da az əhəmiyyət kəsb etmir.

Bir sıra intellektual və mənəvi keyfiyyətləri ilə seçilən Heydər Əliyev keçmiş Sovet İttifaqının rəhbərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənirdi. O, məhz səriştəsi, məsuliyyəti və yüksək insani keyfiyyətləri sayəsində həm Azərbaycan xalqının, həm də keçmiş Sovet İttifaqının digər xalqlarının yaddaşında silinməz izlər qoyub. Heydər Əliyev nikbin həyat mövqeyi, yüksək humanist idealları, ictimai hadisələrə qərəzsiz qiymət verməsi ilə seçilirdi. Onun fəaliyyəti müxtəlif faktların hərtərəfli təhlilinə və siyasi reallığı dərindən dərk etməyə əsaslanırdı. O, seçdiyi yolun düzgün olmasına əmin idi və bu əminlik cəmiyyətin geniş təbəqələrinə də sirayət edirdi.

Heydər Əliyevin təfəkkür tərzinin kreativlik, gələcəyə istiqamətlənmək kimi səciyyəvi xüsusiyyətləri əsasən məqsədyönlü tərbiyə və çoxşaxəli təhsil sayəsində formalaşmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan cəmiyyətinə məhz Heydər Əliyevin bu keyfiyyətləri lazım idi ki, o vaxt Azərbaycanın ictimai şüurunda hökmranlıq edən “Qarabağ sindromu”nu onun rəhbərliyi aradan qaldırmaq olsun. Bu sindrom nəhayət 2020-ci ildə İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi sayəsində aradan qalxdı.

Heydər Əliyev erməni millətçiliyinin tarixini yaxşı bilirdi. O, başa düşürdü ki, istər əvvəlki, istərsə də indiki erməni faşistlərinin bir əsas məqsədi var: türk dünyasını parçalayıb məhv etmək. İndi də Ermənistan “türk dünyasının birləşmə təhlükəsi” səbəbindən Zəngəzur kommunikasiya dəhlizinin yaradılmasının əleyhinədir. Erməni ideoloqları bütün bunları əsla gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc edilən müxtəlif materiallar buna əyani sübutdur.

Heydər Əliyevin 90-cı illərin əvvəllərində Azərbaycanı düşdüyü çıxılmaz ictimai-siyasi və iqtisadi vəziyyətdən çıxarmağa, onun uğurlu, ahəngdar inkişafı strategiyasını müəyyən etməyə necə nail olması bu gün də təəccüb doğurur. Tamamilə aydındır ki, bu, siyasi, iqtisadi və mədəni sahələrdə titanik fəaliyyət sayəsində mümkün olmuşdur.  Qısa müddətdə böyük həcmdə diplomatik iş görüldü. 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılıq əldə edildi. BMT Təhlükəsizlik Şurası işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etdi. ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh danışıqları başlandı. Münaqişənin sülh yolu ilə həllini tapmamasının yeganə səbəbi Ermənistan rəhbərliyinin aqressiv xarakteri və Qarabağ separatçılarının status-kvonun saxlanması barədə utopik arzusu olub.

Ümummilli lider bu məsələnin hərbi yolla həllinin labüdlüyünü qabaqcadan görürdü, lakin Azərbaycanın hərbi-iqtisadi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsini tələb edən ovaxtkı vəziyyətin reallığını dərk edirdi.  Bu dövrdə əsas diqqət diplomatik səylərə yönəldilib. 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsinə dair misli görünməmiş beynəlxalq müqavilə olan “Əsrin müqaviləsi”nin bağlanması üçün diplomatik ilkin şərt lazım idi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanın sonrakı sosial-iqtisadi tərəqqisinin mümkünlüyünü müəyyən etdi və ikinci Qarabağ müharibəsində qələbə üçün zəruri ilkin şərait yaratdı.

İlham Əliyevin qələbəsinin mənası və əhəmiyyəti. 2020-ci ildə Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də mifik “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün ilkin şərt kimi əsr yarım ərzində “Artsax” layihəsini bəsləyən dünya erməni birliyini məğlub etdi.

Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli ölçülüb-biçilmiş rəhbərliyi sayəsində mümkün oldu. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun sübutu deyilmi!  Məhz İlham Əliyevin aydın və dəqiq mövqeyi, hərtərəfli düşünülmüş, balanslaşdırılmış daxili və xarici siyasəti ölkənin bütün imkanlarını Qələbə üçün səfərbər etməyə imkan verdi.

İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi son 20 ildə Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirən amillərə çevrilib.  Eyni zamanda, Prezident “yumşaq güc”ün formalaşmasına xüsusi diqqət yetirirdi. Erməni diasporunun ruporları tərəfindən dünyada süni şəkildə yaradılmış antiazərbaycan mifi aradan qaldırmaq və Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv şəkildə təmsil etmək, ölkə, xalq, onun arzuları haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq lazım idi. Bakı, Gəncə, Qəbələ, Şəki çoxsaylı humanitar forumların, müxtəlif beynəlxalq festivalların, irimiqyaslı idman yarışlarının keçirildiyi mərkəzlərə çevrilib.

Qarabağ dramı 35 ilə yaxın davam etdi. 90-cı illərin əvvəllərində Qarabağda müharibə ermənilər tərəfindən bütün beynəlxalq normalara rəğmən aparılıb. Erməni faşistlərinin insanlığa qarşı saysız-hesabsız cinayətləri ictimaiyyətə məlum olub.  Azərbaycan ərazisinin beşdə bir hissəsi ermənilər tərəfindən viran edildi. Otuz mindən çox azərbaycanlı - əsasən qadınlar, qocalar və uşaqlar həlak olmuş, bir milyona yaxın insan qaçqın düşmüş, ən elementar yaşayış şəraitindən məhrum olmuşdur. Erməni faşizmi çiçəklənən şəhərlərə, qəsəbələrə, mədəniyyət abidələrinə qənim kəsilmişdi. Hər şey dəhşətli şəkildə məhv edildi və qarət olundu.

Ermənilərin azərbaycanlılara qarşı nifrət və kin-küdurət hissinin miqyasına ağlabatan izahat tapmaq mümkün deyil. İlham Əliyevin çıxışlarının birində dediyi kimi, “bu anti-insani, barbar hərəkətləri başa düşmək çox çətindir, xüsusən ona görə ki, ermənilər son vaxtlar bizimlə qonşuluqda yaşayıblar və Azərbaycan reallığına üzvi şəkildə inteqrasiya ediblər”.

Azərbaycan xalqı tarixi yetkinliyin sərt sınağından çıxdı. Bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim bütün mədəni, diplomatik, iqtisadi, hərbi potensialımız səfərbər olundu. Düzgün aparılan informasiya siyasəti, prezidentin mətbuatda görkəmli proqram xarakterli çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində hər bir azərbaycanlı başa düşdü ki, bu gün torpağımızda baş verənlər ölüm-dirim mübarizəsi, Vətən müharibəsidir.

Qarabağ faciəsi təkcə Azərbaycanın şəhər və kəndlərinin görkəmini deyil, həm də həyatın müxtəlif sahələrinin məzmununu dəyişdi. Bu dəyişikliklər azərbaycanlıların psixologiyasında, təfəkküründə o qədər böyük əks-səda doğurdu ki, mübaliğəsiz demək olar: Azərbaycan xalqı, onun dəyərlər sistemi çox cəhətdən yenidən formalaşıb.

“Böyük qayıdış”. Vətən müharibəsində qazanılan parlaq qələbə, eləcə də sonradan uğurla həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan işğal olunmuş torpaqlarını azad edərək, öz suverenliyini tamamilə bərpa etdi. Bu, Azərbaycan cəmiyyətinin qarşısında geniş miqyaslı vəzifə qoydu - işğaldan azad edilmiş ərazilərdə erməni vandallar tərəfindən dağıdılmış obyektlərin tam bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün əlverişli şərait yaradılması.

Azərbaycan elə bir ölkədir ki, burada həm dövlət, həm də xalq ümumi məqsədləri müəyyən edir və həyata keçirir. Qarabağın işğaldan azad edilməsi, qarabağlıların öz doğma torpaqlarına qayıtması - bunlar həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin son 30 ildəki arzularıdır. Ərazilər erməni işğalından azad ediləndən sonra ölkə hakimiyyətinin bu son dərəcə çətin, lakin şərəfli missiyanı öz üzərinə götürəcəyinə heç kim şübhə etmirdi. Amma heç kim bu prosesin bu qədər geniş miqyasda, bu qədər tez və çox yüksək texnoloji səviyyədə baş verəcəyini gözləmirdi. Belə ki, işğaldan azad edilmiş şəhər və kəndlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası sürətlə həyata keçirilir, aqrar-sənaye klasterləri formalaşdırılır, Qarabağ bölgəsini və Şərqi Zəngəzuru “yaşıl enerji” zonalarına çevirmək nəzərdə tutulur.

Təəssüf ki, regionların bərpası və əhalinin qaytarılması proqramının icrası geniş ərazilərin minalardan təmizlənməsi ilə bağlı oldu. Minalarla bağlı hadisələrin dəhşətli statistikası mina təhlükəsi probleminin sadə insanlar üçün nə qədər ciddi olduğunu göstərir. Ermənistan hərbçiləri Qarabağı minalarla ən çox çirklənmiş ərazilərdən birinə çeviriblər. İşğal zamanı erməni barbarları bu heyrətamiz gözəl yerlərə 1,5 milyondan çox mina qoyublar. Buna görə də müasir texnologiyalardan istifadə etməklə minatəmizləmə işləri prioritet məsələyə çevrilib.

Mina təhlükəsinə baxmayaraq, azad edilmiş ərazilərin bərpasına demək olar ki, dərhal başlanılıb. İlk növbədə diqqət kommunikasiya strukturlarının yenidən qurulması və genişləndirilməsinə yönəldilib: yollar, körpülər, tunellər, hava limanları, elektrik şəbəkələri, kommunikasiya sistemləri... 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın İnkişaf Konsepsiyasına ayrıca bənd kimi daxil edilmiş “Böyük qayıdış” layihəsinin icrasına operativ şəkildə başlandı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi ilə bağlı layihələr Azərbaycan dövlətinin iqtisadi siyasətində mərkəzi yerləri tutur.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində genişmiqyaslı işlər davam etdirilir. Müxtəlif sənaye sahələrinin, aqrar komplekslərinin, təhsil və mədəniyyət ocaqlarının təməli qoyulur. Bu regionların sosial-iqtisadi inkişafı, insanların məşğulluğunun təmin edilməsi, onların fiziki və psixoloji sağlamlığının yaxşılaşdırılması ölkə rəhbərliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bütün bunlar, şübhəsiz ki, vətəndaşların rahat, keyfiyyətli yaşaması üçün şərait yaradacaqdır. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına böyük qayıdışı, digər məsələlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sferasına inteqrasiyasında mühüm amilə çevrilir.

Səbr, ədalətin zəfər çalacağına sarsılmaz inam, siyasi iradə sayəsində Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə bütün dünyaya sübut edə bildi ki, onu sındırmaq olmaz. Respublika Prezidenti İlham Əliyev müharibədən sonra Qarabağda görülən işləri belə dəyərləndirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

“Böyük Qayıdış” proqramının miqyası və onun fəal həyata keçirilməsi insanları ruhlandırır, onlarda qürur və vətənpərvərlik hisslərini artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq tədbirləri və bərpa işləri Azərbaycanın dövlət siyasətinin humanist və mənəvi-əxlaqi əsaslarının cəmiyyət tərəfindən tələb olunduğundan xəbər verir.

İlham Əliyevin müharibədən əvvəl, hərbi əməliyyatlar zamanı və müharibədən sonra müxtəlif sahələrdə - iqtisadi, siyasi, diplomatik, informasiya sahəsində aktiv çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının belə düşünməsinə əsas verir: Prezident İlham Əliyev layiqli övlad və atasının layiqli siyasi varisidir. Bu, Azərbaycan üçün böyük xoşbəxtlikdir.

Cəlil Xəlilov,

Polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini

 

2024-07-08 11:14:19
3744 baxış

Digər xəbərlər

Xəzər rayonunda veteranlarla görüş keçirilib

Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev  Xəzər rayonunda veteranlarla görüşüb.    Tədbirdə RVT-nin Xəzər  rayon təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı baş leytenant Mehman Əbdülkərimov, Birinci Qarabağ Müharibəsi veteranları  Yavər Abbasov, Pəhləvan Camalov, Əliqulu Məmmədov, Davud Ağayev, Əlibala Məmmədov və digər qonaqlar iştirak edib.   İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi  bir      dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyev ordumzudakı inkişafdan, Hərbi Qənimətlər Parkından, Ali Baş Komandanın tarixi qalibiyyətimizdəki misilsiz xidmətlərindən bəhs edib.   Tədbirin sonunda Adil Haqverdiyev veteranları maraqlandıran suallara cavab verib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Pərviz Nurməmmədovla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri  Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib. Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident hospitalın açılışında

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi. Prezident İlham Əliyevin çıxışı Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edilmişdi. Bu açılışda mən iştirak etmişəm. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarda COVID xəstələri müalicə alır. O gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxana tikilsin. Bu gün avqustun 31-də biz buna nail ola bilmişik. Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq. Bildirməliyəm ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir. Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq. Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin. Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər. Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir. Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir. Mən bunu bəri başdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmişik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq. Bununla bərabər olaraq, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salacağıq. Çünki hazırda bir neçə ölkə artıq öz sərhədlərini və bir çox obyektlərini açıbdır, turistləri qəbul etməyə başlayıbdır. Ancaq biz həmin ölkələrdə nəyi görürük? Onu görürük ki, orada xəstələrin sayı kəskin artıb. O cümlədən inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, avqust ayında xəstələrin sayı ən pik həddə çatıbdır, hətta aprel ayının səviyyəsinə qalxıbdır. Baxmayaraq ki, aprel ayından yay aylarına qədər bütövlükdə dünyada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Yəni, bu, nəyi göstərir, bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir. Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib - qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq. Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq. Mən sizi bir daha bu böyük xəstəxananın açılışı münasibətilə təbrik etmək istəyirəm, həkimlərə uğurlar, cansağlığı arzulayıram. Sağ olun. Sonra Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bu tibb müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi, dövlətimiz tərəfindən tibb işçilərinin, həkimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən məmnunluqla danışdı. O bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin bu gün açılışı olan modul tipli hospitalı ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da öz növbəsində koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparmağa geniş imkan verəcək. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı ən müasir standartlara cavab verir. Hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bu il iyulun 7-də açılan 800 çarpayılıq hospital artıq 2277 çarpayılıq tibb müəssisəsinə çevrilib. Burada hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub. Tibb müəssisəsində ümumilikdə 267 reanimasiya çarpayısı var. Burada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə aparmağa imkan verir. Hospitalın laboratoriyalarında müxtəlif müayinələri dəqiqliklə və operativ şəkildə aparmaq mümkün olacaq. Tibb müəssisəsində yaradılan məlumatların idarəetmə sistemi sayəsində mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə olunur. Ümumilikdə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Hamısını oxu
ADA Universitetinin bir qrup tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

18 fevral 2026-cı il tarixində ADA Universitetinin “Hüquq” fakültəsinin bir qrup II kurs tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər.  Görüş zamanı tələbələrə Təşkilat haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə toxunub, gəncləri ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etməyə, dövlətçilik maraqlarımızı media və sosial mediada fəal müdafiə etməyə səsləyib. Təşkilat sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verən ölkə gəncliyi, bu gün bütün platformalarda milli maraqlarımızın müdafiəsində dayanmalı, Prezident İlham Əliyevin hər bir çağırışına çevik şəkildə cavab verməli, Müzəffər Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləməlidir. Daha sonra tələləbələr Təşkilatın muzeyini ziyarət edib, hərb tariximiz haqqında maraqlı məlumatlar əldə ediblər.  

Hamısını oxu