Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov jurnalistləri təbrik edib

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 22 İyul – Milli Mətbuat Günü münasibətilə media işçilərinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Hörmətli media nümayəndələri, əziz jurnalistlər!

Sizi Azərbaycanın Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, yaradıcılıq uğurları və fədakar əməyinizdə yeni nailiyyətlər arzulayıram.

Bu gün 22 İyul, milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə təsis edilən bu qəzet qısa müddətdə xalqımızın maariflənməsində, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında mühüm rol oynayıb. “Əkinçi” qəzetinin milli mətbuatımızın inkişafında əvəzsiz rolu olmuşdur. Onun qoyduğu təməl üzərində anadilli mətbuatımızın digər nümunələri – “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” və “Füyuzat” kimi qəzet və jurnallar milli mətbuatımızın zəngin tarixini formalaşdırmışdır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlayaraq ölkəmizdə mətbuat azadlığı, senzura və digər süni maneələrin aradan qaldırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Bu siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə də uğurla davam etdirilir, mətbuatın inkişafına dövlət dəstəyi göstərilir.

Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşılan bu gün, həm də müasir informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə medianın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsinin şahidi oluruq. Media sahəsində peşəkarlıq, obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq qalaraq, jurnalistlərimiz Azərbaycanın dövlətçilik maraqlarını qorumaqda və vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdə fədakarlıq göstərirlər.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Postmüharibə dövründə də mətbuatımızın bu işi davam etdirməsi və Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlərin və bəyanatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rolu danılmazdır.

Sumqayıt şəhərində fəaliyyət göstərən media nümayəndələri də hər zaman yüksək peşəkarlıq və fədakarlıq nümunələri göstərərək, şəhərimizin sosial, iqtisadi və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynamışlar. Hörmətli jurnalistlər, Azərbaycan həqiqətlərinin təbliği, cəmiyyətimizin tərəqqisi naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, yeni-yeni uğurlar arzulayıram.

Milli Mətbuat Gününüz mübarək!”

Hörmətlə, Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı

 

2024-07-22 17:50:00
3332 baxış

Digər xəbərlər

Vətən üçün nur saçan ömür

44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri ilə tarixə şərəfli səhifələr yazan Qarabağın və Şərqi Zəngəzurun azadlığı heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və siyasi qətiyyəti ilə başlayan qanlı-qadalı döyüşlərin getdiyi günlərdə Vətənin müdafiəsi səngərlərlə sərhədlənmədi. Düşmən ölkədən fərqli olaraq bütün Azərbaycan döyüşürdü. Bu müharibədə hər kəs öz yerində Vətən üçün mübarizə aparırdı. Bir tərəfdə əli silahlı əsgər torpağı işğaldan azad edir, digər tərəfdə əli bıçaqlı həkim yaralı döyüşçünün həyatını və gələcəyini qoruyurdu. Səngərdə açılan atəşlə əməliyyat otağında edilən hər kəsik Vətəni qorumaq və Vətən oğullarını həyata qaytarmaq məqsədi daşıyırdı. Müharibənin görünən qəhrəmanları qədər görünməyən qəhrəmanları da vardı. Onların döyüş meydanı əməliyyat otaqları, silahları tibbi alətlər, qələbələri isə yaralı əsgərin həyata, işığa və doğma torpağın səmasına qayıtması idi. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, məşhur həkim-cərrah Qurban İsmayılov Vətənin keşiyində cərrah bıçağı ilə dayanmışdı. Qarabağ savaşının adsız qəhrəmanlarından biri kimi onun əlindəki cərrah bıçağı Vətən uğrunda yaralanmış gözlərə həyat və işıq qaytarırdı. Onun üçün əməliyyat otağı adi iş yeri, hər cərrahi müdaxilə sadəcə tibbi prosedur deyildi. Hər əməliyyat bir qazinin həyata, işığa və azad etdiyi Vətənin səmasına yenidən baxmaq ümidinə çevrilirdi. Saysız-hesabsız qazilərimizin gözlərinin müalicəsində və əməliyyatında iştirak edən Qurban İsmayılov onlara uğrunda qan tökdükləri, azadlığı üçün canlarından keçməyə hazır olduqları Vətəni yenidən görmək səadətini yaşatdı. Onun cərrah bıçağının ucunda bir qazinin taleyi, bir ailənin ümidi, bir Vətən oğlunun sabahı vardı. Gözlərə qayıdan hər işıq əslində, Qarabağın azadlığına açılan bir pəncərə idi. Bir qazinin gözlərini açıb üçrəngli bayrağa baxması, azad Qarabağın səmasını seyr etməsi, doğma torpağın üzərində dalğalanan mübarək və müqəddəs bayrağın rənglərini görməsi sözlə ifadəsi çətin olan bir duyğudur. O gözlər vaxtilə döyüş meydanında qan görmüşdü, indi isə Ali Baş Komandanın qətiyyəti ilə Zəfəri görürdü. O gözlər Vətənin ağrısını yaşamışdı, indi Vətənin azadlığının sevincini yaşayırdı. Qurban İsmayılovun qaytardığı işıq gözün yaratdığı işıq ilə bitmirdi. Hər əməliyyat bir qazinin həyatına yeni səhər açır, hər uğurlu müdaxilə Qarabağın azadlığı uğrunda verilmiş mübarizənin davamına çevrilirdi. Çünki Vətən uğrunda döyüşən bir Vətən oğluna azad etdiyi torpaqları öz gözləri ilə görmək səadətini bəxş etmək, onun qəhrəmanlığının ən gözəl davamı və həm də fövqəladə qəhrəmanlıqdır! Bu böyük fədakarlığı bizim sevimli həkimimiz Qurban İsmayılov bacardı. Yüksək təhsili, misilsiz peşəkarlığı və şəfa verən əlləri ilə yaralı gözlərə işıq, qazilərin həyatına ümid, ailələrinə sevinc bəxş etdi. Onun hər əməliyyatı gözə nur qaytarmaqdan çox-çox böyük idi. Qurban İsmayılov hər bir qazinin gözlərini həyata açmaqla əslində, onu azad etdiyi Vətənlə yenidən görüşdürürdü. Bir vaxtlar döyüş meydanında Qarabağın azadlığı uğrunda qan tökən gözlər indi azad Qarabağın səmasına açılırdı. Şuşanın dağları, Xankəndinin küçələri, üçrəngli bayrağın əzəməti həmin baxışların qarşısında canlanırdı. Həkimin cərrah bıçağı ilə qazinin gözlərinə qaytardığı işıq bir ömrün ən böyük mükafatını, Zəfəri öz gözləri ilə seyr etmək səadətini bəxş etdi. Bir həkim, bir qazi, bir Vətən övladı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi? Biri şəfa verən əlləri ilə işığı qaytardı, digəri həmin işıqla uğrunda döyüşdüyü Vətənə yenidən baxdı. Qurban İsmayılovun əlləri ilə qaranlıqdan işığa çıxan hər baxış Qarabağın azadlıq tarixinin canlı şahidinə çevrilirdi. O gözlər bir vaxtlar döyüşün dəhşətini yaşamışdı, indi isə Zəfərin möhtəşəmliyinə şahidlik edirdi. Bir vaxtlar yaralı və ağrılı baxışların yerində indi azad Vətənin səması vardı. Həkimin əlləri ilə qazi gözləri arasında yaranan bu müqəddəs duyğunun adı şəfa qədər Vətən sevgisi idi. Qurban İsmayılovun qəhrəmanlığı məhz burada ucalırdı. O, Vətən uğrunda yaralanmış gözlərə nur qaytarmaqla qazilərə öz Zəfərlərini seyr etmək səadəti verdi. Onun cərrah bıçağından keçən hər işıq bir qazinin baxışında Qarabağa açılan pəncərə oldu. Həmin pəncərədən azad Vətənin səması görünürdü. Yorulmadan, usanmadan Vətən eşqi ilə həmin ağrılı günlərdə əməliyyat otaqlarında fasiləsiz çalışan bu alicənab həkimimiz hər dəfə qaranlığa qalib gəldi. O, Azərbaycan əsgəri kimi öz döyüş mövqeyini sonadək qorudu, qarşısındakı hər ağrını səbrlə dəf etdi, hər qazi üçün yeni bir sabaha yol açdı. Döyüşçülər arasında ən yaxşı həkim, həkimlər arasında ən yaxşı döyüşçü kimi Vətənə xidmətin özünəməxsus örnəyini yaratdı. Onun döyüş meydanı əməliyyat otağı, silahı cərrah bıçağı, savaşı isə bir qazinin taleyini xilas etmək idi. Bu özünəməxsus keyfiyyətlərinə görə oftalmologiya üzrə böyük alimimizin təbliğata da ehtiyacı yoxdur. Çünki peşəkar cəmiyyət üçün təbliğ olunmur, təqdir olunur. Cəmiyyət və tibb üçün nümunə sərgiləyən Qurban İsmayılovun Vətən üçün gördüyü işlər fərəh doğurur. O, zülmətə, qaranlığa qarşı mübarizədə qalibdir. Bütün milli problemlərini həll edərək gələcəyə inamla addımlayan sevimli Azərbaycan kimi!  V. Əliyev, yazıçı

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib

8 noyabr 2021-ci il saat 12:30-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının həyətində Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib.   Tədbirdə İkinci Dünya Müharibəsi, Birinci Qarabağ Müharibəsi, Vətən müharibəsi iştirakçıları, o cümlədəm əmək veteranları iştirak edib.   Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bu tarixi gün münasibəti ilə bağlı bütün tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandana, Azərbaycan ordusuna Vətən müharibəsində göstərdiyi fədakarlığa görə minnətdarlığını bildirib. Təşkilat sədri bu tarixi qələbəyə görə xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını  itirən şəhidlərə, qazilərə borclu olduğunu vurğulayıb.   Daha sonra çıxış edən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqının təbrik edib, bu tarixi günün Azərbaycanın dövlətçilik tarixi baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlar;mızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyini vurğulayan sədr müavini, Prezident İlham Əliyevin bu quruculuğun əsas memarı olduğunu bildirib.   Müdafiə Nazirliyinin hərbi orkestrinin də iştirak etdiyi tədbirdə hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib.   Tədbir sadə vətəndaşlar tərəfindən də böyük maraq və məmnunluqla qarşılanıb.  </

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb. Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Çıxış edənlər qürur hissi ilə bildiriblər ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu