Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Kadriyə-Ülkər Səlimova kimi qəhrəmanlarımızı gərək unutmayaq” - CƏLİL XƏLİLOV

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkənin siyasi-ictimai həyatında olduqca fəal iştirak etməkdədir. 

 

Ölkəmizdə on minlərlə müharibə, əmək və silahlı qüvvələr veteranı vardır. Onların hər biri şərəfli ömür yolu keçib, xalqına layiqincə xidmət edib. Təsadüfi deyil ki, həm Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev veteranlardan daim diqqət və qayğılarını əsirgəməyiblər, onların tutduqları şərəfli ömür yolunu hər bir ölkə vətəndaşı üçün örnək hesab ediblər.

Amma çox təəssüf ki, təbliğat-təşviqat işləri ilə məşğul olmalı qurumlar – televiziyalar, mətbuat, QHT sektoru bu insanların cəmiyyətə örnək gətirilməsi işinə laqeyd baxmaqdadır, nəticədə də gənc nəsil əksərən veteranların müstəsna xidmətindən xəbərsizdir.  

Gənc nəslə bu insanları tanıtmaq, onların həyat yolundan örnək götürmələrini təmin etmək, eləcə də gənc nəslin bu seçilmiş insanların öyüd-nəsihətlərini, məsləhətlərini dinləmələrinə vəsilə olmaq hazırda prioritet məsələlər sırasındadır.

Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatı bu prioritet məsələnin həlli yollarını arayaraq tezliklə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu

və “Ədəbiyyat və incəsənət” Portalı ilə birgə “UNUDULMAZLAR” adlı layihə həyata keçirəcək. 

Təşkilatın sədri, polkovnik Cəlil Xəlilov əməkdaşımıza həqiqətən də qürur duyulası veteranlardan biri barədə söhbət açdı. Söhbəti diqqətinizə çatdırırıq:

 

Bu il Rusiya Ordusunun Mərkəzi Evində əfsanəvi “Smerç” təşkilatının ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib.

Təsəvvür edin, 17 yaşında qız uşağı könüllü cəbhəyə gedir. Bu cəsarətə əksər oğlanlar belə gələ bilməz. 

Həmin səhnə bu cür olub:

Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədilər və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdilər. Onun sinif yoldaşları 16-17 yaşlarında idi. 

Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı.

Alman, türk dillərini və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmişdi və 1943-cü ildə “Smerç” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdi.

 

 Tibb elmləri doktoru, professor Mehman Məmmədov bu cəsur qadın barədə yazırdı: 

“Qədriyə xanım Bakıda anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib, təbii ki, azərbaycanlıdır. Sonradan ailə Moskvaya köçüb. Müharibədən sonra o yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik olub, SSRİ və Azərbaycan pedaqogikası üçün çox işlər görüb. “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaradıb, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazıb. 

O ki qaldı onun döyüş sücaətlərinə, Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smerç kapitanı kimi hərbi xidmətini başa vurub. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.”

 

 

Polkovnik Cəlil Xəlilov əlavə edir ki, Kadriyə-Ülkər Səlimova kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu, şöbə müdirinin ən etibarlı adamıdır. Kriptoqraf işinin mahiyyəti bilirsinizmi nədir? Səlimova bir hesabat yazır, onu şifrələyir və göndərir, bundan sonra sənəd məhv edilir. Onun mahiyyətini cəmi iki nəfər bilir: patron və kriptoqraf. 

Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsəmişdi. Bu da onun fitri istedadından xəbər verir. 

 

Kadriya-Ülkər Səlimova barədə maraqlı bir xatirəsini də nəvəsi İvan İlleş bölüşüb. O danışır ki, nənəsi müxtəlif insanlarla asanlıqla əlaqə qururmuş. 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salırdılar. İçi İvan qarışıq qonşu uşaqları da baykerlərdən çox qorxurdular. Bir gün İvan evə gələndə görür ki, bütün şəhəri qorxuya salmış bir dəstə onların evlərində süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbətlər edir. İvan təəccüblə nənəsindən nə baş verdiyini soruşur. Məlum olur ki, evin kilidi qırılıbmış. Nənəsi həyətə çıxlb, köməyə adam axtaranda gözü baykerlərə sataşıb, amma hər kəsdən fərqli olaraq nənə baykerlərdən qorxmayıb, onlardan ona kömək etmələrini xahiş edib... Onlar da bu cəsarətli nənəyə kömək ediblər. Bu hadisədən sonra nəvənin məktəbdəki reytinqi də kəskin şəkildə qalxıb, o artıq heç kimdən qorxmurdu, çünki nənəsi baykerlərlə dost idi!

Bax belə bir xatirə!

 

Polkovnik Cəlil Xəlilov əlavə qeyd edir ki, Kadriyə-Ülkər Səlimova 26 avqust 2013-cü ildə - 89 yaşında vəfat edib. Bu cür həmyerlilərimizi heç vaxt unutmamalı, onları gənc nəslə örnək göstərməliyik. 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024

2024-11-22 13:07:55
3946 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Polad Həşimov: Vətənin qəhrəmanlıq simvolu

Azərbaycanın Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi ağır döyüşlərdən çıxaraq general rütbəsinə yüksələn qüdrətli sərkərdələri olub. Onların sırasında ağır hərbi əməliyyatlarda tarix yazan, əsgərlərinin önündə çəkinmədən qüşmən üzərinə yeriyən qorxusuz generallarından biri də Milli Qəhrəman Polad Həşimov idi. Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib. 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. Həmçinin 1994-cü ildə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib. Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib. Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 iyun tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 2009-cu il 25 iyun tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 2014-cü il  24 iyun tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 2016-cı il aprelin 2-dən 4-dək Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. 14 iyulda general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyulda II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.   2020-ci ilin avqust ayında “Qanun” Nəşriyyatı tərəfindən general-mayor haqqında “Polad generalımız” adlı kitab nəşr edilib. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Həmçinin, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlayıb. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı nəşr edilib. 28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində əsgər Cəbrayıl Dövlətzadə Polad Həşimovun qatilini diri-diri boğaraq öz generalının qisasını alıb. Yağı düşmənə onun generalının bir əsgərdən də gücsüz və iradəsiz olduğunu sübut edib. Bu gün Qarabağ, Şərqi Zəngəzur Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsi ilə tikilir, qurulur. Qaçqın və məcburi köçkünlər öz dədə-baba yurdlarına, torpaqlarına qayıdır. General Polad Həşimov, əsgər Cəbrayıl Dövlətzadə kimi Qəhrəmanların ailə üzvləri dövlətin qayğısını öz üzərində hiss edir. Polad Həşimov kimi Vətənin Qəhrəmanlıq simvoluna dönən bir igidi dünyaya gətirib böyüdən Səmayə ana isə hər yerdə, hər bir tədbirdə başa keçirilir, söz sahibinə çevrilir. Övladının sonsuz Vətən sevgisinin mükafatı ona və nəvələrinə ərməğan edilir.   Respublika Veteranları Təşkilatının sədri   polkovnik   Cəlil Xəlilov     

Hamısını oxu
“20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”

Cəlil Xəlilov: “Cinayətkarlar elə bilirdi ki, əzələ nümayiş etdirməklə Ermənistanın maraqlarını təmin edə biləcəklər” “20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əslində 20 Yanvar hadisələrinin kökü 80-ci illərin sonunda baş qaldıran erməni fitnə-fəsadı ilə başlayıb: “1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayır. Bildiyiniz kimi, 1987-1988-ci illərdə ermənilər növbəti dəfə Qərbi Azərbaycan ərazisindəki soydaşlarımızı deportasiyaya məruz qoyur, onları tarixi vətənlərindən didərgin salırdı. Xatırladım ki, sadəcə, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib. Bu deportasiya nəticəsində 250 min azərbaycanlı doğma vətənindən didərgin salınıb. 1990-cı ilin yanvarında Azərbaycana qoşun yeridən sovet hakimiyyəti xalqımıza əzələ nümayiş etdirməklə onun iradəsini qırmağa cəhd etdi. Sovet hakimiyyəti istəyirdi ki, xalqımız insanlarımızı Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etsin, bu prosesə müqavimət göstərməsin. Lakin Azərbaycan xalqı tarixin bütün çətin mərhələlərində olduğu kimi, 1990-cı ilin yanvarında da ciddi iradə və əzm nümayiş etdirdi. Öz cəsarəti və qəhrəmanlığı ilə sübut etdi ki, onun iradəsini zorakılıqla, hədə-qorxu ilə qırmaq, ona boyun əydirmək mümkün deyil”. Polkovnik qeyd edib ki, 20 Yanvar hadisələrinin müqəssirləri ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən ifşa olunub: “20 Yanvar faciəsinə ilk obyektiv qiyməti verən, baş verənlərə görə sovet hakimiyyətinə açıq etiraz sərgiləyən Ümummilli lider Heydər Əliyev olub.  Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Onu da qeyd edim ki, 1991-ci il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Göründüyü kimi, Heydər Əliyev sovet rejiminin mövcudluğu dönəmində bu məsələ ilə bağlı cəsarətli mövqe sərgiləyib, baş verənləri Azərbaycan xalqına qarşı cinayət adlandırıb”. Professor bildirib ki, ermənilərin və ermənipərəst qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan bundan sonra da öz milli maraqlarının qorunması və möhkəmlənməsi istiqmaətindəki addımlarını qətiyyətlə davam etdirəcək: “Azərbaycan xalqına qarşı qırğın və qtəliyamlar 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra da davam edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız soydaşımız amansızcasına qətlə yetirilib. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ona qarşı edilən bütün haqsızlıqlara, cinayətlərə layiqli cavab verdi. İşğaldakı torpaqlarımız qısa zamanda döyüş yolu ilə azad edildi. Erməni faşizmi tar-mar olundu. Bu gün işğaldan azad edilən torpaqlarımıza “Böyük Qayıdış” gerçəkləşir. Ancaq bu, son deyil. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə - Qərbi Azərbaycana da qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Prezidentimizin və xalqımızın qətiyyəti bu ümidləri daha da gücləndirir. Təbii, bu uca amal uğrunda biz veteranlar da əlimizdən gələni əsirgəməyəcək, xalqımız və dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla sıx həmrəylik nümayiş etdirəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Naxçıvanda şəhid övladlarına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub. Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.

Hamısını oxu
“Görülən işlər sadəcə başlanğıcdır...”

Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik”   Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.   Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?   Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:   “Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.   Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.   Seymur ƏLİYEV    

Hamısını oxu