Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib

Mart ayının 6 –da Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açıq elan edən Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, Təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. T.Ağahüseynov bu il cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi haqqında imzaladığı sərəncamlardan danışıb. Bu qanun layihələrində veteranların nəzərə alınmasını onların hər zaman dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu bir daha sübutu olduğunu vurğulayıb. Məruzə ilə çıxış edən Respublika Veteranlar Təşkilatın sədr müavini Cəlil Xəlilov 2019-cu ilin ilk iki ayı ərzində təşkilatın  həyata keçirdiyi tədbirlər, görüşlər haqqında məlumat verdi. Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin daha da gücləndirilməsinin zəruriliyini, vətənpərvərlik sahəsində xüsusi proqramların hazırlanması, ali təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, veteranların sülhün, dövlətçiliyin təbliğində aktiv iştirakının təmin edilməsi və bu kimi məsələri diqqətə çatdırdı. Həmçinin 9 May Qələbə Gününə hazırlıq, Qələbənin 75 illik yubileyinə dair tədbirlər planının layihəsinin hazırlanması və digər gündəlikdə duran məsələlər ətrafında danışdı. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı fəaliyyətində dövlət siyasətini təbliğ etdiyini və təşkilatın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdilər. Sonda ehtiyatda olan polkovnik Nadir İsmayılovun Təşkilatın Rəyasət heyətinə üzvlüyü səsə qoyuldu və yekdilliklə qəbul edildi.

2019-03-06 00:00:00
3590 baxış

Digər xəbərlər

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib. “İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər. Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov xüsusilə bildirib ki, Azərbaycanda ekoloji miqrasiya ölkənin daxili miqrasiya mənzərəsinə müəyyən təsirlər edib. Vurğulanıb ki, daxili miqrantlar arasında təbii fəlakətlər və digər ekoloji səbəblərə görə yaşayış yerini tərk etmək məcburiyyətində qalan ekoloji miqrantları görmək olur. Bütövlükdə, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiya fenomeninin miqyasının genişlənməsi nəticələnir. İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirinin müxtəlif aspektləri barədə geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə danışıblar. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər. Tədbirdə iştirak edən Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov, Rəhilə Mehdiyeva, Nailə İsmayılova və digərləri ekoloji miqrasiya sahəsi ilə bağlı miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların iqlim dəyişikliyi fonunda hüquq və azadlıqlarının təmin olunması ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Miqrasiya üzrə Qlobal Saziş və digər beynəlxalq sənədlərdə ekoloji miqrasiya ilə bağlı yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb. İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.  

Hamısını oxu
Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir...

Xarici KİV-lərdə yayılmış məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin KİV-lərində də fəaliyyət göstərən bir erməni hərbi ekspert anonimlik şərti ilə bildirib ki, guya İsrail Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşıb. Modern.az xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Ermənistan KİV-lərində də yayılmış bu təhrikçi informasiyanı şərh edib. Arye Qut qeyd edib ki, Ermənistan KİV-lərinin və Ermənistanın siyasi elitasının İsrail ilə Azərbaycan arasında ciddi qarşılıqlı münasibətlərə, o cümlədən bu iki ölkənin hərbi strateji əməkdaşlığına həmişə kin-küdurətlə və paxıllıqla yanaşması təəssüf doğurur. Arye Qut vurğulayıb: “Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır. Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, bu iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır. A.Qutun sözlərinə görə, bu gün İsrail-Azərbaycan tərəfdaşlığı şaxələnərək energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini əhatə edir. İsrailli ekspert vurğulayır:“Ermənilər həsəd apara bilər, təhrikçi hərəkətlər törədə, cəfəng xəbərlər yaya bilər, lakin bu gün tarixi fakt ondan ibarətdir ki, Azərbaycanın hərbi sənayesinin qurulmasında İsrailin müdafiə şirkətləri fəal iştirak ediblər və bu iştirak davam edir. Bu baxımdan erməni təhrikçilər bilməlidirlər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq o qədər də yaxşı hərəkət deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib, Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz tarixboyu heç vaxt bir-birimizə xəyanət etməmişik, həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq. Ermənistan KİV-lərində guya “İsrailin Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşması” barədə cəfəng provokasion xəbərlər yayması çox gülünc, məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat təsir bağışlayır. Arye Qut soruşur: Doğrudanmı Yerevanda belə düşünürlər ki, İsrailin Müdafiə Nazirliyində və bu nazirliyin nəzarəti altında fəaliyyət göstərən hərbi şirkətlərdə uzaqgörməz, səfeh və məsuliyyətsiz adamlar oturub, onlar Təl-Əvivdə dilənçi kökündə və perspektivsiz Ermənistanın səfirliyinin açılması naminə mühüm hərbi sirləri verməyə hazır olacaqlar. Vəziyyətə daxildən yaxşı bələd olan bir adam kimi, bu təhrikçilərə demək istəyirəm: onu görməyəcəksiniz! Özü də bundan sonra Ermənistan İsrail ilə etimada əsaslanan münasibətlər qurmağa ümid bəsləyir. Təhrikçi erməni cənablara xatırlatmaq istəyirəm ki, İsrailin hərbi-sənaye kompleksi İsrail Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən yetərincə ciddi qurum və peşəkarlardan ibarət çox məsul komandadır. Ermənilərin yaydığı təhrikçi informasiyaya görə, “Azərbaycan cəbhə xəttində ermənilərə qarşı tədbir görə bilməyib, çünki ermənilər İsraildən alınmış informasiya əsasında profilaktik iş aparıblar”. Növbəti sərsəmləmədir... Görünür, rəsmi Yerevan unudur ki, bugünkü Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Qut qeyd edir ki, müasir müharibədə hansı tərəf döyüş əməliyyatlarını daha müasir yüksək texnoloji vasitələrlə təmin etmək imkanına malikdirsə, həmin tərəf qalib gəlir. İsrailli ekspert vurğulayıb: “2016-cı ilin Aprel əməliyyatı zamanı İsraildən alınmış pilotsuz zərbə qurğularının erməni işğalçılara qarşı səmərəli tətbiqini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar. Heç kəs unutmayıb ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı zərbə endirdilər. Arye Qut yazır: “Bir neçə ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir, güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonunda gördüyümüz ölkə deyil. Hər kəs çox yaxşı anlayır ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq tükənməkdədir. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları və İsrail ilə Azərbaycanın arasını vurmaq cəhdləri onu göstərir ki, ermənilər çox narahatdırlar, qorxuya və təşvişə düşüblər”. İsrailli ekspert vurğulayır: “2016-cı ilin Aprel hadisələri zamanı Azərbaycan Ordusunun sürətli əks-hücumundan sonra Ermənistan ordusunun müdafiə xətti sarsıdıldı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytaranda biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Erməni diasporu hətta İsraildə də Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı məsələsinin Ermənistan tərəfindən tənqid edilməsinə gəldikdə, vurğulamalıyıq ki, Azərbaycanın və İsrailin dostlarını və tərəfdaşlarını yalnız bu ölkələr özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir”. Qutun sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini, onun ərazi bütövlüyünü fəal dəstəkləyir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut məqaləsinin sonunda yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruri və çox əhəmiyyətlidir”.

Hamısını oxu
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.   Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.    “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.   Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.   Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.  

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi

AZƏRTAC müsahibəni təqdim edir. Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik. - Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi? Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır. - Azərbaycan pandemiya ilə necə bacarır? - Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq. - Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi? - Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək. - Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi? - Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. - Biz Sizinlə ümumi bayramımız - Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz? - Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib. - Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən müharibəsi veteranlarına hansı kömək göstərilir? - Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır. - Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun? - Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq. - Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz? - Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq. - Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz? - Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun. - Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

Hamısını oxu