Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına

Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm.

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.

Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.

İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2024-cü il 

2024-12-06 10:55:54
3542 baxış

Digər xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

18 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Haci Nərimanoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT Rəyasət Heyətinin üzvləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Rüspublikasının dövlət himni səslənmişdir. Tofiq Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən danışaraq  demişdir: “Bu günki tədbirimiz Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 100-cü ildönümünə həsr edilmişdir. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Onun mövcudluğu sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunması, hansı tərkibdə olmasına baxmayaraq, respublika kimi qalmasına zəmin yaratmışdır”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tamam olması – bu böyük bayram münasibəti ilə bütün tədbir işçtrakçılarını təbrik edirəm. Azərbaycanın tarixi nailiyyəti olan dövlət müstəqilliyinin əldə edilməsi bütün xalqımız, eləcə də hər bir azərbaycanlı üçün böyük uğur, həm də qürur mənbəyidir. Azərbaycanın vahid dövləti olan Səfəvilər dövlətindən sonra xalqımız uzun illər ərzində azadlıq, müstəqillik arzusu ilə yaşamışdı. Xanlıqlara parçalanmış, müxtəlif imperiyaların, o cümlədən son 100 ildə Çar Rusiyası və İran arasında bölünmüş vəziyyətdə olan Azərbaycan nicat axtarırdı. Nəhayət 20-ci əsrin əvvəllərində baş verən proseslər, xüsusilə çar Rusiyasının süqut etməsi və Birinci dünya müharibəsi ilə əlaqədar dünyada, eləcə də, Cənubi Qafqaz regionunda yaranmış şərait imperiyanın zülmü altında olan digər xalqlarla yanaşı Azərbaycan xalqının da öz müstəqilliyini əldə etməsinə tarixi imkan yaratdı.  1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası fövqəladə iclasında mövcud siyasi vəziyyəti müzakirə etdərək Müvəqqəti Milli Şura yaratdı. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar -  "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Beləliklə, Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan olundu. Xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu.  Bu tarixi nailiyyətin qazanılmasında xalqımızın görkəmli oğulları Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və neçə-neçə başqa millət fədailərinin xidmətləri olmuşdur. Bu gün müstəqil dövlətin vətəndaşı olduğumuz üçün bizlər həmin böyük şəxsiyyətlərə minnətdarıq. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, xüsusilə kommunistlərin hakimiyyətə can atması və bu məqsədlə covet Rusiyasından kömək alınması, davam etməkdə olan erməni təcavüzü və digər avillər respublikada vəziyyəti gərginləşdirdi. Nəhayət bundan istifadə edən 11-ci ordu Azərbaycana daxil oldu və razılaşmanın şərtlərini pozaraq onu işğal etdi. Azərbaycanın ilk müstəqil dövləti yaranmasından 23 ay sonra süqut etdi. 1991-ci ilin 18 oktyabrında öz azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, tarixi yaddaşına sadiq qalan xalqımız Azərbacanın dövlət müstəqilliyini bərpa etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi və ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqinin əsasları qoyuldu”. Tədbirdə Azərbaycan tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev və başqaları çıxış etmişlər. Onlar Azərbaycanın ilk müstəqil dövlətinin həqiqətən də demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qısa müddətdə gördüyü genişmiqyaslı işlər barədə danışmışlar. İlk respublika dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, milli valyutanın dövriyəyə buraxılması, ölkənin bu gün mövcud olan əksər dövlət orqanları, o cümlədən güc qurumlarının yaradılması və s. fəaliyyətlər barədə tədbir iştirakçılarına maraqlı faktlar çatdırılmışdır. Conra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir neçə şəxs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından RVT-nin yubiley medalları və fəxri fərmanla təltif olunmuşlar. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatının tədbirlərinin davam etdirələcəyi, bu məqsədlə həmçinin yaxın vaxtlarda Azərbaycan və Türkiyə Veteranlar Təşkilatlarının Türkiyə və Azərbaycanda birgə tədbirlərinin keçirilməsi üçün hazırlıq işlərinin aparıldığı bildirilmişdir.

Hamısını oxu
“Sülh üçün böyük gün”, yoxsa ölüm-dirim savaşında qısa fasilə?

Məlum olduğu kimi, İranla ABŞ arasında iki həftəlik sülh sazişi imlalanıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp bunu “sülh üçün böyük gün” adlandırıb.Bəs əslində necə, doğrudanmı İranla ABŞ arasındakı razılaşma sülh üçün böyük gündür?jh Hər şeydən öncə qeyd edək ki, qısa müddət üçün nəzərdə tutulmasına baxmayaraq, tərəflər arasında imzalanan bu saziş həqiqətən də mühüm əhəmiyyətə malikdir və ən azından iki həftə ərzində Yaxın Şərq regionunu hərbi əməliyyatlardan sığortalayır. Bu, sadəcə yüzlərlə insan həyatının deyil, eyni zamanda bütöv şəhərlərin, nəhəng infrastrukturların, neft terminallarının dağıntılardan sığortalanması deməkdir. Bu mənada ABŞ-la İran arasında sülh sazişinin imzalanması həm döyüşən tərəflər, həm də region və dünya xalqlarının mənafeyi baxımından təqdirəlayiqdir. Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ-la İran arasında imzalanan bu saziş cəmi iki həftə üçün nəzrədə tutulub və müddətlidir. İlkin razılaşmaların əldə edilməsinə baxmayaraq, tərəflər arasında hələ də həll edilməyən kifayət qədər problem mövcuddur və onların demək olar ki, əksəriyyəti strateji əhəmiyyət daşıyır.  Bu mənada iki həftəlik sülh sazişini tərəflər arasında onilliklərdir ki, mövcud olan problemlərin həlli kimi qiymətləndirmək üçün əsas yoxdur. Başqa sözlə desək, Ağ Ev sahibinin “sülh üçün böyük gün” kimi xarakterizə etdiyi bu olay tərəflər arasındakı ölüm-dirim savaşında verilən qısa fasilə də ola bilər ki, indiki məqamda hər iki tərəfin belə bir fasiləyə ciddi ehtiyac duyduğu birmənalıdır. Çünki hər iki tərəf bir aydan çoxdur ki, davam edən müharibəyə həm hərbi, həm də iqtisadi baxımdan böyük resurslar sərf edib. Hansı ki, hərbi əməliyyatları bu templə davam etdirmək həm İran, həm də ABŞ üçün kifayət qədər çətindir. Buna görə də iki həftəlik atəşkəs rejimindən hər iki tərəfin sürətlə silahlanmaq, çoxlu sursat ehtiyatı toplamaq və digər hərbi məqsədlər üçün istifadə edəcəyi birmənalıdır. Odur ki, iki həftəlik saziş daha uzunmüddətli sazişlə əvəz edilməyəcəyi təqdirdə, tərəflər arasında yeni hərbi qarşıdurmaların daha qanlı və dağıdıcı olmaq ehtimalı böyükdür. Seymur ƏLİYEV

Hamısını oxu
Üç güllə yarası ilə Şuşada döyüşən şəhidimiz

44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var. O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu... Publika.az xəbər verir ki, ARB 24 şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. "Vətən çağırır" deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir. "Gedəcəm mən" - dedi: - gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm". Getdik, gördüm pəncərədən çıxdı əl etdi, dedi, mama, narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib. Şəhidimizin dayısı Asəf Fərzəliyev də Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. O da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib. "Suqovuşandan zəng etdi, danışdıq. Dedim, yaralısan, evə get, mənə qayıtdı dedi, neçə yaşın var? Dedim 60. Dedi, sən hardasan? Dedim, Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…" - Asəf Fərzəliyev danışır. Axıra kimi də gedir. Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün... Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir. Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında, 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Hamısını oxu
Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub

Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar. Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib. video  

Hamısını oxu