Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvanda şəhid övladlarına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub.

Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub.

Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.

2024-12-30 19:46:42
3226 baxış

Digər xəbərlər

“Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıyıq”

Cahangir Məmmədli: “Bu, bizim gələcək qələblərimizin təminatçısıdır”   “Bütün vətəndaşlarımız, o cümlədən jurnalistlərimiz, media mənsubları 44 günlük Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıdır”.   Bunu Moderator.az-a açıqlamasında media üzrə ekspert, professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, birlik amili 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən əsas amil olmaqla yanaşı, bundan sonrakı qələbələrimiz üçün də başlıca amildir:   “44 günlük Vətən müharibəsində xalqımız, o cümlədən jurnalistlərimiz ordumuzun,  Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşfi. Birliyimiz düşmən üzərində tarixi qələbəmizi təmin etdi. Məhz birlik amili qısa zamanda düşmənin darmadağın edilməsi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsinə səbəb oldu. Bu gün həmin birliyin bərpa edilməsi, qorunub saxlanılması olduqca vacibdir. Bizim gələcək qələbələrimiz, əldə edəcəyimiz uğurlar bu amildən asılıdır. Bunsuz hansısa uğura nail olmağımız mümkün deyil.   İnanıram ki, jurnalistlərimiz bundan sonra da bu birliyə, həmrəyliyə sadiq qalacaq, gələcək qələbələrimizə mühüm töhfələr verəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıb

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub. Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.  

Hamısını oxu
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər. Müharibə veteranları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qələbə Günü münasibətilə təbrik etdilər, onlara göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və onun paytaxtı Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır. Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edən Böyük Vətən müharibəsi veteranları bildirdilər ki, dövlətimiz onlara yüksək qayğı göstərir. Onlar bu qayğıya cavab olaraq gənclərimizin vətənpərvərlik ruhunda böyümələri, Vətəninə və xalqına layiqli övlad kimi yetişmələri üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini dedilər. Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarını bir daha təbrik etdilər, onlara uzun ömür və möhkəm cansağlığı arzuladılar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 72 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə Günü münasibətilə onları təbrik etdilər, xatirə şəkli çəkdirdilər. Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydular, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi. Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Hamısını oxu