Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev: Qələmi Silahla əvəz edən müəllim

Bu il xalqımız  Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini geniş şəkildə qeyd edəcək. Bu Qələbənin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi şücaətlər danılmazdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.İkinci Dünya müharibəsində Tovuzdan 7790 nəfər iştirak edib, onlardan yalnız 3612-si sağ qayıdıb. Tovuz keçmiş SSR-də yeganə rayonlardandır ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçib, qorxmazlıqları və şücaətləri ilə bu ada layiq görülüblər. Hazırda rayonda hər 3 Sovet İttifaqı Qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar Parkında onların büstləri qoyulub. Bu qəhrəmanlardan biri də   Qələmini Silahla əvəz edən müəllim Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyevdir.

Məstan Əliyev, bir tərəfdən müharibənin cəbhələrində göstərdiyi fədakarlıqla tanınan bir qəhrəman, digər tərəfdən isə təhsil və sosial həyatda önəmli bir şəxsiyyət olaraq yadda qalır. Onun müharibə zamanı göstərdiyi igidlik, yalnız onun şəxsiyyəti ilə əlaqəli deyil, eyni zamanda Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlıq ənənələrini nümayiş edir. Onun həyatı və müharibə dövrü, bu gün də xalqımız tərəfindən böyük hörmətlə yad edilir.Məstan Əliyev, 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində doğulmuş və Azərbaycan xalqı üçün önəmli şəxsiyyətlərdən biridir. Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsi başlayanda, 47-ci ordu tərkibində cəbhəyə göndərilib. Onun döyüş yolları Berlin ətrafında baş verən qızğın döyüşlərlə bağlı olub.1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmiş Məstan Əliyev, xüsusilə 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilindəki döyüşdə böyük qəhrəmanlıq göstərmişdir. Bu döyüşdə onun komandanlığı altında olan bölmə 72 əsgər və zabiti əsir götürüb, Məstan Əliyev şəxsən 20-dən çox faşist hərbçisini məhv edib.Bununla yanaşı, Məstan Əliyev 1945-ci ilin 23 aprelində Berlin uğrunda döyüşlərdə həlak olub. Onun döyüşlərdəki qəhrəmanlığı və fədakarlığı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb.Onun qəhrəmanlığı və müharibə zamanı göstərdiyi fədakarlıq Sovet İttifaqı tərəfindən yüksək qiymətləndirildi.Məstan Əliyevin müharibədə göstərdiyi cəsarət və qəhrəmanlıq, Azərbaycanın və Sovet İttifaqının qəhrəmanlarından biri kimi tarixə düşməsinə səbəb olmuşdur. Onun adı, yalnız döyüş meydanında deyil, həm də Azərbaycan xalqının tarixinə yazılmışdır.

 

                                                              Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədri

                                                              polkovnik   Cəlil Xəlilov       

2025-01-14 10:32:27
3608 baxış

Digər xəbərlər

Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.  

Hamısını oxu
“QHT-lər sülh və əməkdaşlıq prosesinə töhfə verməli, diplomatiyamızın fəaliyyətini dəstəkləməlidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasında çıxış edib, QHT-lərin sülhün, ədalətin bərqərar olmasında oynaya biləcəyi rola diqqət çəkib. Hikmət Hacıyev qeyd edib ki, QHT-lər diplomatik kanalların səylərini daha yaxından dəstəkləyə, cəmiyyət və icmaların səsinin qlobal səviyyədə daha yaxşı eşidilməsinə töhfə verə bilər. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Hikmət Hacıyevin məlum çıxışının QHT-lər, vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda Cənub QHT Platformasının  ilk Baş Assambleyasındakı çıxışı, bu çıxış zamanı səsləndirdiyi fikirlər QHT-lərin gələcək fəaliyyət strategiyasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hörmətli Hikmət müəllim öz çıxışında QHT-lərin xalqın və dövlətin həyatındakı rolunun daha səmərəli, daha optimal ola biləcəyi ilə bağlı fikrlər səsləndirib, diplomatiya ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi məsələlərə böyük töhfə verə biləcəyini vurğulayıb. O, qeyd edib ki, QHT-lər diplomtik kanalalrın səylərini dəstəkləyə, bununla da ümumi işə daha çox fayda verə bilər. Hesab edirəm ki, Hikmət Hacıyevin məlum açıqlaması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, eləcə də bütün digər QHT-lərin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasına dövlət siyasətini, ölkə diplomatiyasını daha sıx şəkildə dəstəkləmək, sülh və ədalətin təntənəsi üçün daha effektiv və koordinasiyalı fəaliyyət ortaya qoymaq, cəmiyyətin səsinin beynəlxalq müstəvidə daha aydın eşidilməsi üçün səy göstərmək və s. daxildir. Digər mühüm məqam QHT-lərin koordinasiyalı şəkildə, birlik halında fəaliyyət göstərməsinin, strateji məsələlərdə öz səylərini birləşdirməsinin vacibliyi ilə bağlıdır. Bu cür ortaq fəaliyyət qarşıya qoyulan məqsədə daha tez çatmaq, daha fundamental nəticələr ortaya qoymaq baxımından önəmldir. İnanıram ki, QHT-lərimiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çağırışından gərəkli nəticə çıxaracaq və diplomatiyamızın fəaliyyətini daha yaxından dəstəkləyəcəklər. Dövlətimiz əmin ola bilər ki, bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi fəallıq göstərəcək, milli maraqlarımızın və bəşəri dəyərlərin müdafiəsində əlindən gələni əsirgəməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan gəncliyi şərəf və ləyaqət simvoluna çevrilib

Hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı – həlledici rol oynayan qüvvələrdən biri gənclərdir. Gənclik enerjisi quruculuğa yönləndiriləndə, onların potensialından zamanında, yerində və səmərəli istifadə olunanda rifah, inkişaf, firavanlıq əldə etmək, etibarlı gələcək inşa etmək mümkün olur. Azərbaycan xalqı da bu baxımdan şanslı və xoşbəxtdir. Çünki ölkəmizdə sağlam, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda gəncliyin formalaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət, qayğı göstərilir. Biz haqlı olaraq qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Çünki O, qüdrətli dövlət yaratmağa müvəffəq olub, gələcəyin Azərbaycanını inşa edib, həmçinin xalqımızın, dövlətimizin sabahı olan sağlam gəncliyin formalaşması naminə misilsiz işlər görüb. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd etdiyimiz 2 Fevral – Gənclər Günü Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. Bu,  dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir. Ulu Öndər gəncliyin inkişafı ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalayıb, ölkəmizdə müasır çağırışlara uyğun dövlət proqramları icra olunub. Müasir çağırışlara və reallıqlara əsaslanan bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bir çox layihə və proqramların reallaşdırılması gənclərin müxtəlif sahələrdə fəallığının artmasına, ölkəmizi beynəlxalq arenada layiqincə etməsinə geniş imkanlar yaradıb. Ən əsası, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni – Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir. Əminliklə demək olar ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da Vətən – qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Oktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar. Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.

Hamısını oxu