Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib.

“Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.

Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır.

Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir.

Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.

Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.

Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

2025-02-07 11:18:22
3381 baxış

Digər xəbərlər

Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.   Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Hamısını oxu
Şəhid generala ithaf

Iyulun 12-də Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova daha bir mahnı həsr edilib. Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan mahnı "Paşam, hey" adlanır. Mahnının musiqisi Faiq Şücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnı hərbi mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlı tərəfindən ifa edilib.

Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib

Plenumda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib Bakı, 16 fevral, AZƏRTAC Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib. C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib. Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib. Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər münasibətilə ölkəmizin çoxsaylı veteranları adından Sizi - bu Qələbənin memarını ürəkdən təbrik edirik. Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan bu Qələbəyə doğru çətin və şərəfli yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbr və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda müqəddəs Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz. Siz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, ölkə vətəndaşlarını öz ətrafınıza səfərbər edərək milli birlik formalaşdırdınız. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız. Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular. Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etdi, torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və milli təhlükəsizliyinin bərpasına nail oldu. Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz. Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə qürur duyur. Əminik ki, yüz illər bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər. Bu gün Siz ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları və veteranlar adından Sizə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.     

Hamısını oxu
Şəhidimiz dəfn olundu

Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi Tovuz şəhərində - Şəhidlər Xiyabanında torpağa tapşırılıb.  38 yaşlı şəhidimizin dəfn mərasimində rayonun Qazıqulu kənd sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları iştirak ediblər. 15:31   Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonu Qazıqulu kəndində torpağa tapşırılacaq.  Hazırda 38 yaşlı şəhidimizin nəşi dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. 13:58 Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli oğlu Məmmədov son mənzilə yola salınır.  Rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.   Dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. video-1, video-2,  Könül Cəfərli   

Hamısını oxu