Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

CƏLİL XƏLİLOV: “Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:

 

“Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.

 

Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.

 

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:

 

“Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz.

Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.

 

2025-02-12 10:57:44
3328 baxış

Digər xəbərlər

Azərbaycana milləti təmsil edə biləcək vəkillər lazımdır

Hazırda bütün ölkənin diqqəti bir neçə gün sonra baş tutacaq mühüm siyasi hadisəyə - 9 fevral 2020-ci ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə erkən seçkilərə yönəlib. Bu seçkilərdə iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış şəxslərlə bağlı yayılan informasiyalar düzlüyündən, yaxud səhvliyindən asılı olmayaraq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Hər namizədin özünü daha şanslı və layiqli sayması iddiasından tutmuş, seçicilərə verilən müxtəlif səpkili, hətta fantastik vədlərə qədər hər şey diqqət mərkəzindədir. Başqa bir maraqlı məqam əksəriyyətin nəinki şüarlarının, hətta platformalarının da aşağı-yuxarı eyni olmasıdır. Özlərini ölkədə başlanmış dəyişikliklərin aparıcı qüvvəsi kimi təqdim edən bəzilərinin bunu hansı potensialla, yaxud təcrübə ilə həyata keçirəcəkləri sualının əsasən cavabsız qalması da digər oxşar cəhətdir. Bu kontekstdə seçki kampaniyası ölkə mediasından daha çox sosial şəbəkələrdə birtərəfli “debatlar” və monoloqlar şəklində çoxdan qaynamaqda və getdikcə artan hərarəti ilə qazanın qapağını böyük təzyiqlə yuxarıya sıxmaqdadır.  Ancaq bir məsələdə rəylər yekdildir: parlamentin dəyişilməsi həqiqətən keyfiyyət xarakterli olmalıdır. Xalqın, dövlətin hazırkı seçkilərdən gözlədikləri də məhz budur. Təbii ki, çoxsaylı namizədlər arasında həqiqətən layiqli, fəaliyyətləri və keçdikləri həyat yolu ilə Azərbaycan cəmiyyətində kifayət qədər tanınanlar, hörmət, nüfuz sahibi olanlar da var. Yaxşı ki, var. Həm də nə yaxşı ki, onların fiziki səsləri bir çox hallarda hazırkı ümumi hay-küy fonunda zəif eşidilsə də, xalqın qəlbində, yaddaşında artıq iz salan əməlləri uca səslə danışmaq qüdrətindədir və danışır. Əslində, onların tanınmaq üçün xüsusi təqdimata, təşviqat xarakterli materiallara ehtiyacları yoxdur desək, yanılmarıq. Təqdimatsız da yaxşı bələd olduğunuz tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərov kimi. Bu ad Azərbaycan tarixi ilə bağlı araşdırma aparanlara, tarixçi alimlərə ötən əsrin 80-ci illərindən tanışdır. Ancaq Anar İsgəndərovu elmi ictimaiyyətin diqqət mərkəzinə gətirən və bütün ölkədə tanıdan Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bir il əvvəl, 1990-cı ildən etibarən apardığı elmi tədqiqat işləri və bunların nəticəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı ardıcıl dərc edilən elmi məqalələri, 2 monoqrafiyası və kitablarıdır. Bunların arasında tarixşünaslığımızda ilk dəfə tədqiq olunaraq geniş Azərbaycan ictimaiyyətinə çatdırılan 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar tarixinə dair əsəri xüsusi qeyd etmək olar. Alimin həmin tədqiqatların əsasında yazdığı “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlı monoqrafiyası (doktorluq dissertasiyası) 2006-cı ildə çap edilmişdir. Yüksək elmi dəyəri olan bu əsər mövzunun sonrakı tədqiqatları üçün mənbə bazası olması ilə diqqətəlayiqdir. Monoqrafiyanın digər mühüm məziyyəti XX əsrin başlanğıcı və ikinci onilliyinin sonlarında guya soyqırıma məruz qalmış ermənilərin yalanlarını ifşa etməklə qalmayaraq, bu iddiaların tamamilə əksinin sübuta yetirilməsi baxımından həm Azərbaycan, həm də Türkiyə üçün əsaslı tutarqa olmasıdır. Anar müəllim türk-müsəlman soyqırımı problemləri sahəsində hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri və Amerika tarixçisi Castin Makkarti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticələrindən biri Yusif Axundovun tərcüməsində işıq üzü görmüş “Realities of Azerbaijan 1917–1920” (Foreword by Justin McCarthy) kitabıdır.   Anar İsgəndərov Cümhuriyyət tarixinin bir çox mövzularının işlənməsində ilkə imza atanlardandır. Əksər araşdırmalarının və elmi yaradıcılığının aparıcı mövzusunun Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlılığı hər bir tədqiqatçı, eləcə də Anar müəllim üçün qürurverici olduğu qədər də məsuliyyətlidir. Aylarla müxtəlif arxivlərdə işləməli, mənbələri dəqiqləşdirməli, hər bir detalı dönə-dönə yoxlamalı, müqayisə etməli olursan. Məhz buna görədir ki, onun qələmindən çıxan elmi məqalələrin hər biri mübaliğəsiz olaraq Azərbaycan tarixşünaslığının uğuru, fikir tariximizə verilmiş sanballı töhfə olur. “Elm və təhsil” nəşriyyatında 2012-ci ildə çapdan çıxmış “Azərbaycan həqiqətləri” kitabı bu mənada növbəti addım sayıla bilər. Onun barəsində artıq seçicilərinə yaxşı məlum olan digər məlumatları təkrarlamaq istəmirəm. Nə əslən Masallı rayonunun Böyük Kolatan kəndində olmasını, nə 1984-cü ildən pedaqoq kimi çalışdığı Bakı Dövlət Universitetində 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri seçilməsini, nə də digərlərini. Ancaq onun əməyinə verilmiş yüksək qiymət kimi Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni, “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” medallarını mütləq qeyd etməliyəm. Çünki bunlar Anar İsgəndərova bir alim və vətəndaş kimi dövlətin verdiyi dəyərdir və bununla qürur duymağa tam haqqı çatır. Xüsusilə əlamətdardır ki, adı çəkilən ordenlə o, təltif barədə təqdimatda qeyd edildiyi kimi, "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" layiq görülüb.  Əlbəttə, professor A.İsgəndərovun 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin Baş naziri adından qol saatı və «Altun» medalı, 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunması da qürurvericidir. Bu mükafatlar 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın müəllifi olan bir insanın şəxsində Azərbaycan elminə qardaş ölkənin verdiyi yüksək qiymətdir. Elmi konfranslarda uğurlu iştirakına görə, o, çoxlu belə təltiflərə layiq görülüb. Anar İsgəndərovun seçicilərin problemlərinə özününkü kimi yanaşacağını qeyd etməyə də xüsusi lüzum yoxdur, çünki kənd yerində, sadə ailədə böyümüş bir insan kimi bu qayğılar, əhalinin iş, güzəran problemləri, arzu və istəkləri ona yaxşı tanışdır. Ancaq o, bir ziyalı kimi gözəl anlayır və əmindir ki, ayrılıqda götürülmüş kənd, şəhər, hətta region səviyyəsində problemlərin hərtərəfli həlli iqtisadi baxımdan daha güclü Azərbaycandan keçir. Hazırda ölkədə bütün sahələrdə başlanmış dəyişikliklərin də məqsədi əslində budur və bu ümumi işə parlament səviyyəsində töhfə verilməsi üçün onun kimi xalqını, Vətənini sevməklə kifayətlənməyib, onu inkişaf etdirməyi bacaracaq insanların Milli Məclisə seçilməsi lazımdır. Milli Məclis ölkə həyatının bütün sahələrini əhatə etdiyindən burada əsl peşəkarlar təmsil olunmalıdırlar. İqtisadi, sosial, yaxud elm-təhsil olsun, yalnız peşəkarlar həmin sahənin inkişafına töhfə verə bilərlər. Bəlağətli səslənsə də, danılmaz həqiqətdir ki, millət, Vətən fədakar, ancaq öz işini kamil bilən insanların çiynində ucalır, tanınır (bizim halda həm də tanıdılır). Yalnız belə insanlar xalqın, Vətənin haqqını müdafiə etməyi bacarırlar. Dünən də, bu gün də doğma Azərbaycanımızın bu cür bilik və təcrübə sahiblərinə ehtiyacı olub və olacaq. Ölkə ərazisinin 20 faizinin Ermənistan Respublikasının işğalı altında olduğu, ermənilər və digər düşmən qüvvələr tərəfindən torpaqlarımızda törədilmiş bir çox faciələrin, soyqırımların hələ də beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin qanunvericilik orqanları tərəfindən hüquqi baxımdan icrası məcburi olan sənədlər səviyyədə qəbul edilmədiyi bir vaxtda Azərbaycan dövlətinə dəstək məqsədi ilə sözünü istənilən səviyyədə deməyi və başlıcası qəbul etdirməyi bacaran şəxslərə böyük ehtiyacımız var. Ona görə də bizlər yüksək zəka, nüfuz sahibi, mükəmməl mütəxəssis olan, Azərbaycanı, onun xalqını və dövlətini bütün səviyyələrdə təmsil etməyi bacaran insanlarımızı millət vəkilləri seçməliyik. Deputatlığa namizədliyi 71 saylı Masallı kənd seçki dairəsindən qeydə alınmış Anar İsgəndərovun seçiciləri belə bir millət vəkili seçmək imkanına malikdirlər. İnanıram ki, onların doğru seçimi Anar Camal oğlu İsgəndərova Milli Məclisin deputatı mandatını qazandırmaqla, layiqli namizədə Azərbaycan naminə xidmətdə yeni imkan yaradacaqdır. Lətif Şüküroğlu, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü. Veteranlar da 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyi qeydə alınmış Anar İsgəndərovun  Azəarbaycan Respublikası Milli Məclisinin deputatı ceçilməsini dəstəkləyirlər.

Hamısını oxu
İtaliyada azərbaycanlı partizanların xatirəsi anılıb

İtaliyanın Lombardiya regionunun Berqamo əyalətində yerləşən Monte-di-Neze kəndində faşistlər tərəfindən 1945-ci ilin aprelində qətlə yetirilən 120 azərbaycanlının xatirəsi anılıb. Bu barədə Azərtac-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Alzano Lombardo bələdiyyəsinin sədri Kamillo Bertokki və ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış edib, 81 il öncə baş vermiş hadisələrdən danışıblar. V.Hacıyev o zaman azərbaycanlıların evlərindən qayıtmaq ümidi ilə ayrıldıqlarını, amma taleyin onları əbədi olaraq bu dağların keşikçiləri olmağa yönəltdiyini deyib. O, sözügedən tədbirin məhz həmin insanların xatirələrinə ehtiram olduğunu ifadə edib.  

Hamısını oxu
“Ermənistanın şərti sərhəddə qoşun cəmləməsi İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”

“Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi açıq-aşkar İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlarla bəzi məqsədlərə çatmağa çalışdığı şübhəsizdir:  “Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları bu kimi təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Bu işdə Ermənistan qədər onun xaricdəki himayədarları da maraqlıdırlar. Artıq mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntülər paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlıında olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür. Aprelin 1-də Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması planlaşdırılan təxribatların tərkib hissəsidir. Ermənistan ordusunun şərti dövlət sərhədlərində cəmləşdirldiyini nəzərə alsaq, bu kimi təxribatların yaxın günlərdə təkrarlanacağı istisna deyil.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, bölgədə baş verə biləcək mümkün insidentlərə görə məsuliyyət birmənalı şəkildə Ermənistan və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dövləti, onun Silahlı Qüvvələri xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyümüzə, suverenliyimizə yönəlik hər cür təhlükənin qarşısını almağa qadirdir. Əgər Ermənistan ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, o zaman bu təxribatın qarşısını bir neçə misli ilə alacaq”.  

Hamısını oxu
Heydər Əliyevdə ilahi bir güc vardı – dayısı qızından diqqətçəkən açıqlamalar

Bu gün Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Məhz bu səbəbdən Heydər Əliyevin dayısı qızı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, Respublika YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanı redaksiyamıza qonaq edib, həmsöhbət olduq. Zərifə xanımla müsahibəni təqdim edirik: — Zərifə xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Koreya Şərq Təbabəti Klinikasında çalışırdınız. Hazırda da həkim kimi çalışırsınız? — 12 il Koreya Şərq Təbabəti Klinikasında baş həkim olmuşam. Mən hazırda yazıçı-publisist kimi fəaliyyət göstərirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Uzun illərdir kitablar yazıram. İndiyə qədər səkkiz bədii kitabım çap olunub. 44 günlük Vətən müharibəsindən sonra düşündüm ki, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Buna görə də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab yazdım. Kitab həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılandı. Daha sonra Vətən müharibəsi və şəhidlərimiz haqqında kitablar yazdım. Şəhid ailələri və qazilərlə daim görüşür, onların yanında olmağa çalışıram. Şəhid ailələrini Şuşaya, Ağdama və Xankəndiyə aparmışıq. Onlar övladlarının uğrunda can verdiyi torpaqları görəndə həm kövrəlirdilər, həm də qürur hissi keçirirdilər. — Heydər Əliyevi yaxından tanıyan bir qohumu - dayısı qızı kimi necə xarakterizə edərdiniz? — Heydər Əliyev Azərbaycanın qurucusu, memarı və xalqın qoruyucusudur. Belə bir dahi şəxsiyyəti Ulu Tanrı Azərbaycanın gələcəyi üçün yaratmışdı. Heydər Əliyev haqqında danışmaq hər bir insan üçün böyük şərəfdir. Çünki o, Azərbaycana sabitlik, inkişaf və gözəllik gətirib. Xalqımıza nəfəs, əmin-amanlıq və sakitlik bəxş edib. Bu gün biz qürurla deyirik ki, suveren və müstəqil Azərbaycanda yaşayırıq. Amma bir zamanlar Azərbaycan çox ağır günlər yaşayırdı. Qardaş qırğını, faciələr və qarışıqlıq hökm sürürdü. 20 Yanvar faciəsi və Xocalı faciəsi xalqımızın başına mənfur qüvvələr tərəfindən gətirilmiş ağır müsibətlər idi. Biz həmin dövrlərin canlı şahidiyik, baş verənləri öz gözlərimizlə görmüşük. 20 Yanvar faciəsi zamanı xalq özünü dayaqsız və gücsüz hiss edirdi. Azərbaycan xalqı sanki atasız-anasız uşaq kimi idi. Məhz həmin vaxt Heydər Əliyevin çıxışı xalq üçün ümidə çevrildi. Məncə, bu sadəcə müsahibə deyildi, bir bəyanat idi. O, bütün dünyaya bəyan etdi ki, xalqının üstünə silahla gəliblər, torpaqlarımız işğal olunub, amma Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. O dövrdə ordumuz zəif idi, ölkədə ciddi idarəetmə böhranı yaşanırdı. Təsadüfi rəhbərlər yalnız “kreslo davası” aparırdılar. Xalq başsız qalmışdı. Mən Yanvar faciəsində şəhidlərin dəfn mərasimlərinin canlı şahidi olmuşam. Heç bir rəhbər xalqın önünə çıxmırdı. Amma Heydər Əliyev səfirliyə gəlib o tarixi bəyanatı verdi və xalq hiss etdi ki, onun lideri, dayağı var. — Heydər Əliyevlə hansı maraqlı xatirələriniz var? — Ailəlikcə onlara tez-tez gedirdik. Heydər Əliyev işdən gec çıxırdı. Biz oraya ailə üzvü kimi gedirdik. Onunla daha çox atamın işi olurdu, çünki hərbçi idi və DTX-də çalışırdı. Onu deyə bilərəm ki, Heydər Əliyev olduqca zəhmli, dağ kimi bir adam idi. Ancaq onunla söhbət edəndə ürəyinin necə yumşaq olduğunu görmək olurdu. Onunla söhbət etdikdə sizinlə birlikdə gözü dola bilirdi. Universiteti bitirəndə Zərifə Əliyeva çox istəyirdi ki, göz həkimi olum. Mən də “Yox, Zərifə xanım, mən göz həkimi kimi işləyə bilmərəm, əlimdən fəsadlar yaranar” dedim. O da “özün bilərsən, hansı istiqaməti istəyirsən seç” dedi. Bir gün görüşlərin birində söz düşdü, Heydər Əliyev dedi ki, bu qız gərək orqanda işləsin. Məhz bundan sonra tapşırdı, Nizami rayon partiya komitəsində şöbə müdiri təyin olundum. Bu gün də fəxr edirəm ki, Heydər Əliyev mənə belə yüksək qiymət verib. Onu da deyim ki, 1969-cu ildə, hələ cənab Prezident İlham Əliyevin 8 yaşı olduğu bir dövrdə o, özünün ciddi xarakteri və çalışqanlığı ilə seçilirdi. Şıltaqlıq etmir, dərsləri ilə məşğul olurdu. — Xalqın Heydər Əliyevi hakimiyyətə çağırdığı dövrə canlı şahidlik etmisiniz. O günləri bir də sizdən dinləmək istərdik… — 1993-cü il hadisələri Azərbaycan üçün çox ağır və həlledici dövr idi. Ölkənin 20 faizi işğal altında idi, müharibə gedirdi. Bir tərəfdən “Sadval” hərəkatı, digər tərəfdən qondarma “Talış Respublikası”, digər tərəfdən isə müxtəlif silahlı qüvvələr ölkəni parçalamağa çalışırdı. Belə bir vəziyyətdə xalq çox düzgün qərar verdi və Heydər Əliyevə üz tutdu. Çünki xalq anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük təcrübəyə malik lider çıxara bilər. Heydər Əliyev özü də deyirdi ki, ona vəzifə lazım deyil. O, xalqın çağırışı ilə Bakıya gəldi və ölkəni böyük təhlükədən xilas etdi. Heydər Əliyevdə ilahi bir varlıq vardı. Sanki o, bir peyğəmbər kimi Allah tərəfindən göndərilmişdi. Ən çətin anlarda o, Azərbaycan xalqının yanında olurdu. — Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? — Heydər Əliyev bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı üçün böyük işlər görüb. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. İnsanlar çörək növbəsinə dayanırdı. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə böyük dəyişikliklər başladı. Sənaye inkişaf etdi, kənd təsərrüfatı dirçəldi, təhsil və səhiyyəyə xüsusi diqqət ayrıldı. O həmişə, hər yerdə azərbaycanlılara dəstək verirdi. O dövrdə kondisioner zavodu açılanda zavodun tamamilə Azərbaycanda fəaliyyət göstərməsinə nail oldu. Bu çox vacib bir məsələ idi. Beləliklə də, fayda bizə qalır, insanların iş imkanları artırdı. O, hər zaman deyirdi: “Mən ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm. Əgər mən bunu tamamlaya bilməsəm, mənim davamçılarım bu yolu davam etdirəcəklər.” — Bəs Zərifə Əliyeva haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız? — Zərifə xanım çox böyük alim və çox böyük insan idi. O, xalqın sağlamlığı üçün misilsiz xidmətlər göstərib. Bir zamanlar Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı və insanlar arasında korluğa səbəb olurdu. Zərifə xanım bu xəstəliyin aradan qaldırılması üçün böyük tədqiqatlar apardı, laboratoriyalar yaratdı və nəticədə bu xəstəlik demək olar ki, yox edildi. O, Sovet İttifaqının ən nüfuzlu tibbi mükafatlarından biri olan Averbax mükafatına məhz buna görə layiq görülmüşdü. Zərifə Əliyeva təkcə alim deyildi, həm də çox qayğıkeş, humanist və yüksək mənəviyyata malik bir insan idi. — Heydər Əliyevin ailə başçısı kimi xüsusiyyətləri barədə nə deyə bilərsiniz? — Heydər Əliyev təkcə böyük dövlət xadimi deyil, həm də gözəl ailə başçısı idi. O, hər zaman ailəsinə bağlı insan olub. Deyirdi ki, onun ən böyük dayağı Zərifə xanımdır. Bu gün biz həmin tərbiyənin nəticəsini İlham Əliyevin ailəsində də görürük. Ailə dəyərləri, milli-mənəvi prinsiplər qorunur və gələcək nəsillərə ötürülür. — Azərbaycanın bu gününü necə qiymətləndirirsiniz? — Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişaf etməsinin əsasında Heydər Əliyevin siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bunun ən böyük nümunəsidir. Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə böyük qətiyyət nümayiş etdirdi. Xalq da dövlət başçısının ətrafında sıx birləşdi. Hər bir kənd və şəhər azad olunanda xalq böyük sevinc yaşayırdı. Hamı səbirsizliklə Prezidentin çıxışlarını gözləyirdi. Bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Azərbaycanın mədəniyyətini, musiqisini və muğamını beynəlxalq səviyyədə təbliğ edir. Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Arzu Əliyeva isə mədəniyyət və kino sahəsində mühüm layihələr həyata keçirir. Bu ailə hər zaman dövlət və xalq üçün çalışıb. — Sonda nə demək istərdiniz? — Qızlarımıza məsləhtim odur ki, Zərifə xanım Əliyevanı özlərinə kumir götürsünlər. Zərifə Əliyeva elə bir şəxsiyyətdir ki, onun saysız-hesabsız müsbət xüsusiyyətləri var. O, ideal bir insan nümunəsidir. Mən öz həyatımda onu həmişə ideal seçmişəm. Çünki həm gördüyü işlər, həm insanlarla münasibəti, həm də mənəvi dünyası hər bir qadın üçün örnəkdir. İstəyərdim ki, xanımlarımız Zərifə Əliyevaın həyat yolundan nümunə götürsünlər. Onun ailədəki mövqeyi, ictimai fəaliyyəti, insanlara münasibəti, xəstələrə göstərdiyi qayğı – bütün bunlar örnəkdir. Cəmiyyətimizin belə nümunələrə ehtiyacı var. Mən özüm də uzun illər onu idealım hesab etmişəm. Son dövrlərdə isə Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. O, qadınlara geniş imkanlar açır, onların ictimai həyatda daha fəal iştirakına dəstək verir. Azərbaycanın mədəniyyətini və milli-mənəvi dəyərlərini dünyada layiqincə təmsil edir. Bu fəaliyyətlər gənclərimiz və xanımlarımız üçün böyük motivasiyadır. Heydər Əliyev isə hər bir sahədə böyük məktəbdir. Onun həyat yolu, düşüncələri və çıxışları bu gün də insanlara yol göstərir. Hər cümləsində dərin məna var. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri sadəcə bir cümlə deyil, böyük bir ideologiyadır. Bu çağırış insanları milli kimliyini sevməyə, ana dilini, milli-mənəvi dəyərlərini və Vətənini qorumağa səsləyir. Vətən anlayışı bizim üçün müqəddəsdir. Ona görə də “ana Vətən”, “ana torpaq” deyirik. Çünki insan üçün ana necə əzizdirsə, torpaq da o qədər müqəddəsdir. Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan dövlətinə və xalqına xidmət etdi. Onun Azərbaycan haqqında söylədiyi fikirlər bu gün də xalqımızın yaddaşında yaşayır. O, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir. Modern.az  

Hamısını oxu