Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb. 

Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib.

İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər.

Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər.

Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.

İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar.

Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub.

Seymur ƏLİYEV

 

2025-03-25 20:21:29
3049 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.  Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını  bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
“Azərbaycan Vətən müharibəsində onu dəstəkləyən dost Pakistanla əməkdaşlıqda maraqlıdır”

Arzu Nağıyev: “Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan işğalçı dövlətlə bütün diplomatik əlaqələri kəsib” Bugünlərdə Azərbaycan hərbçiləri Pakistandakı paradda iştirak edib, dost dövlətlə həmrəylik sərgiləyiblər. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva arasındakı görüşdə iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edilib. Maraqlıdır, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin maraqları baxımından nə dərəcədə önəmlidir? Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Azərbaycanın bütün dost dövlətlər, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maarqlı olduğunu bildirib: “Bir sıra dövlətlər var ki, bizim həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi və hərbi əməkdaşlığımız mövcuddur. Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Pakistan hərbi baxımdan da güclü bir dövlətdir. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bizim bir sıra dövlətlərlə yanaşı, Pakistanla da müəyyən silah-sursatın idxalı ilə bağlı müqavilələrimiz mövcuddur.   44 günlük Vətən müharibəsaində Pakistan bizə mənəvi dəstək verən islam dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə münasibətimiz yüksək səviyyədədəir. Pakistanla münasibətlərimiz də kifayət qədər qənaətbəxşdir. Azərbaycan və Pakistan arasında humanitar sahədə də geniş əməkdaşlıq var. Heydər Əliyev Fondunun Pakistanın bir sıra qurumları ilə əlaqəsi buna nümunədir. Bu gün Pakistan hərbi qüdrətinə görə dünyanın ən güclü dövlətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bizim Pakistanla effektiv əməkdaşlığımız mövcuddur. Pakistandakı paradda Azərbaycanın müdafiə nazirinin iştirak etməsi, hərbçilərimizin bu paradda təmsil olunması faktı da göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən hər bir dövlətlə, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hansı ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Pakistanın dövlət maraqlarına tam cavab verir”. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir

ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirilib. Hər zaman vətənin keşiyində dayanan veteranların bu gündə sırada olduğu vurğulanıb. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, layihələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib. Hafiz Paşayevdə Respublika Veteranlar Təşkilatının ölkəmizin veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçısı olduğunu bildirib. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdliyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd edib. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirib. Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparılıb. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulanıb. Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olunub. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edilib.

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə aprelin 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kinorejissor Vaqif Mustafayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli televiziya filmi nümayiş etdirilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib. “Ulu öndər Heydər Əliyev zamanın fövqündə duran, illər keçdikcə dühası və əzəməti daha parlaq şəkildə görünən qüdrətli şəxsiyyətlərdəndir”, - deyən C.Xəlilov vurğulayıb ki, Ümummilli Lideri xalqın, dövlətin tarixində əbədi yaşadan mühüm cəhətlərdən biri onun Azərbaycanın ən çətin zamanlarında xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu yeni inkişaf mərhələsinə çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenauer və digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin ictimai-siyasi, sosial-iqtisadi problemlərə, cəbhədəki uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş müharibəsi təhlükəsinə toxunan C.Xəlilov bildirib ki, belə ağır vəziyyətdə xalqın imdadına məhz ulu öndər Heydər Əliyev yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da daxili və xarici düşmənlərimizin bütün planları puça çıxdı. Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrilmək yoluna qədəm qoydu. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi və iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.   Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyev haqqında çəkdiyi filmin dahi şəxsiyyətin həyat və fəaliyyətini dolğun əks etdirən ən maraqlı ekran əsərlərindən biri olduğunu vurğulayıb. Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı zəngin tarixi ərzində bir sıra görkəmli şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər qoyub. Bütün fəaliyyəti dövründə “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipinə əsaslanan Heydər Əliyev ümumxalq mənafeyini hər şeydən üstün tuturdu. Ulu Öndərin həyatına, fəaliyyətinə nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Heydər Əliyev xalqının Ümummilli Lideri səviyyəsinə yüksələnə qədər mühüm vəzifələrdə çalışıb, zəngin həyat yolu keçib. Xüsusi xidmət orqanlarında uğurlu fəaliyyətdən sonra sovet dövründə Azərbaycana rəhbərlik edib, daha sonra keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin hər iki dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışıb. Müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu uğurları şərtləndirən əsas amil Heydər Əliyevin həmişə xalqa arxalanması olub.  Prezident Administrasiyasının rəsmisi bildirib ki, dahi şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin və xalqın orduya qayğısı yüksək səviyyədə olmalı və bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı. “Ötən il biz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyini dövlət səviyyəsində qeyd etdik. Müstəqilliyin bərpasından ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu uğur dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində əldə olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub”, - deyə Ərəstun Mehdiyev bildirib. Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, veteranlar Vladimir Timoşenko, Tofiq Ağahüseynov, kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı, Heydər Əliyev haqqında sənədli televiziya filmlərinin müəllifi Vaqif Mustafayev və digərləri çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ümummilli Liderimizin tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan gənclərimiz dahi rəhbərin siyasi xəttini uğurla davam etdirərək, Azərbaycana yeni uğurlar qazandıran Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Sonda Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin qərarı ilə kinorejissor Vaqif Mustafayev  “Veteran həmrəyliyi” medalı ilə təltif olundu. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev medalı Vaqif Mustafayevə təqdim etdi

Hamısını oxu